Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-147/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abbasqulu qızının cavabdehlər Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya dair mübahisələr”ə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4119/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Abbasqulu qızı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya dair mübahisələr” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair “xxxx” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində “xxxx” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1540/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 378015 manat alınaraq "xxxx" ASC-nə ödənilməsi, tutma tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı Abbasqulu qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə yönəldilməsi və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1540/2014 saylı, 23 oktyabr 2014 sayli, 23 oktyabr 2014-cü il icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin 03.07.2015-ci il tarixli, 15- 529 saylı Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabata əsasən Nərimanov Rayon ıcra və Probasiya şöbəsinin 606/15-11-10 saylı, 17.02.2015-ci il tarixli sifarişi ilə İddiaçı Abbasqulu qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinin ilkin satış qiyməti 315.000 manat məbləğində müəyyən edilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin 17/69-60-11 saylı, 10.08.2015-ci il tarixli sifarişinə əsasən müəyyən edilir ki, İddiaçı Abbasqulu qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində 12 saylı evin 32 saylı mənzilinin ilkin satış qiyməti 315.000 manat olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac təşkilatçısının 28.08.2015-ci il tarixli bildirişdən müəyyən edilir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 315.000 manat olmaqla 01.10.2015-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. "Market" Qəzetinin 28.08- 03.09.2015-ci il tarixli buraxılışından müəyyən edilir ki, 01.10.2015-ci il tarixinə təyin edilmiş açıq hərrac barədə qəzetdə müvafiq elan verilmişdir. "xxxx" MMC-nin Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 26.02.2019-cu il tarixli, 289 saylı məktubunda qeyd edilir ki, "Sizin 2827/356986/2017-15-10 saylı, 21.02.2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, borclu "xxxx" MMC-məxsus əmlak (Bakı şəhəri Y.Bakuvi küçəsi ev 12, mənzil 32) Nərimanov RİŞ-nin sifarişinə əsasən Hərrac Mərkəzinə daxil olmuşdur. 01.10.2015-ci il tarixində ilkin hərrac keçirilmiş, lakin Səbail rayon Məhkəməsinin 2(009)-3523/2015 saylı, 21.09.2015-ci il tarixli qərardadı ilə hərrac dayandırıldığı üçün hərracı keçirtmək mümkün olmamışdır. Buna görə də 5831 saylı, 27.12.2016-cı il tarixi iş icra şöbəsinə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 4062-606/2015-15-10 saylı, 12.03.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 1540/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx» MMC-dən 378045 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx» ASC-nin xeyrinə ödənilməsi üçün İddiaçı Abbasquqlu qızına məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzillə bağlı hərraçın keçirilməsini davam etdirərək nəticəsi barədə Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş olunur. Hərrac təşkilatçısının 15.03.2019-cu il tarixli bildirişdən müəyyən edilir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 315.000 min manat olmaqla 10.04.2019-cu il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. "Market" Qəzetinin 15-28.03.2019-cu il tarixli buraxılışından müəyyən edilir ki, 10.04.2019-cu il tarixinə təyin edilmiş açıq hərrac barədə qəzetdə müvafiq elan verilmişdir. "Market qəzetinin 12- 18.04.2019-cu il tarixli buraxılışından müəyyən edilir ki, 10.04.2019-cu il tarixinə təyin edilmiş açıq hərrac barədə qəzetdə müvafiq elan verilmişdir.12.04.2019-cu il tarixli bldirişdən müəyyən edilir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə təkrar hərracdakı satış qiyməti 315.000 manat olmaqla 01.05.2019-cu il tarixində 11:00-da ilkin hərrac təyin edilmişdir. Ona görə də ipoteka xitam verilməsi üçün iki əsas mövcüddür: ipotekaya məhkəmə qaydasında xitam verilməsi üçün 2 əsas mövcuddur: "İpoteka haqqında" Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni 3-cü və ya daha artıq hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir və ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. İpoteka Haqqında AR Qanununun 43.8-ci maddəsinin tələblərinə əsasən bank tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əmlakı əldə etməmişdir. Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı Abbasqulu qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y. Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair “xxxx” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Y. Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində “xxxx” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı tərəfindən 01.10.2015-ci il tarixə, saat 11:00-a təyin edilmiş ilkin hərrac Səbail rayon Məhkəməsinin 21.09.2015-ci tarixli, 2(009)- 3523/2015 saylı qərardadının icrası qaydasında 30.09.2015-ci il tarixli "Hərracın dayandırılması barədə” № 40 protokola əsasən hərracın keçirilməsi dayandırılmış və bu səbəbdən 01.10.2015-ci il tarixdə hərrac keçirilməmişdir. Nərimanov rayon icra və Probasiya köbəsinin 12.03.2019-cu il tarixli məktubuna əsasən hərracın keçirilməsini davam etdirən “xxxx” MMC tərəfindən ilkin hərrac təyin edilərkən, birinci elan və bildirişi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olduğu halda bu tələbə riayət edilməmiş, ilkin hərracı “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi, bildirişin verildiyi tarixdən 26 gün sonraya təyin edilmişdir. Qeyd edilən qanun pozuntusu ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatının 15.03.2019-cu il tarixli bildirişi və bu barədə ’’Market” qəzetinin 15-28.03.2019-cu il tarixli buraxılışında verilmiş elanda da öz təsdiqini tapır. Bundan başqa qoşma sənədlərdən də göründüyü kimi Hərrac təşkilatı tərəfindən təkrar hərrac təyin edildikdən sonra tələbkar LPO “xxxx” ASC-yə, “xxxx“ MMC-yə, Bakı şəhəri Nərimanov rayon icra və Probasiya Şöbəsinə və Bakı Apellyasiya məhkəməsinə ünvanladığı 29.04.2019-cu il tarixli,**********209 aylı məktubunda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra sənədini vermiş məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin “xxxx“ İMC-yə ünvanladığı 06.05.2019-cu il tarixli, 864 saylı məktubunda İddiaçı Abbasqulu qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi, 12də yerləşən 4 otaqlı 2 saylı mənzilinə dair hərracın dayandırılması barədə göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin “xxxx“ MMC-nin 05.06.2019-cu il tarixli, protokol №068 əsasən İddiaçı Abbasqulu qızına məxsus olan, Bakı şəhəri, Nərimanov yonu, Yəhya Bakuvi küçəsi, 12-də yerləşən 4 otaqlı 32 saylı mənzilə dair hərracın keçirilməsi “İcra haqqında” Azərbaycan Respublikası qanunun 17-ci maddəsinə əsasən dayandırılmışdır. Cavabdeh sonradan apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ipoteka predmeti ilə bağlı keçirilən təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Bu ipoteka saxlayana verilmiş bir hüquqi imkandır. Həmin hüquqdan istifadə olunnması üçün birinci növbədə, hüquq normasında göstərildiyi kimi, təkrar hərrac baş tutmamalı, ikinci növbədə isə bu barədə ipoteka saxlayanın məlumatlı olması və ipoteka predmetini almaqla bağlı rəsmi bildirilməlidir. Yəni, bununla bağlı müvafiq təklif göndərilməlidir. Belə bir təklifin göndərilməsi ipoteka saxlayan kimi həm bizim, həm də ipoteka qoyanın maraqlarına xidmət edir. Çünki təklifdən sonra ipoteka predmeti (hazırki iş üzrə mənzil) 30 gün ərzində əldə olunmazsa, yəni alınmazsa ipotekaya xitam verilir. Nəticədə, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələbləri imperativ qaydada tətbiq olunacaqdır. Beləliklə, əmlakın təkrar hərracda realizə olunmaması(satılmaması) barədə məlumatla bağlı ipoteka peredmetinin tərəfmizdən alınması üçün müvafiq təkilifin (bildirişin, məlumatın, rəsmi müraciətin və s., hər hansı bir formada məlumat xarakterli rəsmi məktubun) ipotekka saxlayana göndərilməsi normativ tələblər baxımdan zəruri və hətta məcburidir, ipoteka predmetinin təkrar hərracda satılması və ya satılmaması barədə məlumatlar ancaq hərrac təşkilatçısında ola bilər. Lakin hazırki iş üzrə cavabdeh tərəfindən bununla bağlı ipoteka saxlayana heç bir təklif (və ya məlumat) göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Abbasqulu qızının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri heç bir mötəbər sübutlara əsaslanmır və formal mülahizələr üzərində qurulub. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 26.02.2019-cu il tarixli, 289 saylı məktubunda qeyd edilir ki, “Sizin 2827/356986/2017-15-10 saylı, 21.02.2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, borclu “xxxx” MMC-məxssu əmlak (Bakı şəhəri, Y.Bakuvi küçəsi ev 12, mənzil 32) Nərimanov RİŞ-nin sifarişinə əsasən Hərrac Mərkəzinə daxil olmuşdur. 01.10.2015-ci il tarixində ilkin hərrac keçirilmiş, lakin Səbail rayon Məhkəməsinin 2(009)- 3523/2015 saylı, 21.09.2015-ci il tarixli qərardadı ilə hərrac dayandırıldığı üçün təkrar hərracı keçirtmək mümkün olmamışdır. Buna görə də 5831 saylı, 27.12.2016-cı il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Qeyd edilən məktubun da məzmunundan müəyyən edilir ki, 01.10.2015-ci il tarixində ilkin hərrac keçirilmiş və təkrar hərracın keçirilməsi isə yuxarıda qeyd edilən səbəblərdən dayandırılmışdır. Cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə “sübut” təqdim etməsi MPM-nin 78.1-ci maddəsinin tələblərinə ziddir. Qeyd edilən iş Nəsimi rayon Məhkəməsində kifayət qədər araşdırılmış, cavabdeh tərəfin qeyd edilən “sübut”u məhkəməyə təqdim etmək imkanı olduğu halda bunu etməmişdir. Hesab edirik ki, cavabdeh tərəfin apellyasiya şikayətinə əlavə ilə birlikdə məhkəməyə təqdim etdiyi sübut apellyasiya məhkəməsi tərəfindən qəbul edilməməlidir. Apellyasiya şikayətinin də məzmunundan görünür ki, həmin “sübut”u Nəsimi rayon Məhkəməsinə təqdim edilməsində heç bir məhdudiyyət olmamışdır. Nəsimi rayon Məhkəməsində aparılmış məhkəmə icraatı zaman da əldə edə biləcəyi sübutu cavabdeh tərəf apellyasiya instansiyasında icraat zamanı məhkəməyə təqdim etmişdir. Həmçinin bildirilir ki, cavabdeh LPO “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə və qeyrilərinə qarşı Yasamal rayon Məhkəməsinə verilmiş iddia ərizəsində “xxxx” ASC tərəfindən hərrac təşkilatçısı tərəfində 3 hərrac keçirilməsini etiraf edilir. Sonuncu (3-cü hərrac) 01.05.2019cu il tarixdə keçirilmiş və hərracın baş tutmaması barədə 03,05.2019-cu il tarixdə “MARKET” qəzetində elan yerləşdirilmişdir. İş materiallarında olan Hərracın dayandırılması barədə 05.06.2019-cu il tarixli, 068 saylı protokoldan müəyyən edilir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü keçdikdən sonra hərrac mərkəzi tərəfindən hərrac dayandırılmışdır. Nərimanov rayon İcra və Probasiya şöbəsinin 06.05.2019-cu il tarixli məktubunda qeyd edilir ki, sözügedən icra sənədi üzrə tələbin yönəldiyi İddiaçı Abbasqulu qızına məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair keçiriləcək hərracın dayandırılması barədə göstəriş verməyimiz Sizdən xahiş olunur. Qeyd etməyi zəruri hesab edirik ki, həmin məktub hərrac mərkəzinə verilən zaman artıq iş üzrə hərraclar keçirilmiş və hərracların baş tutmaması barədə elan verilmişdir. Yəni əmlak artıq tələbkar tərəfindən əldə edilməli idi. Lakin qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət tələbkar tərəfindən buraxılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, izahatında əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə təkrar hərrac baş tutmamış, bu barədə o Hərrac Mərkəzinə müraciət etdikdən sonra məlumat almışdır. Hərrac baş tutmadıqda icra şöbəsinə bu barədə məlumat gəlir və əgər icra şöbəsinə yenidən müraciət olunmasa icra şöbəsi tərəfindən hər hansı bir hərəkət oluna bilməz. Həmçinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən məhkəməyə təqdim edilən icra işi üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, tələbkar LPO “xxxx” ASC tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra sənədini vermiş məhkəməyə geri qaytarılmasına dair 29.04.2019-cu il tarixli, **********209 saylı məktubu Bakı şəhəri Nərimanov rayon icra və Probasiya Şöbəsinə 01.05.2019-cu il tarixli təkrar hərrac keçirildikdən sonra 02.05.2019cu il tarixində daxil olmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmalarına baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxs xxxxnin nümayəndələri məhkəməyə gəlməmişlər. Kollegiya, MPM-in 376.2-ci maddəsinə əsasən, gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan «xxxx» MMC-nin 03.07.2015-ci il tarixli, 15-529 saylı Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabata əsasən, Nərimanov rayon İcra və Probasiya şöbəsinin 606/15-11-10 saylı 17.02.2015-ci il tarixli sifarişi ilə İddiaçı Abbasqulu qızına məxsus ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 32 saylı mənzilinin ilkin satış qiyməti 315.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 14 iyul 2015-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı məxsus olan ünvan 4-də yerləşən 32 saylı mənzilinin 30 mart 2015-ci il tarixə qiyməti 315000 manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, 21 fevral 2009-cu il tarixli 307 İ saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 378015 manat məbləğində borc və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə İddiaçı Abbasqulu qızına məxsus ünvan 4-də yerləşən 4 otaqlı 32 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi, İddiaçı Abbasqulu qızına məxsus ünvan 4-də yerləşən 4 otaqlı 32 saylı mənzil satıldıqdan 1 aydan gec olmayaraq həmin mənzildə qeydiyyatda olan və yaşayan X4, X5, X3 və mülkiyyətçi İddiaçı mənzildən çıxarılması və əmlakın boşaldılması, X4, X5, X1 ünvan 4-də yerləşən 4 otaqlı 32 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 17/69-60-11 saylı 10.08.2015-ci il tarixli sifarişinə əsasən müəyyən edilir ki, İddiaçı Abbasqulu qızına məxsus ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 32 saylı mənzilinin ilkin satış qiyməti 315.000 manat məbləği olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı «xxxx» MMC-yə sifariş verilmişdir. İş materiallarında olan hərrac təşkilatçısının 28 avqust 2015-ci il tarixli bildirişdən görünür ki, mənzil açıq hərracdan satılması ilə ilkin satış qiyməti 315000 manat olmaqla 01 oktyabr 2015-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş, “Market” qazetinin 28 avqust-03 sentyabr 2015-ci il tarixli buraxılışından müəyyən edilir ki, 01 oktyabr 2015-ci il tarixinə təyin edilmiş açıq hərrac barədə qazetdə müvafiq elan verilmişdir. İş materiallarında olan hərrac təşkilatçısının 15 mart 2019-cu il bildirişdən görünür ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 315000 manat olmaqla 10 aprel 2019-cu il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş, “Market” qazetinin 15-28 mart 2019-cu il tarixli buraxılışından müəyyən edilir ki, 10 aprel 2019-cu il tarixinə təyin edilmiş açıq hərrac barədə qazetdə müvafiq elan verilmişdir. “Market” qazetinin 12-18 aprel 2019-cu il tarixli buraxılışından müəyyən edilir ki, 10 aprel 2019-cu il tarixinə təyin edilmiş açıq hərrac barədə qazetdə müvafiq elan verilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(009)- 1639/2019 saylı qərardadı ilə iddiaçı LPO “xxxx” ASC-nin cavvabdeh Əmlakın Qiymətləndirilməsi Xidməti “xxxx” MMC-nə İddiaçı Abbasqulu qızının və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə iş üzrə 3-cü şəxslər kimi qeyd olunan) qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi (qərardadı) qüvvəyə minənədək ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 32 saylı mənzilin satılması məqsədilə hərracın keçirilməsi dayandırılmışdır. İş materiallarında olan xxxx MMC-nin 4291 saylı 12 iyul 2019-cu il tarixli məktubunda qeyd olunur: “Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 4062-606/2015- 15-10 saylı 12 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı Abbasqulu qızına məxsus əmlakı (ünvan 4-də yerləşən 4 otaqlı, 32 saylı mənzil) tərəfimizdən keçirilmiş açıq hərraclardan satılmamış, 01 may 2019-cu il tarixdə “Market” qazetində dərc olunmuş, keçirilmiş hərracların baş tutmamasına dair 03 may 2019-cu il tarixdə “Market” qazetində dərc olunmuş elan verilmişdir. Lakin ipoteka haqqında Qanunun tələblərinə əsasən tələbkar tərəfindən əmlak əldə edilməmişdir. Sifarişçi Nərimanov rayon İcra və Probasiya Şöbəsinin həmin mənzilə dair keçiriləcək hərracın dayandırılması barədə 06 may 2019-cu il tarixli 5568-15-10 saylı məktubu hərrac təşkilatına 24 may 2019cu il tarixində daxil olmuşdur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən, yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı yeni hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir və ikinci hərrac keçirildirkdən sonra 30 gün müddətinə ipteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən bank tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əmlakı əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "İpoteka haqqında" Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki cəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Beləliklə, kollegiya İddiaçı Abbasqulu qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair “xxxx” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməli, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində “xxxx” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeyd ləğv edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, hərrac təşkilatı tərəfindən 01.10.2015-ci il tarixə, saat 11:00-a təyin edilmiş ilkin hərrac Səbail rayon Məhkəməsinin 21.09.2015-ci tarixli, 2(009)-3523/2015 saylı qərardadının icrası qaydasında 30.09.2015-ci il tarixli "Hərracın dayandırılması barədə” №40 protokola əsasən hərracın keçirilməsi dayandırılmış və bu səbəbdən 01.10.2015-ci il tarixdə hərrac keçirilməmişdir. Bununla belə kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etmiş və sözügedən sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilərdi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda kollegiya cavabdehin həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirir. Bundan əlavə kollegiya qeyd edir ki, Ləğv prosesində olan “xxxx” ASC-nin “xxxx” MMC-yə qarşı (üçüncü şəxslər: Nərimanov Rayon İcra və Probasiya Şöbəsi, İddiaçı Abbasqulu qızı) Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilə dair “xxxx” MMC tərəfindən keçirilmiş 10.04.2019-cu il tarixli ilkin hərrac və 01.05.2019-cu il tarixli təkrar hərracın etibarsız hesab edilməsi tələbi Bakı şəhər Səbail Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2021-ci il tarixli Qərarı ilə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, sözügedən hərraclar qanunvericiliyə uyğun keçirilmiş və təkrar hərrac baş tutumadıqdan sonra cavabdeh bank tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əmlakı əldə edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya apellyasiya şikayətinin icra sənədinin tələbkar tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə geri qaytarılmasını xahiş etməsi və bunun əsasında Nərimanov rayon İcra və Probasiya şöbəsinin “xxxx“ MMC-yə hərracın dayandırılmasına dair göstəriş verilməsinə dair məktub (02.05.2019-cu il tarixli daxil olma ilə) ünvanlaması ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 415.3-cü maddəsinin tələblərinə əsasən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən onun keçirilməsi gününə ən geci üç gün qalmış imtina etməsi mümkün olduğundan və belə olan təqdirdə, həmin məktub artıq hərracın keçirilməsinə 2 (iki) gün qalmış icra qurumuna göndərildiyindən və icra qurumu tərəfindən həmin məktub əsasında hərrac başa çatdıqdan sonra müvafiq qərar qəbul edildiyindən hərrac təşkilatı tərəfindən hərracın keçirilməsindən imtina oluna bilməzdi. Belə olan halda, hərrac təşkilatçısı Mülki Məcəllənin 415.3-cü maddəsinin tələblərinə riayət etmiş, bu zaman onun hərracların başa çatmasından sonra müvafiq prosedura icra etməkdən imtina etmək qanuni imkanı olmamışdır. Həmçinin, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Belə olan təqdirdə, Qanunun 23.7-ci maddəsinin tələblərinə müvafiq olaraq icra sənədinin onu vermiş məhkəməyə qaytarılması barədə istinad olunan qərar qəbul edildikdən sonra surəti tərəflərə (borclu və tələbkara) rəsmi təqdim olunmalı, tərəflərin həmin qərardan onun surətini aldıqdan sonra müvafiq məhkəməyə şikayət vermək hüququ üçün həmin Qanunun 23.7-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət gözlənilməli, məhz həmin müddət ərzində maraqlı şəxslər tərəfindən qərardan şikayət verilmədiyi halda qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq hüquqi nəticələr doğurmalı, məhz həmin müddətdən sonra icra qurumu tərəfindən icra sənədi onu vermiş məhkəməyə qaytarıla bilərdi. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Şəxslərin qanunvericiliklə tanışlıq və ya qanunu bilmək prezumpsiyası aspektindən məsələyə yanaşdıqda müəyyən etmək olar ki, tələbkar həmin icra sənədinin onu vermiş məhkəməyə qaytarılması barədə icra qurumuna könüllü icra müddətində və ya ipoteka predmetinin ilkin hərracının baş tutmamasından sonra, yaxud digər vaxt intervalında yox, məhz təkrar hərrac baş tutmadıqdan sonra, yaxud təkrar hərracın baş tutmayacağını ehtimal edərək, yəni icrasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsində göstərilmiş şikayət müddətləri və icra sənədinin məhkəməyə qaytarılması prosedurunu bildiyi və ya bilməli olduğu halda müvafiq tarixdən gec olmayaraq mümkün olacağını nəzərə almaqla, ipoteka predmetini təkrar hərracın baş tutmamasından sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-43.8-ci maddələrinin tələbləri əsasında ipoteka saxlayan tərəfindən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətdə icra sənədinin məhkəməyə qaytarılması barədə icra qurumuna müraciət etməklə faktiki olaraq həmin müstəsna hüququndan imtina etməsi barədə iradəsini bilvasitə ifadə etmişdir. Məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olması kontekstində yanaşdıqda müəyyən edilir ki, tələbkarın təkrar hərracın baş tutmaması barədə məlumat elan edildikdən sonra ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətinin 25% aşağı əldə etmək üçün zəruri prosessual hərəkətləri həyata keçirmək və bu istiqamətdə real addımlar atmaq əvəzinə məhz bu məqamda icra sənədinin onu vermiş məhkəməyə qaytarılması barədə icra qurumuna müraciət etməsi dolayısı ilə onun həmin hüquqdan imtina etməsi istiqamətində iradə ifadəsi kimi qiymətləndirilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin onu vermiş məhkəməyə və ya digər orqana qaytarılması imkanından söhbət gedir. İş üzrə materiallardan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2014-cü il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi qət edilmişdir. Başqa sözlə desək, həmin icra sənədində icra sənədini vermiş məhkəmənin icra qurumu qarşısında qoyduğu tələb ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun həyata keçirilməsindən ibarət olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hazırki iş üzrə materiallardan göründüyü kimi Nərimanov rayon icra və probasiya şöbəsi icra sənədi üzrə tələbi, yəni icra sənədini tam icra edərək ipoteka predmetinə tutma yönədilməsi prosedurunu həyata keçirərək ipoteka predmetinin açıq hərracdan satılmasına dair əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş vermiş, hərrac təşkilatı da öz növbəsində ipoteka predmetini açıq hərracdan satışa çıxarmış və hərraclar baş tutmadıqdan sonra bu barədə KİV-də müvafiq elan dərc etdirməklə tələbkara onu ikinci hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə etmək imkanı yaratmış, tələbkar isə həmin imkandan istifadə etməmişdir. Mübahisələndirilən icra işi üzrə isə iş üzrə materiallardan göründüyü kimi, icra məmuru icra haqqında qanunvericiliyə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən icra sənədinin icrası istiqamətində ona həvalə edilmiş bütün vəzifələri tam icra edərək tələbi təmin etmiş və ipoteka predmetinin açıq hərracdan satışı ilə bağlı bütün mümkün icra tədbirlərini (hərrac sifarişinin verilməsi və s.) həyata keçirərək icra sənədini faktiki olaraq icra etmişdir. Lakin buna baxmayaraq, tələbkar icra sənədinin tam icra olunması nəticəsində yaranmış hüquqi imkandan istifadə etməmiş və ipoteka predmetini əldə etməmişdir. Belə olan halda, tam icra olunmuş icra sənədinin ümumiyyətlə məhkəməyə qaytarılmasından söhbət gedə bilməzdi. Göstərilən halda, yalnız “İcra haqqında” Qanunun əvvəlki redaksiyasında nəzərdə tutulmuş 23.6-cı maddəsi (İcra edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır) tətbiq oluna bilərdi ki, həmin maddə də sözügedən icra sənədinin icra olunduğu dövrdə qüvvədə olmamışdır. Kollegiya apellyasiya şikayətinin təkrar hərrac baş tutumadıqdan sonra hərracı keçirən təşkilat tərəfindən ipoteka saxlayana əmlakı əldə etmək üçün müraciət göndərilmədiyi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında təkrar hərrac baş tutmadıqda ipotekasaxlayana ipoteka predmetinin alınması üçün ayrıca təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Belə ki, qeyd edilən Qanunun 43.7 və 43.8-ci maddələrinin məzmunundan görünür ki, hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir və o, həmin hüququndan 30 gün müddətində istifadə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, qanunun mənasına görə ipoteka saxlayana ipoteka predmetini almaq təklifi (oferta) ayrıca sənədlə (məktubla) deyil, hərracın baş tutmamış elan olunması ilə verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan və həmin maddələrə Konstitusiya Məhkəməsinin istinad olunan qərarında verilmiş şərhdən aydın olur ki, ipoteka saxlayan ikinci hərrac baş tutmadıqdan sonra ipoteka predmetini müstəqil şəkildə, birbaşa, ona bu barədə hər hansı bir əlavə təklif göndərilməsinə və ya bu təklifi qəbul etməsinə dair xüsusi müraciətə ehtiyac duymadan birbaşa əldə etmək imkanı qazanır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin hərracda bağlanmasını tənzim edən 414-416-cı maddələrində də belə bir prosedur nəzərdə tutulmamışdır. Müqayisə üçün qeyd edilməlidir ki, tələbkara əlahiddə təklif ünvanlanması və həmin təklifin qəbul edilməsi proseduru isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin məzmunundan göründüyü kimi ipotekanın deyil, məhz üzərinə həbs qoyulmuş əmlakın icra xidməti tərəfindən realizəsi zamanı həyata keçirilir. Belə ki, həmin Qanununun 53.1-ci maddəsində birmənalı şəkildə göstərilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Odur ki, mübahisə predmeti olan əmlakın hüquqi rejimi üzərinə həbs qoyulmuş əmlak deyil, məhz ipoteka predmeti olduğundan onun realizəsi prosesinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinin müddəaları əvəzinə, faktiki olaraq “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş prosedur tətbiq edilə bilməzdi. Həmçinin, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində istifadə olunmuş “təkrar hərrac baş tutmamış elan edildikdən sonra” istilahının həmin Qanunun 43.1-ci maddəsinin məzmunu kontekstində təfsirindən aydın olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi dedikdə, təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməsi başa düşülür. “Kültəvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formalarıdır. Dövri mətbu nəşrlər dedikdə çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər başa düşülür. Kollegiya qeyd edir ki, təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməsi ilə ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə etmək hüququ yarandığından və bu hüquq qanunvericilikdə nəzərdə tutulduğundan bu barədə onun ayrıca təklif məktubu ilə məlumatlandırılmasına heç bir prosessual zərurət olmamışdır. İpoteka saxlayan icra sənədi üzrə icraatı və keçirilən hərracları təqib etməli və əmlakı əldə etməkdə maraqlı olmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddənin məzmunundan aydın olduğu kimi, təkrar hərracın baş tutmamasından sonra ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayana təklif edilməlidir. Bu təklif (oferta), MM-in 325.1 və 408.1-ci maddələrinə müvafiq olaraq, birtərəfli əqddir və qarşı (yönəldiyi) tərəfə çatdığı andan hüquqi nəticə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Həmin Məcəllənin 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Hüquqi müəyyənlik prinsipi kontekstində Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Həmçinin, AİHM-in "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4119/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ləğv prosesində olan Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-147/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-147/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver