Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1470/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin itirilməsinə görə sabit pul məbləğində alimentin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(001)-7521/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2009-cu ildə ailə qurmuş, birgə nikahdan dörd uşaqları doğulmuş, qətnamə ilə nikahları pozulmuş, uşaqlardan ikisi onun yanında, ikisi isə cavabdehin yanında saxlanılmışdır. Bu səbəbdən də heç biri aliment almamışdır. 2015-ci ildə hərəkətin və yerişin pozulması xəstəliyi aşkar edilmişdir. Əmək qabiliyyətinin olmamasına görə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Yaşamağa evi yoxdur, kirayə üçün isə maddi imkanı olmadığından valideynləri ilə birgə yaşayır. Xəstəliyi ilə əlaqədar işləmək iqtidarında deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(001)- 7521/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən apelyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, əmək qabiliyyətinin olmaması işin mübahisəsiz halıdır, heç bir yerdə işləmir, evi yoxdur, kirayə tutmağa maddi imkanı yoxdur. Cavabdeh idman müəllimi olmaqla rəsmi iş yeri var, bundan əlavə məşqçilik fəaliyyəti ilə məşğul olmaqla əlavə gəlir də əldə edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından 30.09.2010-cu il təvəllüdlü X4, 07.09.2011-ci il təvəllüdlü X5, 01.11.2014-cü il təvəllüdlü X2 və 01.11.2014cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 325/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 30.09.2010-cu il təvəllüdlü X4 və 07.09.2011-ci il təvəllüdlü X5 cavabdehin, 01.11.2014-cü il təvəllüdlü X2 və 01.11.2014-cü il təvəllüdlü X3 isə iddiaçının yanında saxlanılmışdır. Tərəflərin heç birindən digərinin xeyrinə aliment tutulmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı əmək qabiliyyətini itirməsini və maddi yardıma ehtiyacının olmasını, eyni zamanda cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Mövcud vəziyyətdə himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olan cavabdehin aylıq gəliri 450 manat məbləğində əmək haqqıdan ibarətdir və bu məbləğlə məhdudlaşır. İddiaçıya 23.11.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinənin nəticələri, yəni dərəcənin yenidən təyin edilib-edilmədiyi məlum deyil. Bu halın hazırda mövcudluğu isə onun sağlamlıq imkanlarını məhdudlaşdırsa da, əmək qabiliyyətinin itirilməsi kimi qiymətləndirilməsi üçün əsas deyil. Hər bir halda, qüvvədə olan Əmək Məcəlləsinə əsasən 2-ci dərəcə əlilliyi olan şəxslər əmək münasibətlərinin iştirakçısı ola bilər. Digər tərəfdən nikahın pozulması üzrə icraat çərçivəsində iddiaçı səhhəti ilə bağlı deyil, uşaqların azyaşlı olması səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini bildirmişdir. Eyni zamanda, onun cavabdehə qarşı aliment tələbinin təmin edilməməsinə baxmayaraq, qeyd edilən qətnaməni mübahisələndirməmişdir. Tərəflər arasında bu məsələ ilə bağlı hər hansı saziş də bağlanmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci və 85.1.3-cü maddələrinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məcəllənin 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən keçmiş ərdən aliment ödəməyi tələb etmək üçün aliment ödəməli olan şəxs zəruri vəsaitə malik olmalıdır, həmçinin aliment tələb edən keçmiş ər (arvad) əmək qabiliyyətini itirməli və maddi yardıma ehtiyacı olan şəxs olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.06.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Göründüyü kimi, qeyd olunan normaya əsasən aliment almaq üçün təkcə keçmiş ərin (arvadın) işləmək imkanının olmaması yox, həm də işləmək imkanının məhdud olması, habelə aliment ödəməli olan şəxsin zəruri vəsaitə malik olması şərtləri ödənilməlidir. Baxılan iş üzrə cavabdeh (aliment ödəməsi tələb olunan şəxs) birinci instansiya məhkəməsində bildirmişdir ki, 2 saylı Respublika idman məktəbində məşqçi-müəllim vəzifəsində işləməklə 450 manat məbləğində əmək haqqı alır. Apelyasiya baxışı zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbində idman üzrə məşqçi-müəllim vəzifəsində işləməklə, 856,80 manat əmək haqqı alır. Aliment ödəməsi tələb olunan şəxsin zəruri vəsaitə malik olması bununla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair (son yenilənmə tarixi 01.02.2022) məlumata əsasən müəyyən edilir ki, iddiaçıya “Myastenia gravis. Bulbar forma. Koordinasiya pozğunluğu. Hərəkətin və yerişin pozulması.” diaqnozu qoyulmuşdur və ikinci dərəcəli əlillik təyin edilməklə, 180 manat sosial ödəniş (müavinət) alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, əlilliyi olan şəxslər əmək qabiliyyəti olmayan şəxslər hesab olunurlar. Göründüyü kimi, iddiaçı ikinci dərəcəli əlilliyi olan şəxs olmaqla işləmək imkanı məhduddur (səhhətinə uyğun işləmək imkanından asılı olmayaraq). Cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. İşin müəyyən edilmiş hallarını, yuxarıda sadalananları nəzərə alaraq Kollegiya hesab edir ki, cavabdehin maddi vəziyyəti, habelə iddiaçının özünün sosial müavinət alması nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyriə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən isə alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7521/2021 saylı iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin əvvəli 21.09.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1470/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1470/2022
08.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver