Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1478/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: hesabdan silinmiş son haqq-hesabın qaytarılması, hər gecikdirilmiş günə görə ödəncin verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "hesabdan silinmiş son haqq-hesabın qaytarılması, hər gecikdirilmiş günə görə ödəncin verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1754/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh ASC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 479 saylı əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə "Korporativ katiblik şöbəsinin qarşılama üzrə köməkçisi” vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış təhsil müqaviləsinə əsasən cavabdeh iddiaçının 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə "EAE” universitetində “Marketinq və satış menecmenti” üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14.850 Avro məbləğində vəsaitin ödənilməsi barədə üzərinə öhdəlik götürülmüş, eyni zamanda, tərəflər razılaşmışlar ki, iddiaçı təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində cavabdeh ilə bağlanılmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsini təmin edəcəkdir. Tərərflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar, banka ödənilməli olan ödənişlər, bankın reqress qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericilikdə müəyyən olunan qaydada yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərini müştərinin bankda olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququ kimi müəyyən edilmişdir. Həmin müqavilənin xx.xx.2021-ci il tarixli, 1.1.4 nömrəli şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsinə əsasən iddiaçı bankın internet saytında yerləşdirilən həmin müqavilənin bütün şərtlərini diqqətlə oxuduğunu, hüquq və vəzifələrini başa düşdüyünü və həmin şərtlərlə razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə İddiaçı bank hesabına son haqq-hesab qeydi ilə 2.072.11 manat məbləğində vəsait köçürülmüş, xx.xx.2022-ci il tarixdə bu vəsait cavabdeh tərəfindən həmin hesabdan silinmişdir. Bundan sonra iddiaçının cavabdehə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilə ilə bağlı da məhkəmə mübahisəsi yaranmış və həmin mübahisə üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin ilk iddiası təmin edilərək, iddiaçıdan xx.xx.2020-ci il tarixli “Təhsil müqaviləsi”nə əsasən təhsil xərci əvəz olaraq ödənilmiş 12.629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, habelə 109 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması, iddiaçının “Təhsil müqaviləsi”nin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun əmək haqqı kartından qanunsuz olaraq tutulan 2.072.11 manat, hər gecikdirilmiş gün (271 gün) üçün 1% olmaqla, cəmi 5.162,55 manat məbləğində ödəncin, 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 7.284,66 manat pulun Cavabdeh ASC-dən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında heç bir kredit və ya maliyyə öhdəliyi yaradan müqavilə mövcud olmamışdır. Şifahi olaraq cavabdeh bildirmişdir ki, tutulma aralarında bağlanmış təhsil müqaviləsi əsasında həyata keçirilmişdir. Onun cavabdehə borcu yoxdur. Onun maliyyə öhdəliklərinin olduğu düşünülsə belə, bu halda da əmək haqqına (son-haqq-hesaba) 100% tutulmanın yönləndirilməsi şəxsi yaşayış üçün minimum dolanacaq imkandan məhrum etməklə əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə ziddir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. Xidmət araşdırma nəticəsində o qənaətə gəlmişdir ki, mübahisəyə məhkəmə qaydasında baxıldığından məsələ Xidmətin səlahiyyəti çərçivəsində deyildir. Halbuki, məhkəmə qaydasında baxılan mübahisə onun tamamilə fərqli məzmunda olan tələbi (işə bərpa) ilə bağlı olmuşdur. O, cavabdehlə problemin mediator vasitəsilə həll edilməsinə çalışmış, xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmişdir. xx.xx.2023-cü il tarixdə baş tutmuş mediasiya sessiyasında barışığa nail olunmamış və mediator tərəfindən razılığa gəlinməməsi barədə mediasiya arayışı təqdim edilmişdir. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulmaların əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qeyd edilən əsaslardan heç birinin mövcud olmadığını, o cümlədən tutulma ilə bağlı məhkəmə qərarının olmadığını, habelə işçinin tutulmaya razılıq vermədiyini nəzərə alaraq, cavabdehin iddiaçının əmək haqqı kartından tutulmanı həyata keçirməsi tamamilə əsassız və qanunsuzdur
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1754/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X10)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli, 479 nömrəli təhsil müqaviləsi hazırki iddianın predmeti olmasa da, tərəflər arasında yaranmış hazırki mübahisəyə məhz qüvvədə olan həmin müqavilənin şərtləri baxımından qiymət verilməlidir. Belə ki, işin araşdırılmış halları ilə hazırki iş üzrə tərəflərin qarşılıqlı razılığı əsasında mahiyyət etibarilə Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan ixtisasa yiyələnmə ilə bağlı təhsil müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan ayrıca təhsil müqaviləsi ilə rəsmiləşdirilməsi, eyni zamanda tərəflər arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən Müştərinin (iddiaçının) Bankda mövcud olan bütün hesablarından pul vəsaitinin akseptsiz qaydada silinməsi qaydası müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən işəgötürənin işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmək və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirmək öhdəliyi götürmüşlər. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən isə işçi təhsil dövründə hər hansı səbəbdən təhsilini davam etdirmədikdə, yaxud təhsilini bitirib işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə yaxud daxili intizam qaydalarını pozması və digər əsaslarla əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürənə təhsili ilə bağlı xərcləri müvafiq nisbətlərdə qaytarmağı öhdəsinə götürmüşdür. Qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu xx.xx.2022-ci il tarixdə işdən azad etmişdir. İşin materiallarından görünür ki, iddiaçı sözügedən Müqavilənin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətinin davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız hesab edilməli olmasına dair digər məhkəmənin icraatında olan mülki iş üzrə qarşılıqlı iddia versə də, onun bu iddiası rədd edilmişdir. Bu halın mövcudluğu məhkəməyə iddiaçının işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi üçün işəgötürənə təhsili ilə bağlı xərclərin müvafiq nisbətlərdə ödəmək kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, başqa sözlə cavabdehlə bağladığı müqavilənin sözügedən maddələrinə riayət etmək niyyətinin olmaması qənaətinə gəlməsinə əsas vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri və həmin müqavilə qüvvədə olduğu üçün onun hazırda müvafiq bəndlərinin digər məhkəmənin predmeti olmasından asılı olmayaraq cavabdeh iddiaçının son haqq-hesabını ödəməklə onun bank hesabına daxil olduqdan iki gün sonra iddiaçının artıq mülkiyyəti sayılan və köçürüldükdən sonra onun tərəfindən həmin mülkiyyətinə sərəncam vermədiyi pul vəsaitini sözügedən müqavilənin şərtlərinə uyğun şəkildə ödənilmiş təhsil xərcinin əvəzi olaraq pul vəsaitinin geri qaytarılmasına yönələn addım kimi iddiaçının bank hesabından silməkdə (geri qaytarmaqda) haqlı olmuşdur.
6. Məhkəmə iddiaçının - maliyyə öhdəlikləri məhkəmə tərəfindən öz təsdiqini tapacağı halda belə əmək haqqına (son-haqq-hesaba) 100% tutulmanın yönləndirilməsi şəxsi yaşayış üçün minimum dolanacaq imkandan məhrum etməklə əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə zidd olmasına dair - dəlillərinə hüquqi qiymət verməkdə davam edərək, onun yuxarıda qeyd edilən müqavilə üzrə cavabdeh qarşısında götürdüyü öhdəliklərdən yayınmasına cəhd və hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının əmək haqqı hesabından 2.072.11 manat məbləğin qanunsuz olaraq tutulması tələbinə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır.
7. Məhkəmə, iddiaçının əmək haqqı hesabından 2.072,11 manat məbləğin qanunsuz olaraq tutulması tələbinin əsassız olması təsdiqini tapdığı üçün digər törəmə iddia tələbləri olan hər gecikdirilmiş gün (271 gün) üçün 1% olmaqla cəmi 5.162,55 manat məbləğində ödəncin, 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 7.284.66 manat pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi hissələri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci, 7-ci, 11-ci, 68-ci, 83-cü, 173-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 135-ci, 389.1-ci, 390.1-ci, 399.1-ci, 405.1-ci, 560.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə qeyd edir ki, son haqq-hesab bank hesabına daxil olduqdan sonra artıq iddiaçının mülkiyyəti sayıldığına görə, işəgötürən əmək haqqı kartı üzərində əməliyyat etməkdə haqlı olmuşdur. Burada məntiqli bir sual yarana bilər. Əmək haqqı bank hesabına (əmək haqqı kartının bağlı olduğu hesaba) köçdükdən sonra mülkiyyət sayılırsa, Əmək Məcəlləsinin 175-ci maddəsi niyə mövcuddur? “Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli Qərardadına əsasən əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir...Ona görə də kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə ziddir. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulmaların əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qeyd edilən əsaslardan heç birinin mövcud olmadığını, o cümlədən tutulma ilə bağlı məhkəmə qərarının olmadığını, habelə işçinin tutulmaya razılıq vermədiyini nəzərə alaraq, cavabdehin iddiaçının əmək haqqı kartından tutulmanı həyata keçirməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Məhkəmə isə öz növbəsində mövcud maddi normaların nəinki düzgün tətbiq etməmişdir, onların mövcudluğunu inkar etmiş, sözügedən münasibətləri tamamilə fərqli yöndə şərh etmişdir. Məhkəmə iddiaçının pozulmuş əmək hüququnun bərpasını tələb etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmiş, bununla da iddiaçını fundamental insan hüquqlarından hesab olunan əmək hüququnun qorunması imkanından məhrum etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh ASC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək yazılı etirazı işin faktiki hallarına, tərəflər arasında bağlanmış müxtəlif növlü müqavilələrə və aralarında olan məhkəmə mübahisələri üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 4-cü hissəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər; 7-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir; 68-ci maddəsinin 1 və 2-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən \mək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 173-cü maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği göstərilir. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər; 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər;
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, hazırki məhkəmə mübahisəsinin əsasında tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli təhsil müqaviləsi dayanır. Belə ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçının 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə "EAE” universitetində “Marketinq və satış menecmenti” üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14.850 Avro məbləğində vəsait ödəmişdir. İddiaçı da bunun müqabilində təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində cavabdehlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Buna baxmayaraq, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (iddiaçının təşəbbüsü ilə) xitam verilmişdir.
23. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021ci il tarixdə onun əmək haqqı kartına 2.072,11 manat son haqq-hesab məbləğinin köçürülməsinə baxmayaraq, 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə bu məbləğin onun məlumatı və razılığı olmadan təhsil müqaviləsi üzrə yaranmış pul öhdəliyinə görə cavabdeh tərəfindən silindiyini bildirir. Cavabdeh isə iddiaçı ilə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli bank xidmətləri göstərilməsinin ümumi şərtlər toplusunun 2.2.4-cü bəndinə istinad edərək, iddiaçının bankda olan bütün hesablarından banka olan pul öhdəliklərinin silinməsinə akseptsiz qaydada razılıq verdiyini və məhz həmin razılığın əsas götürülərək onun əmək haqqı kartına köçürülmüş son haqq-hesabın sonradan silindiyini bildirir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən öz təşəbbüsü ilə deyil, cavabdeh bankın təzyiqi nəticəsində azad edilməsi ilə bağlı mövqeyinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Bu səbəbdən həmin hissənin araşdırılması hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz.
25. Eyni zamanda, xx.xx.2020-ci il tarixli təhsil müqaviləsinə görə bank tərəfindən iddiaçının əlavə təhsili ilə bağlı çəkilmiş xərclərin geri tələb edilməsi və təhsil müqaviləsinin əmək münasibətləri davam etmədiyi dövrdə işçinin üzərinə maliyyə öhdəliyi qoyan bəndlərinin etibarsız hesab edilməsi ilə bağlı məsələlərə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən və həmin qətnamə də qanuni qüvvəyə mindiyindən həmin hissələrə də hüquqi qiymət verilməsi hazırki məhkəmə mübahisəsinin predmetini təşkil etmir.
26. Bununla belə, xx.xx.2020-ci il tarixli təhsil müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyi, o cümlədən həmin müqaviləyə əsasən iddiaçının magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün cavabdeh tərəfindən ödənilmiş pulun xeyli hissəsinin ödənilmədiyi və ödənilməli olduğu artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmış, bununla da onun həmin müqavilə üzrə ödənilməli olan, lakin bugünədək ödənilməmiş məbləği ödəmək vəzifəsi yaranmışdır. İddia edilən məbləğin cavabdeh tərəfindən iddiaçının hesabından silinməsi zamanı 25-ci bənddə göstərilən qətnamənin hələ qanuni qüvvəsini almaması bu silinmənin qanunsuz olması anlamına gəlmir və həmin məbləğin tam şəkildə və ya hissəvi olaraq iddiaçıya qaytarılması üçün əsas yaratmış olmur.
27. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mövcud olan əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və həmin tarixdə də son haqq-hesab olaraq və hər hansı tutma aparılmadan 2.072,11 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür. Bu baxımdan həmin vaxt Əmək Məcəlləsinin bu sahəni tənzimləyən, o cümlədən iddiaçının istinad etdiyi 175-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra tərəflər arasında hər hansı əmək münasibətləri olmamış, onlar biri-digərinə münasibətdə artıq işəgötürən işçi statusunu itirmişdilər. Bu baxımdan həmin hadisədən iki gün sonra, yəni qeyd edilən məbləğin iddiaçının hesabından silinməsi zamanı bu məbləğ hüquqi nəticə etibarı ilə artıq əmək haqqı deyil, iddiaçının mülkiyyətini təşkil edən pul kütləsi olmuşdur. Bu baxımdan həmin silinmənin qanuniliyinə hüquqi qiymət verilərkən bilavasitə işəgötürənlə işçi arasında yaranmış və mövcud olan əmək münasibətləri çərçivəsində işəgötürən tərəfindən ödənilən əmək haqqından tutulmalara yol verilən halları tənzimləyən Əmək Məcəlləsinin 175-ci, habelə hər hansı digər maddəsi tətbiq edilə bilməz.
28. Məhkəmə kollegiyası silinmənin qanuniliyinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun (müqavilənin) 2.2.4-cü bəndinə əsasən iddiaçı kredit, faizlər, komissiyalar, banka ödənilməli olan ödənişlər, bankın reqress qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericilikdə müəyyən olunan qaydada yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərinin bank tərəfindən onun bankda olan bütün hesablarından akseptsiz qaydada silinməsinə razılıq vermişdir. İddiaçı həmin müqavilənin təzyiq altında imzalamasını bildirmir. Onlar bu müqaviləni sərbəst şəkildə iradələrini ifadə etməklə bağlamışlar və müqaviləni imzalamaqla onun bütün şərtlərini qəbul etdiklərini bəyan etmişlər. Nəzərə alınmalıdır ki, bu müqaviləni (şərtlər toplusunu) imzalamaqla yanaşı, iddiaçı həmin tarixdə bu şərtləri qəbul etməsi barədə ayrıca razılıq ərizəsi də imzalamış və həmin sənədin məzmununa uyğun olaraq ona aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq edərək, bu şərtlərlə razı olduğunu bildirmişdir. Bununla belə, qeyd edilən vəsaitin silinməsində hər hansı qanunsuzluq və ya özbaşnalıq olmamış, cavabdeh aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ona yaratdığı hüquqi imkanlardan istifadə etmiş və iddiaçının ona mövcud olan borcunun bir hissəsini bu qaydada əvəzləşdirmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının bu tələbinin əsassız olduğunu təsdiq edir və həmin hissədə iddianın rədd edilməsini şərtləndirir.
29. Hüquqi nəticə etibarı ilə iddiaçı mövcud vəziyyətdə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsini tələb edir ki, onun bu hərəkətləri də hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin "hesabdan silinmiş son haqqhesabın qaytarılması" hissəsinin təmin edilməməsi iddianın “hər gecikdirilmiş günə görə ödəncin verilməsi və mediasiya xərcinin ödənilməsi” ilə bağlı hissələrinin də təmin edilməməsini şərtləndirir. Belə ki, "hesabdan silinmiş son haqq-hesabın qaytarılması" tələbinin rədd edilməsi, hüquqi nəticə etibarı ilə iddianın digər hissələrinin də əsaslılığını tam aradan qaldırmış olur. Belə ki, həmin tələblər "hesabdan silinmiş son haqq-hesabın qaytarılması" tələbinə münasibətdə törəmə tələblər qismində çıxış edir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2(009)-1754/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.