Məhkəmə qərarları › İş №2(103)-1482/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1482/2020

31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1482/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Cavabdeh1nə və Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh MMC-nin, ona (iddiaçıya) məxsus olan “BMW X6M” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixdə verdiyi “əmlakın qiymətləndirilməsi barədə hesabatın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(103)-1634/2017) ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı və (hazırki iş üzrə tərəf olmayan) X1 müştərək qaydada cəmi 44.899,89 ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi tarix üçün müəyyən olunacaq rəsmi məzənnə uyğun olaraq Azərbaycan manatı ilə) “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan (yuxarıda qeyd edilən) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehlərin yuxarıda qeyd olunan borcunun ödənilməsi və sair qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İcra hərəkətlərini həyata keçirən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında avtomobil cavabdeh MMC tərəfindən qiymətləndirilmiş və bu barədə xx.xx.2018-ci il tarixdə “Hesabat” təqdim edilmişdir. Həmin “Hesabata” görə avtomobil 35.000 manat dəyərində qiymətləndirilmişdir. Halbuki, ipoteka ilə yüklü edilən zaman avtomobil 60.000 manata qiymətləndirilmişdir. Odur ki, avtomobilin qiymətləndirilməsi barədə MMC-nin verdiyi “Hesabat” ləğv edilməli və qiymətləndirmə yenidən keçirilməlidir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və avtomobilin qiymətinin 27.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə üçüncü şəxs olan “X3 Azərbaycan” QSC-nin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu isə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun “Tələbin borclunun əmlakına yönəldilməsi” adlı İV Fəslinin “İcra haqqında” Qanunun “Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası” adlı 45-ci və “Üzərinə həbs qoyulmuş əmlakın satılması” adlı 53-cü maddələrinin mənasına görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1.). Borcluya məxsus və ya üzərinə həbs qoyulmuş əmlak Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun qeyd edilən Fəslinə aid “Borclunun əmlakının qiymətləndirilməsi” adlı 51-ci maddəsinə görə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur (maddə 51.1.). “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun “Qiymətləndimə üçün əsas” adlı 6-cı maddəsinə görə, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. İşin hallarından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi “əmlakın qiymətləndirilməsinin nəticələri haqında hesabat” Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin (İş № 2(103)-1634/2017) icrası ilə bağlı verilmişdir. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının mənasından göründüyü kimi tələbin borclunun əmlakına yönəldilməsi zamanı, əmlak, bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən icra hərəkətlərini həyata keçirən icraçının sifarişi əsasında təşkil edilmiş hərracdan satılır. Hərrac keçirilərkən həmin əmlakının qiymətləndirilməsi icra məmuru tərəfindən dəvət olunmuş və onunla icraçı arasında bağlanmış müqavilə əsasında qiymətləndirici tərəfindən həyata keçirilir. Keçirilmiş qiymətləndimənin nəticəsi ilə qiymətləndirici “əmlakın qiymətləndirilməsinin nəticələri haqında hesabat” verir. Qeyd edilən maddi hüquq normalarının mövcud mülki mübahisənin tətbiqi nəticəsində müəyyən edilir ki, qiymətləndirici, onunla icraçı arasında bağlanmış müqavilə əsasında hərəkət etdiyindən qiymətləndiricinin “əmlakın qiymətləndirilməsinin nəticələri haqında hesabatın” verilməsindən ibarət hərəkəti ayrıca deyil icra hərəkətini həyata keçirən icraçının hərəkəti ilə məcmu halda mübahisələndirilə bilər. Lakin, iddia ərizəsindən görünür ki, iddiaçı, icraçının hərəkətindən şikayət etməmişdir. Bununla da müəyyən edilir ki, müzakirə edilən iddia əsasında başlanmış işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 20-ci Fəslinə aid olan 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 391-ci maddəsinin mənasına görə isə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, MPM-nin 20-ci Fəslində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında işin icraatına xitam verilməklə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi ilə yanaşı avtomobilə yeni qiymət qoyulması xahiş olunduğuna görə, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 365, 391, 384.0.4, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC və Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbi barədə” iddiası üzrə başlanmış mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar