Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1471/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdehun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-968/20 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2010-cu il tarixli, 4765 nömrəli kredit müqaviləsiyə əsasən əsas borcu 5999,38 manat, faiz borcu üzrə 3685,24 manat, cəmi 9684,62 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSCnin xeyrinə ödənilməsi və kredit borcunun Cavabdeh mülkiyyətində olan ** HU *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban - KNAFW411BA5226947, mühərrik - G4FCAH381892, rəngi - ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş N 2(006)-968/20) iddia təmin olunmamışdır. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.İddiaçı QSC ilə “X1 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə İddiaçı QSC arasında S-AVK-2030 saylı, xx.xx.2018-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “X1 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. “xxxx” ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında xx xxx 2010-cu il tarixli, 4765 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 14720 manat məbləğində nömrəli ssuda hesabı açılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 90HU778 dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban-KNAFW411BA5226947, mühərrik-G4FCAH381892, rəngi - ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx xxx 2010-cu il tarixli, AG seriyalı, 207630 №-li «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün Borc alana 14720 Azərbaycan manatı məbləğində kredit verməyi öhdəsinə götürmüşdür (2.3. bənd). Borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti Borcverən tərəfindən Borcalan üçün açılan ssuda hesabı ilə təmin edir. (5.2 bəndi) Bu Müqavilə imzalandığı andan üç bank günü ərzində kredit vəsaiti Borcverən tərəfindən Borcalanm ssuda hesabına köçürülür və bu barədə Borclana məlumat verilir. (5.3 bəndi) Kredit vəsaitindən istifadə tarixi Borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarix hesab olunur (5.4 bəndi). Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 (altmış) aydır (5.5 bəndi). Bu Müqavilə üzrə son ödəmə müddəti xx xxx 2015-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 17-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 %-lə hesablanır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 5999,38 manat, faiz borcu üzrə 3685,24 manat, cəmi 9684,62 manat məbləğində kredit borcu təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh A, Vəliyev birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaranmış mübahisə ilə bağlı ilk dəfə xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı QSC-nin törəmə müəssisəsi olan iddiaçı “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Nəsimi Rayon Məhkəməsində Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qaldırılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi baxılmamış saxlanılmışdır. Bu kredit müqaviləsi üzrə yenidən iddia qaldırılması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə Bakı Apellyasiya məhkəməsinə iş materiallarında olan sənədlərin əsillərinin götürülməsi ilə bağlı müraciət edilmişdir. Bundan sonra işdə olan kredit müqaviləsi və digər sənədlərin əsilləri götürüldükdən sonra ən qısa zamanda iddia qaldırılmışdır. Hazırkı iddia tələbi ilə xx xxxxxxx 2019-cu il tarixdə iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia müddəti üzrlü səbəbdən buraxılmışdır. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, xx xxx 2010-cu il tarixdə Cavabdeh ilə “xxxx” ASC arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Kreditor tərəfindən Borcalana 60 ay müddətinə illik 18% dərəcəsi ilə 14720 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə son ödəmə müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Müqavilə müddəti uzadılmamışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan ** HU *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İşdən həmçinin görünür ki, “X1 Edilməsi Agentliyi” MMC 2018-ci ildə İddiaçı QSC-nin adından deyil, öz adından eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə qətnamə ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ərizənin baxılmamış saxlanmasına səbəb iddianın səlahiyyəti olmayan şəxs tərəfindən qaldırılması olmuşdur. İddiaçının tələbi xx xxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən 5999,38 manat əsas borc, 3685,24 manat faiz borcu olmaqla, cəmi 9684,62 manat məbləğində kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tələb üzrə iddia müddətinin keçdiyini bildirmiş və iddia müddəti tətbiq olunmaqla tələbin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsaslı sayaraq iddia müddətinin buraxılması qənaətinə gəlmiş və həmin əsasla iddianı rədd etmişdir. Məhkəmə bu qənaətə gələrkən tərəflər arasında kredit müqaviləsinin xx xxx 2010cu ildə bağlandığını, müqavilə müddətinin xx xxx 2015-ci ildə, müqavilə tələbləri üzrə iddia müddətinin isə xx xxx 2018-ci il tarixdə bitdiyini, lakin məhkəmədə xx.xx.2019-cu iltarixdə iddia qaldırıldığını nəzərə almışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377-ci maddələrinə istinad etmişdir. Apelyatorun mövqeyinə görə iddia müddəti üzrlü səbəbdən buraxılmışdır. Belə ki, ilk dəfə hazırkı iddia ərizəsi ilə xx xxxxxxx 2018-ci il tarixdə müraciət edilmiş, lakin həmin iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmamış saxlanıldığından nöqsan aradan qaldırılmış və xx xxxxxxx 2019-cu il tarixdə yenidən səlahiyyətli şəxs tərəfindən iddia qaldırılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə görə müqavilə üzrə son ödəmə müddəti xx xxx 2015-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə işdə heç bir mötəbər sübut yoxdur. Hazırkı iş üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi günün ertəsindən, yəni xx xxx 2015-ci ildən bağlanmış və üç il davam edərək xx xxx 2018-ci ildə bitmişdir. Göstərilən müddət ərzində Bank tərəfindən iddia qaldırılmamışdır. İddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra xx.xx.2019-cu il tarixdə tərtib olunmuş və xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixli iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyinə görə baxılmamaış saxlanılmışdır. Həmin iddia səlahiyyətli şəxs tərəfindən verilmiş olsaydı belə, yenə də iddia müddəti buraxılmaqla verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal (ərizənin baxılmamış saxlanması və s.) iddia müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1471/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1471/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver