Məhkəmə qərarları › İş №2(103)-1474/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1474/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1474/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «mənzilə köçürülmə və maneələrin aradan qaldırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2022 saylı, 11 noyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6508/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 25 saylı mənzili üzərində Cavabdeh və İddiaçı bərabər olmaqla 1/2 payları müəyyən edilmişdir.

2. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 25 saylı mənzili üzərində İddiaçı ½ hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə köçürülməsi, Cavabdeh tərəfindən mənzilə köçürülməyi ilə bağlı maneələrin yaradılmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında xx.xx.1992-ci il tarixdə Səbail rayon VVAQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Sonradan onun tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. İddia tələbinin mahiyyəti Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 25 saylı mənzilinin üzərində hər birinə münasibətdə 1/2 hissədə payların müəyyən olunmaqla bərabət şəkildə bölünməsi, həmin mənzilin 1\2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində cavabdehin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasından ibarət olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6508/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 25 saylı mənzili üzərində Cavabdeh və onun bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi qət edilmişdir. ünvan 2 ünvanında yerləşən 25 saylı mənzil hər birinə 1/2 hissə pay müəyyən edilməklə onun və Cavabdeh xüsusi mülkiyyətindədir. Buna baxmayaraq rəsmi şəkildə hüquqlarının tanındığı ünvan 2 ünvanında yerləşən 25 saylı mənzilə daxil olmağının cavabdeh tərəfindən qarşısı alınır. Belə ki, sözügedən mənzilə yalnız bir giriş qapısı mövcuddur. Lakin cavabdeh tərəfindən onun mənzilə daxil olmağına müxtəlif yollarla maneələr yaradılır. Qeyd etdiyi faktın sübuta yetirilməsi ilə əlaqədar tərəfindən video-çəkiliş aparılmışdır. Sözügedən video-çəkiliş məhkəmə iclasında sübut kimi təqdim ediləcəkdir. Hal-hazırda Cavabdeh qanunvericiliyə zidd olan bu hərəkəti nəticəsində onun mülkiyyət hüquqlarının kobud şəkildə pozuntusuna yol verilmiş, tərəfindən mülkiyyətində olan əmlak üzərində mövcud olan hüquqlarının (sahiblik, istifadə və sərəncam) həyata keçirilməsinə maneələr yaradılmışdır. Bununla bağlı tərəfindən ərizə ilə Yasamal Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəsində qeyd etdiyi xüsusatların mülki xarakterli olduğu bildirilmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, mübahisəli mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. Ona görə də, iddiaçı öz mülahizəsinə görə paylı mülkiyyətində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin Cavabdeh Ağamehdi qızının onu mübahisəli mənzilə buraxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini və bununla bağlı Cavabdeh ona yaratdığı maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edərək şikayətində göstərir ki, hazırda avtomobil və qaraj ərinin istifadəsindədir və avtomobili onların istifadəsinə vermir. Yasamal rayonu, N.Nərimanov pr., bina 125, mənzil 11 saylı mənzili cavabdeh kirayə verib, ordan gəlir əldə edir. Lakin həmin mənzildən gələn gəliri də bu vaxta kimi istəməyib ki, aralarında əlavə narazılıq olmasın. Birgə nikah dövründə iki evləri olub və hər biri üzərində ½ hissədə payları məhkəmə qərarı ilə tanınıb. Hazırkı iddianın səbəbi isə yaşamaq üçün deyil, ona qarşı təzyiq, şantaj və s. üçün verilmişdir. Bu da onun qarajdan və maşından imtina etməsi üçündür. Belə ki, danışıqları zamanı cavabdeh onu qorxudur ki, evə gələndə narkomanları və digər şəxsləri özü ilə gətirəcək ki, sonda o, məcbur olub həmin mənzildən çıxsın. Məlumat üçün bildirir ki, birgə nikahlarından 3 uşaqları var. Onlardan ikisi - X4 və Rafiq Babayev yetkinlik yaşına çatıblar. Oğlu 27 yaşındadır, ailəlidir və o, da onlarla birlikdə hazırki mübahisəli mənzildə yaşayır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İV hissəsinin, 43-cü maddəsinin, Mülki Məcəllənin 152.1-ci maddəsinin, Mənzil Məcəlləsinin 5.1-ci və 5.3-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.

22. İddiaçı cavabdehlə bərabər köçmək istədiyi evin ½ hissəsinin paylı mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdeh həmin evdən istifadə edir, iddiaçı isə bu evə köçüb yaşamaq istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçının qeyd olunan evdə mülkiyyət payı ½ hissədə olsa da, bu hal onun həmin evə köçürülməsindən imtina üçün əsas ola bilməz.

23. Cavabdehin şikayətində göstərdiyi dəlillər hazırki iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Çünki, iddiaçının mülkiyyətində olan mənzilə köçüb yaşamaq onun konstitusion hüququdur və heç bir halda o, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. O ki, qaldı iddiaçının cavabdehə qarşı inzibati xəta yaxud cinayət törədə biləcəyi ehtimalına, bu məsələyə inzibati xətalara dair iş üzrə icraatda yaxud cinayət mühakimə icraatı qaydasında baxılmalı və hüquqi qiymət verilməlidir. Bu halın həqiqi olması belə hazırki iddianın rədd edilməsinə əsas vermir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5409/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar