Məhkəmə qərarları › İş №2(103)-1481/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1481/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1481/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(009)-513/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş əri X2 ölümünə görə vurulmuş mənəvi zərərin əvəzi kimi ******* (üç milyon) manat pulun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2017-ci ilin may ayında N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X15 N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları ilə birlikdə iddiaçının əri X2 guya düşmənlə əməkdaşlıq etməsini etiraf etdirmək məqsədilə ona mütəmadi olaraq xüsusi amansızlıqla ağır iztirablar verməklə zorakı hərəkətlərə məruz qoymuş, X10 aldığı çoxsaylı xəsarətlərdən 15 may 2017-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüşdür. Tanımadığı şəxslər X14 meyitini gətirib guya vətən xaini olduğuna görə kənd qəbiristanlığında dəfn olunmağa layiq olmadığını bildirərək qəbiristanlıqdan kənarda ekskavatorla qazıb basdırmışlar. Ərinin meyiti ona göstərilmədiyinə və meyit ondan xəbərsiz basdırıldığına görə o, 11 ay ərzində ərinin basdırıldığı yeri bilməmiş, bundan 11 ay sonra ərinin meyiti müstəntiq tərəfindən eksqumasiya olunaraq basdırıldığı yerdən çıxarılmışdır. Eksqumasiyadan sonra onlar Səxavət Binnətovu kənd qəbiristanlığında dəfn etmişlər. İstintaq zamanı Səxavət Binnətovun hər hansı cinayəti törətməkdə təqsirli olmaması, onun səhvən hərbi hissəyə gətirilib etmədiyi cinayəti---düşmənlə əlbir olma cinayətini boynuna qoymaq məqsədilə zorakılığa məruz qalması müəyyən edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Səxavət Binnətovun ölümündə təqsirli olan şəxslər----X15 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 10 il müddətinə, X8 CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə, X6 CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. X14 amansızcasına öldürülməsi, ona vətən xaini damğası vurulması, onun müsəlman qayda-qanunlarına uyğun olaraq deyil, insanlığa yaraşmayan bir şəkildə basdırılması, ailənin başsız qalması iddiaçının mənəvi əzab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(009)- 513/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat pulun dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ona maddi və mənəvi zərər vurulmasına dair kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə onun iddiasını qismən təmin etmiş, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(009)-513/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, 1983-cü il təvəllüdlü X7 ilə 1983-cü il təvəllüdlü İddiaçı 09 yanvar 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. N saylı hərbi hissə tərəfindən verilmiş 01.06.2014-cü il tarixli şəxsi vəsiqənin surətinə əsasən, X1 rayonu Cəmilli kənd sakini olmaqla N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyul 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədə X2 15 may 2017-ci il tarixdə qarın boşluğu orqanlarının travması nəticəsində ölməsi qeyd olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Səxavət Binnətovun ölümündə təqsirli olan şəxslər----X15 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 10 il müddətinə, X8 CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə, X6 CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)- 7/2019 saylı hökmündən məhkum Qurban Cümşüdovun müdafiəçiləri, Cavid Ağadadaşovun müdafiəçisi və zərərçəkmiş şəxslərin hüquqi varisləri və mülki iddiaçılar tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 1-1(104)-51/2019 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)- 7/2019 saylı hökmü dəyişdirilmiş, X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(098)- 7/2019 saylı hökmü və hazırkı qərarla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi nəzərə alınmaqla təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü və hazırkı qərarla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X3 qəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 1-1(104)-51/2019 saylı qərarından məhkumların müdafiəçiləri, zərərçəkmiş şəxslərin hüquqi varisləri və onların nümayəndələri tərəfindən kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2021-ci il tarixli, 1-1(102)- 3/2021 saylı qərarı ilə kassasiya protesti tam təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varislərinin kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 1-1(104)-51/2019 saylı qərarı X3 və X5 cəza təyin olunmasına aid hissələrdə ləğv edilmiş, cinayət işi həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilmiş, məhkumların kassasiya şikayətlərinin geri qaytarılması barədə ərizələri təmin edilmiş və onların müdafiəçilərinin verdiyi kassasiya şikayətləri geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü madddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışının şərh olunması ilə əlaqədar 31.05.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İş materiallarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü X11 aid hissədə qüvvədədir, digər təqsirləndirilən şəxslərə aid hissədə məhkəmə baxışı davam etdirilir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, X15 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən 08 may 2017-ci il tarixdə günorta saatlarında dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X4 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən, N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, Səxavət Binnətova xəsarətləri yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X10 11 may 2017-ci il tarixdə saat 11 radələrində 056 nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, 15 may 2017-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin cırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür. Beləliklə, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və iddiaçının keçirdiyi mənəvi sarsıntının dərəcəsini nəzərə alaraq İddiaçı iddiasını qismən təmin etməklə vurulmuş mənəvi zərərin əvəzinin ağlabatan məbləğdə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(009)- 513/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar