Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1475/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1475/2023 (Açar sözlər: əlavə xərclərə cəlb edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, сavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2255/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflər 13 mart 2021-ci il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından 12 may 2022-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün aylıq 200 (iki yüz) manat aliment məbləği, habelə xəstəliyi üçün çəkilməli əlavə xərclərin qarşılanması üçün 150 manat, ümumilikdə 350 (üç yüz əlli) manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 19 mart 2021-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 480 N-li nikah qeydə alınmışdır. Birgə nikahlarında övladları xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Onların nikahı formal xarakter daşımaqdadır. Belə ki, cavabdehlə artıq bir neçə aydır ailə münasibətləri tamamilə pozulmuşdur və cavabdeh birgə övladlarının saxlanmasında bir neçə aydır ki, heç bir köməklik göstərmir. Övladlarını təkbaşına böyüdür. Azyaşlı körpənin səhhətində problemlər olduğu üçün Mərkəzi Klinikada əməliyyat olunmuş və xəstəxana xərcləri üçün 2399 manat pul vəsaiti onun tərəfindən ödənilmişdir. Səhhətində mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyac vardır. Bu isə müəyyən maliyyə vəsaiti hesabına başa gəlir. Odur ki, X2 uzunmüddətli problemlər olduğu üçün onun saxlanılması üçün sabit aliment məbləği kifayət etməyəcəkdir. Bundan başqa cavabdeh Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətində çalışır və yüksək məbləğdə məvacib alır. Lakin buna baxmayaraq övladlarının saxlanılması üçün heç bir maddi və mənəvi köməklik göstərmir.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqı və digər əlavə gəlirlərinin ¼ hissəsi məbləğində aliment, habelə X4 xəstəliyi üçün çəkilməli əlavə xərclərin qarşılanması üçün 150 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Ərizə belə əsaslandırılmışdır ki, AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış vəkil sorğusuna xx.xx.2022-ci il tarixli 048-602-1222 saylı cavab məktubunda bildirilmişdir ki, Cavabdeh Bakı şəhəri BPİ Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsində işləyir və 1 aylıq əmək haqqı 821 manat təşkil edir. Bundan əlavə onun məzuniyyət pulu, maddi yardım və əmək haqqısına digər əlavələr də nəzərdə tutulmuşdur. Odur ki, iddia ərizəsinin artırılması zərurəti yaranmışdır.
6. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 433136 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və həmin nikah 480 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir.
7. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.
8. Mərkəzi Klinikanın 41959 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 göstərilən tibbi xidmətlərin məbləği 2398.57 (iki min üç yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat təşkil edir və göstərilən tibbi xidmətlərin qarşılığı olaraq kassaya 2399 ( iki min üç yüz doxsan doqquz) manat məbləğində vəsait ödənilmişdir.
9. X3 görünür ki, xx.xx.2022 tarixində xəstə stasionara yatızdırıldı. Parenteral qidalanma başlandı. xx.xx.2022 tarixində xəstəyə “Piloromiotomiya “ əməliyyatı icra edildi. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəstə kafi vəziyyətdə ambulator müşahidəyə göndərildi.
10. Xırdalan şəhər Vəkili Bürosunun vəkili Vəkil1 sorğusuna əsasən Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, BPİ Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis serjantı Cavabdeh bir aylıq əmək haqqı 821 (səkkiz yüz iyirmi bir) manat təşkil edir.
11. 27.11.2022-ci il tarixli 956 Saylı Arayışdan görünür ki, Diaqnoz: Pilorostenoz. Əməliyyatdan sonrakı vəziyyət. Müayinə və müalicə məqsədilə daim həkim nəzarətindədir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(009)- 2255/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X4 (xəstəliyin mövcud olduğu müddətdə) müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 60 (altmış) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 62,13 (altmış iki manat on üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, tərəflərin maddi və sosial vəziyyətini, eləcə də iddianın alimentin cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasına onun etiraz etməməsini nəzərə almış, tərəflərin azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasını uşağın mənafeyi baxımından məqsədəuyğun hesab etmişdir. Məhkəmə uşağın sağlamlıq vəziyyətini nəzərə alaraq əlavə xərclərin tutulması hissəsində iddianı qismən təmin etməklə, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X4 (xəstəliyin mövcud olduğu müddətdə) müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 60 (altmış) manat tutulmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 81.1 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-2255/2022 saylı qətnaməsinin qismən – iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın əlavə xərcin tutulduğu hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətə layiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə, qeyd edilən maddi hüquq normalarına istinad etsə də, onların tətbiqində yanlışlığa yol vermişdir. Belkə ki, normanın tələbinə əsasən əlavə xərclərə cəlb olunma qaydası məhkəmə tərəfindən müəyyən edilməli idi. Məhkəmə isə öz qətnaməsində xx.xx.2022-ci il təvəllüdlü X4 müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 60 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini qət edərkən həmin məbləğin hansı müddət ərzində tutulmalı olduğunu, əlavə xərcə görə tutulan məbləğin nə üçün məhz 60 manat məbləğində müəyyən edildiyinə aydınlıq gətirməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il təvəllüdlü X4 müalicəsinə hansı əlavə xərclərin tələb edilməsinə dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim edilməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın əlavə xərclərin cavabdehdən tutulması hissəsində əsassız olaraq qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qismən, əlavə xərclər hissəsində narazıdır. Aliment məbləği əvvəlcə yaşayış minimumuna uyğun, daha sonra əmək haqqının ¼ hissəsi məbləğində tutulması qeyd edildi. Onlar buna etiraz etmədi. Əlavə xərclər hissəsində birinci instansiya məhkəməsi kobud səhvlərə yol verdi. Qanunvericilik bildirir ki, uşaq yetkinlik yaşına çatana qədər aliment məbləği tutulmalıdır. Qətnamədə xəstəliklə bağlı əlavə xərc kimi 60 manat tutulması qeyd edilib, lakin bunun nə zaman bitməsi ilə bağlı heç bir qeyd yoxdur. Uşaq mədə ilə bağlı əməliyyat keçiribdir, hal-hazırda uşaq xəstə deyildir, sağalmışdır. Uşağın hazırda sağalması sənədlərdən də görsənir. Sənədlərdə qeyd olunur ki, uşaq nəzarətdə olmalıdır, lakin nəzarət xərc deyildir. Uşağın müalicə olduğu müddətdə çəkilən xərclərlə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmadı. Əlavə xərc kimi tutulan 60 manatın əsasında heç bir izah dayanmayıbdır. Hazırda uşağın əməliyyatından 9 ay keçmiş, çoxdan sağalmış, heç bir müalicəyə ehtiyacı yoxdur.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın əlavə xərclərlə bağlı qismən təmin olunmuş hissəsinin ləğv olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın bu hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
23. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
24. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
25. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
26. 81.2 və 81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
27. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
28. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
29. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının”18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
31. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 32.Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi halları haqlı olaraq (uşağın əməliyyatdan sonra müalicə almalı olmasını, mütəmadi olaraq həkim nəzarətinə ehtiyacı olmasını və s.) müstəsna hal kimi qəbul etmiş, hər iki tərəfin ailə və maddi vəziyyətini, həmçinin uşağın mənafeyini nəzərə almaqla, valideynin-cavabdehin əlavə xərclərə cəlb olunması qaydasını (xəstəliyin mövcud olduğu müddətdə) və xərclərin miqdarını, hər ay 60 manat məbləğində ödənilməli olan sabit pul məbləğində tutulmalı olmasını müəyyən etməklə, düzgün nəticəyə gəlmişdir.
36. Beləliklə məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş uşağın əməliyyat olunması, müayinə və müalicə məqsədilə daim həkim nəzarətinə ehtiyacı olmasına dair tibbi sənədləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bu işdə gəlmiş olduğu qənaət qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
37. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2255/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov