Məhkəmə qərarları › İş №2(103)-1469/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1469/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1469/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(009)-1184/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh iddiaçının oğludur. İddiaçı hazırda təqaüdçüdür və xəstədir. Cavabdeh ilə ayrı yaşayırlar. İddiaçı pensiya alır və başqa gəlir yeri yoxdur. Onun cavabdehdən başqa eyni zamanda 4 övladı vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona bir müddət baxsa da, hazırda onun qayğısına qalmır. Cavabdehin özünün daş sexi var və kifayət qədər aylıq gəliri var.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyul 2022-ci il tarixli, 2(009)-1184/22 saylı qətnaməsi ilə (hakim Rüstəmli İlkin) iddia tələbi qismən təmin edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1;82.2; 82.3;82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 40 manat məbləğində sabit aliment iddiaçının maddi ehtiyaclarını qətiyyən qarşılamır və bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbayvan Respublikasının Ailə Məcəlləsi

11. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

12. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

13. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

14. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

24. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 40 manat məbləğində sabitpul məbləğində aliment iddiaçının maddi ehtiyaclarını qarşılamadığı üçün yetərsizdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslıdır. Belə ki, İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxsdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 40 manat məbləğində sabit aliment iddiaçının hazırki vəziyyətdən təminat səviyyəsini mümkün qədər tənzim etmək üçün kifayət deyildir.

26. Azərbaycan Respublikasının Ailə qanunvericiliyinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən müəyyən edilərkən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, övladların valideynlərini saxlamaq öhdəliyinin yaranması üçün onlar yetkinlik yaşına çatmalı və əmək qabiliyyətli olmalı, valideynin əmək qabiliyyəti olmamalı və maddi yardıma ehtiyacı olmalıdır. Əgər övlad bu göstərilən hallar daxilində vəzifəsini icra etməkdən boyun qaçırarsa, valideynini saxlamaq üçün məhkəmə qaydasında ondan aliment tutula bilər. 27.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» xx.xx.2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

28. İşin müəyyən edilmiş faktiki hallarına sadalanan maddi hüquq normalarını tətbiq etməklə kollegiya hesab edir ki, iddiaçı pensiya almasına baxmayaraq onun hazırki vəziyyəti, əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması, səhhəti ilə bağlı müəyyən müalicə və dərman xərclərinin ödənilməsi halında başqa ehtiyaclarının ödənilməsində çətinlik yaranmasını bir valideyn kimi onun mənafeyini nəzərə almaqla məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmaqla dəyişdirilməlidir. Məhkəmə həmçinin həmin məbləğ məhz iddiaçının iddiasında qeyd edilən məbləğdə təmin edilməsini də qanuni və əsaslı hesab etməməklə, o cümlədən məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğini də ədalətli və ağlabatan hesab etmir.

29. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin 100 manat məbləğində müəyyən edilməsi ədalətli və ağlabatandır. Bu halda kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(009)-1184/22 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh 11 may 2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulan alimentin məbləği 100 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar