Məhkəmə qərarları › İş №2(103)-1477/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1477/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1477/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli, 2(010)- 4005/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X1 08 fevral 2019-cu il tarixdə Cavabdeh MMC-yə məxsus, X7 idarə etdiyi “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun onu vurması nəticəsində ölmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 1(006)- 234/2019 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(009)- 513/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 10000 manat pul vəsaitinin tutularaq iddiaçı (mərhum X2 oğlu) X8 ödənilməsi, Cavabdeh MMCdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutulması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(103)-3958/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X5 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamənin qismən, yəni iddiaçı X8 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə onun xeyrinə Cavabdehndən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və 30000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissəsi, yəni iddiaçı X5 Cavabdehnə qarşı irəli sürdüyü mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının qismən təmin edilməsi, iddiaçı X8 dəymiş mənəvi zərərin pul məbləğində Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu olaraq 120 manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 50000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı, 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan İddiaçı tələbin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdehndən ********* manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı, 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, o, qızını faciəvi surətdə itirmişdir. Belə ki, min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı qızı Mehriban onu və yeganə oğlunu işləməklə dolandırırıdı. Onun Mehribandan başqa bir kimsəsi olmamışdır. X1 "xxxx" MMC-də işləyirdi və hər gün səhər saat 06:30 radələrində evdən çıxıb işə gedirdi. 08 fevral 2019-cu il tarixdə, səhər saat 06:30 radələrində həmişəki kimi işə gedirdi. O, “Koroğlu” metrostansiyasının yaxınlığından avtobusla Bakıxanov küçəsində yerləşən iş yerinə getmişdir. Təxminən saat 08 radələrində Mehribanın nömrəsindən gələn zəng danışanda Mehribanı avtobus vurması nəticəsində hadisə zamanı xəsarət aldığını, hal-hazırda 1 saylı X3 bildirdilər. Bu xəbəri eşitdikdən dərhal sonra xəstəxanaya getdilər və onlara artıq Mehribanın öldüyü deyildi. Mehribandan ona yadigar qalan 14 yaşlı Rəfaili də saxlamaq onun üzərinə düşürdü. Xəstə və yaşlı vaxtında qızının ölüm xəbərini almaq onu çox sarsıtdı və Mehribandan qalan yeganə yadigar olan Rəfailin qulluğunu tutmaq onun borcu olsa da qızının ölümündən sonra iztirabları get-gedə artmağa başladı. Həmin an keçirdiyi mənəvi sarsıntı və qızının yanında olmamasının iztirablarını hələ də yaşayır. Qızının yoxluğunu isə heç bir cürə izah edə bilmir. Qızı onu işləməklə dolandırırdı. O, işə gedəndə yolda vəfat etmişdir. Təqsirləndirilən şəxs X7 təqsiri yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X11 hadisəni törədərkən Cavabdeh MMC-də sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İveco Crealis” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobus Cavabdeh mülkiyyətində olmuşdur. Göründüyü kimi hadisə Cavabdeh MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir ana kimi mənəvi zərər dəymiş, qızının faciəvi vəfatı onu çox üzmüşdür. Qızının faciəvi şəkildə həlak olmasından sonra onun psixi durumu pisləşdi, səhhətində müxtəlif problemlər yarandı. Bu günədək qızının ölümünün iztirabını çəkir. Qızı ilə keçirdiyi günlər gözünün önündə canlanır və hələ də onun keçiridiyi streslər, yara və iztirabların hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh təşkilatın işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fıziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi şəkildə ölməsindən sonra düşdüyü çətinliyi, hər gün bu halı müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananlar oxuyanda mərhum qızının ölmüş bədəni gözünün önündə canlanır. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olduğunu və qanunun tələbləri baxımından da buna hüququ olduğunu qeyd edir. Qanunverici isə bu halda mənəvi ziyanın mənəvi ziyanın ödənilməsi məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum qızının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməli olduğunu qeyd edir. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən onun keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi durumunun kifayət qədər olmasını nəzərə almalıdır. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməyi istisna deyil.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü i tarixli, 2(010)- 4005/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 20000 manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pul tutularaq İddiaçı ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin eidlməməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaçının qızının baş vermiş nəqliliyyat hadisəsi nəticəsində vəfat etməsi, həmin hadisənin cavabdeh "xxxx" MMC-nin işçisi tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə zərərçəkənin qızının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin, nəqliyyat vasitələrindən (yüksək təhlükə mənbəyindən) istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin öhdəsinə qoyulur. İddiaçının qızının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin vurulması və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmalı olması ilə bağlı haqlı olsa da, buna görə ********* (iki yüz milyon) manat kompensasiya məbləğinin müəyyən edilməsini tələb etməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz. Məhkəmə bildirir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunverici konkret məbləğləri müəyyən etməmişdir. Həmin Qərara əsasən, mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin miqdarının müəyyən edilməsi qanunverici tərəfindən müəyyən edilməsə də, bununla bağlı Azərbaycan Respublikasında məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsinə görə isə, bədbəxt hadisə nəticəsində yaxın qohumunu itirmiş şəxslərə mənəvi zərərin əvəzi olaraq 20000 - 40000 manat məbləğində pul ödənilir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin işçisi olan X11 iddiaçının qızının ölümü ilə nəticələnən əməlini ehtiyyatsızlıqdan törətmişdir. Nəzərə almaq lazımdır ki, zərərçəkən-iddiaçının fərdi xüsusiyyətlərinə onun yaşlı olması, başqa uşaq dünyaya gətirə bilməyəcək olması aiddir. Bundan başqa, iddiaçının nəvəsi (mərhum qızının övladı) X9 əvvəl iddia qaldırmış və cavabdeh tərəfindən eyni predmet üzrə ona mənəvi zərərin əvəzi ödənilmişdir. Bu hal iddiaçını mənəvi zərəri tələb etmək hüququndan məhrum etmir, lakin qərar qəbul edilərkən nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə elə nəticəyə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızının həlak olması ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-dən iddiaçının xeyrinə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1907, 1099, 1108, 1114-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunan hissədə rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmalıdır. İş materiallarında isə mənəvi zərərin konkret nədən ibarət olmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçının iddia ərizəsində sarsıntı və iztirabları hansı formada və necə keçirdiyi barədə məhkəməyə heç bir sübüt təqdim edilməyib. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin, məhkəmə baxışında zərərçəkmiş şəxsin sağlamlığında müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını sübut edən Psixi Sağlamlıq Mərkəzinin rəyi və ya orda hər hansı bir müalicə almasını sübuta yetirən bir arayış, eyni zamanda, iztirab keçirməsilə əlaqədar olaraq onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini sübuta yetirən hər hansı həkim rəyi, sağlamlığının pozulması nəticəsində aldığı müalicələrə görə sağlamlıq mərkəzindən rəsmi şəkildə təqdim edilən epikriz və digər mötəbər sübutlar məhkəməyə təqdim edilmədi. Qərarda zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı dərəcəsinin, habelə zərərçəkənin fərdi xüsusiyyətlərinin, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümünün müəyyən edilməsi tələbi olsa da, iddiaçı sarsıntı və iztirabları hansı formada və necə keçirdiyini öz iddiasında sübuta yetirə bilməmişdir. Həmçinin, cinayət işi üzrə aparılan məhkəmə istintaqı zamanı mərhumənin hüquqi varisi qismində çıxış etmiş X13 zərər vuran X11 tərəfindən xərclərin və zərərin tam şəkildə qarşılandığından sonuncuya qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Məhkəmə mənəvi zərərə görə təzminatın miqdarını müəyyən edərkən hüquqazidd əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, baş vermiş mühit və şəraiti, digər amilləri və ən əsası isə Plenumun Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyyarlarına riayət etməmişdir. Yəni, məhkəmə mənəvi zərəri təyin edərkən yalnız cəmiyyətin dövriyyəsini və ödəniş qabiliyyətini nəzərə almış və üstün tutmuşdur, zərərvuran X7 deyil, bunula da sonuncudan reqres qaydasında ziyan məbləğinin ödənilməsinin cəmiyyət tərəfindən tələb edilməsini mümkünsüz etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-4005/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq. Belə ki, Cavabdeh MMC-nin sabiq avtobus sürücüsü X11 03 oktyabr 2015-ci ildə Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə əmək müqaviləsi bağlanmaqla qəbul olunmuş və 22 iyul 2019-cu il tarixdə işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hadisə baş verən zaman adıgedən şəxs həqiqətən Cəmiyyətdə əmək münasibətində olmuş və hadisənin nəticəsi olaraq barəsində cinayət təqibi aparılmış və Nəsimi rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə məlum nəticə ilə mühakimə olunmuşdur. Hökm qüvvəsini aldığı gündən bir neçə gün sonra işdən azad olunmuş və hadisəni törətmiş şəxsə görə hüquqi şəxs, üzərindən 5 il keçdikdən sonra niyə məsuliyyət daşımalıdır qeyri müəyyən bir məsələdir. Burada cavabdehin düzgün seçilməməsi anlamına gəlib çıxır. Hal-hazırda, hadisə baş verən zaman əməli törətmiş şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi zərərin tələbinə dair məhkəmə qətnaməsi, sonuncunun maddi vəziyyətinin ağır olması səbəbindən icra olnunmamış qaldığı halda, 20000 manat mənəvi zərərin reqres qaydada həmin şəxsdən tələb edilib, ödətdirilməsini mümkünsüz edir. Bu da, Cavabdeh MMC-nin hüquqlarının təmin olunmamasına və kifayət qədər yüksək məbləğdə maddi ziyana getməsinə gətirib çıxarır. Yekunda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə mənəvi ziyan məbləği artırılaraq Cavabdeh MMC-dən Hüseynov Rəfailin xeyrinə 30000 manat tutularaq ödənilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərcedilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.”

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilməyən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş mənəvi zərərin məbləği dəyişdirilməlidir.

23. İlkin olaraq məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi ilə əlaqədar qeyri – mümkün hesab olunmasına dair cavabdehin mülahizəsinə münasibətdə qeyd edir ki, iddiaçının ilkin tələbi 50000 manat həcmində olmuş, sonradan artırılaraq ********* manat təşkil etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ailəni dolandıranın ölümü nəticəsində dəyən zərərin ödənilməsi barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Lakin qanunvericiliyin bu normasının məqsədi iddiaçılara bununla bağlı sui – istifadə halına şərait yaratmaq olmamış, sosial məqsədlər güdərək onsuz da artıq dəymiş ziyandan əlavə dövlət rüsumu ödəməmək üçün onlara güzşət olunması niyyətini daşımışdır. Bu halda tərəfin bu normanın güzəştindən sui – istifadə edərək iddia tələbi əvvəl 50000 manat təşkil etdiyi halda, sonradan məqsədli olaraq tələbin həcmini artıraraq ********* manat tələb etməsi və bunun nəticəsində işin növbəti mərhələrində qarşı tərəfindn apellyasiya və kassasiya şikayətlərində həmin məbləğə münasibətdə rüsum ödənilməsini tələb etməsi ədalətli olmamaqla digər tərəfindən vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər.

24. Birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

25. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasına dair iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

26. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar.

27. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi miqdarın yüksək olmaması da nəzərə alınmalıdır. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği qəsdən cinayət tbrətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai təhlükəli nəticələrini görmür və ya arzu etmir, amma qəsdən cinayət törədən şəxslər isə əksinə, ictimai təhlükəli nəticəni görür və arzu edir.

28. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı övladının 08 fevral 2019-cu il tarixdə baş vermiş ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ilə 29 iyul 2024-cü il tarixdə, yəni, 5 ildən sonra məhkəməyə müraciət etmişdir. Baş vermiş hadisədən artıq 5 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz.

30. İddiaçının nəvəsi X9 tərəfindən daha əvvəl iddia qaldırılmış və cavabdeh tərəfindən eyni predmet üzrə ona mənəvi zərərin əvəzi (30000 manat) ödənilmişdir. Qeyd olunan hal iddiaçını mənəvi zərəri tələb etmək hüququndan məhrum etməsə də, qərar qəbul edilərkən nəzərə alınmalıdır.

31. Bundan başqa mənəvi zərərin məbləği ilə bağlı nəticəyə gəlinərkən nəzərə alınmalıdır ki, zərərəçəkmiş şəxsin hüquqi varisi kimi cinayət prosesi zamanı məhkəmədə iştirak edən mərhumun qardaşı X13 ifadəsində göstərmişdir ki, “... hadisəni törədən X11 bacısının xəstəxana və yas mərasimi xərclərini tam olaraq qarşılamış, onlara maddi yardım da göstərmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır.”

32. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarın təqsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, həmçinin, hadisədən 5 ildən artıq vaxt keçməsi, artıq mənəvi zərərlə bağlı mərhumun oğluna cavabdeh tərəfindən 30000 manat məbləğində pul vəsaiti ödəməsi iddiaçıya ana kimi vurulmuş mənəvi zərərə görə məbləğ müəyyən edilərkən nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməklə ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində pul vəsaiti tutulmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü i tarixli, 2(010)- 4005/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü i tarixli, 2(010)- 4005/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti “Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar