Məhkəmə qərarları › İş №2(103)-1482/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1482/2022

10.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1482/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh1, Bakı çəhəri 52 saylı Notariat ofisinə qarşı “bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3542/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1, Bakı çəhəri 52 saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olub, mənzilə dair mülkiyyət hüququ 10.06.2011-ci ildə dövlət qeydiyyatına alınıb. İslam-zadə Elxan Sadıx oğlunun iki övladı var - İddiaçı və cavabdeh İslam-zadə Oktay. Elxan İslam-zadə arvadı vəfat etdikdən sonra qeyd edilən mənzildə tək yaşayıb, 2016-cı ildən Şahxanım Əmirova ona baxıb, 2019-cu ilin oktyabr ayından etibarən Elxan İslam- Zadənin səhhətindən problemlər əmələ gəlməyə başlayıb, sonuncu özünü idarə etməkdə çətinlik çəkdiyi üçün Şahxanım Əmirova oğlu ilə birlikdə Elxan lslam-zadəyə baxmışlar, noyabr ayının ikinci ongünlüyündə isə Elxan İslam-zadənin səhhəti kəskin pisləşmiş və 19 noyabr 2019-cu il saat 10:30 radələrində vəfat etmişdir. İslam-zadə Elxan Sadıx oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən Elxan İslam-zadə mənzili oğlu Oktay İslam-zadəyə bağışlayıb. Notariat hərəkəti həmin tarixdə saat 14:20 rədələrindən qeyd edilən mənzildə aparılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 20.08.2020-ci il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Oktay Elxan oğluna məxsusdur. Tərəfindən cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, 30.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixli 4Ə- 1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019-cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməyib. Həmin qətnamədən apellyasiya şkayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5004/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi"-nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi öz mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulub. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilib ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlf motivlə sağikən verilən sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunanlara əsasən kollegiya iddiaçıya izah edir ki, o, məcburi paylarının tamamlanması tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqi ilə məhdudlaşmış olmasın. Konstitusiya məhkəməsinin yuxarda qeyd edilən qərarında göstərilir ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulan hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanan şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanan əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmayan hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, - əşya bağışlama yolu ilə üçüncü şəxsin həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Beləliklə hesab edir ki, işin yuxarıda qeyd edilən əsaslarına görə iddiaçı bağışlama müqaviləsi ilə məcburi pay hüququndan məhrum olduğundan, məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranıb, bunun üçün ilk növbədə müqavilə və çıxarış ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3542/2021 saylı 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “İddiaçı Cavabdeh1, Bakı çəhəri 52 Saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olaraq belə əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək əvvəlki iş üzrə apellyasiya məhkəməsinin tövsiyəsini, həmçinin mübahisəyə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında mövcud olan hüquqi mövqeyi nəzərə alaraq mübahisələndirilən müqavilənin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, müqavilə bağlanmasaydı, potensial vərəsə olaraq ona da miras kütləsindən pay çatacaqdı, lakin mərhum atasının vəfat etməmişdən bir gün öncə bağladığı müqavilə onu bu hüququndan məhrum etmişdir. Hazırda ona çatası payı tələb edir. Məhkəmə AR Mülki Məcəllənin 1151.1, 1193-ci maddələrini düzgün tətbiq etməmiş, hazırki mübahisə çərçivəsində mülki qanunvericiliyin vərəsəliyə dair hüquq normalarının tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Mübahisə bağışlama müqaviləsi üzrə yaranmış hüquqla bağlı olduğundan, ilkin olaraq bağışlama müqaviləsinə dair müddəaların tətbiq edilməsi məsələsi nəzərdən keçirilməli idi. Məhkəmə isə hazırki iddia predmeti və irəli sürülmüş tələbdən kənara çıxmaqla mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarını tətbiq edib, əsassız nəticəyə gəlmişdir. Mülki Məcəllənin 666.1 və 1200-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Halbuki mübahisəyə dair artıq qanuni qüvvəsini almış məhkəmə aktı və həmin qətnamə üzrə müəyyən edilmiş hallar mövcuddur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara birtərəfli, qeyri-obyektiv hüquqi qiymət vermiş, prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellasiya şikayətinin təmin edilməməsi, Nizami Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası gəldiyi bu qənaəti aşağıda göstərilənlərlə əsaslandırır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh doğma qardaşdır, onların atası X3 olmuş, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olmuşdur. Elxan İslamzadə həmin mənzili 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında oğlu Oktay İslam-zadəyə bağışlamışdır. 19 noyabr 2019-cu il tarixdə isə Elxan İslamzadə ölmüşdür. Bundan sonra iddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, 30.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1193-cü maddələrinə istinad edərək göstərmişdir ki, mirasdan məcburi pay və ya onun tamamlanması o halda tələb oluna bilər ki, mirasqoyan vərəsələrdən birinin (bir neçəsinin) və ya vərəsə olmayan şəxsin və ya dövlətin xeyrinə vəsiyyətnamə qoysun. Hazırkı halda bu hal baş verməmişdir. Belə ki, mülkiyyətçi İslamzadə Elxan Sadıx oğlu vəfat etməzdən əvvəl öz əmlakını qanunla müəyyən olunan qaydada özgəninkiləşdirmişdir. Bu səbəbdən mübahisələndirilən mənzil miras əmlak deyil və X1 qalmış miras kütləsinə aid oluna bilməz. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hüququn tətbiqi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddianın məzmunundan görünür ki, İddiaçı iddia tələbinin faktiki əsası mübahisəli evə mirasda olan məcburi pay hüququnun tamamlanması olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin bu qərarında miras qoyan şəxsin sağ ikən öz əmlakı üzərində sərəncam verərək bağışlama yolu ilə özgəninkiləşdirməsi zamanı miras əmlakda məcburi pay hüququ olan şəxslərin hüquqlarının pozulduğunu və həmin vərəsələrin bağışlanmış əmlak hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüququnun olduğunu təsbit etmişdir. Deməli, hazırkı iş üzrə iddiaçı mərhum Elxan İslamzadənin məcburi pay hüququna malik birinci növbəli vərəsəsi olmaqla, miras qoyanın sağ ikən bağışladığı əmlak hesabına mirasda məcburi payının tamamlanmasını tələb etmək hüququ olmuşdur. Lakin birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı miras payının tamamlanmasını tələb edərkən qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Belə ki, mülki qanunvericilikdə mirasın qəbulu üçün müddətlər müəyyən edilmişdir ki, həmin müddətlərin ötürülməsi miras əmlakın qəbul edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində təsbit olunmuşdur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. İşin müəyyən edilmiş hallarından və qeyd olunan qanun normalarından görünür ki, iddiaçının vərəsə kimi miras əmlakı qəbul etmək və bu əmlakla bağlı hər hansı tələb irəli sürmək hüququ mirasqoyan İslam-zadə Elxan Sadıx oğlunun öldüyü 19 noyabr 2019-cu il tarixdə yaranmış və 6 (altı) ay müddətində davam etmişdir. Lakin iddiaçı bu müddət ərzində mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmiş, bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, 19 noyabr 2019-cu il tarixdə vəfat etmiş İslamzadə Elxan Sadıx oğlundan miras qalmış əmlakın (Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil) iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və məcburi payın tamamlanmasını mübahisələndirmək hüququna malik olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3542/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1, Bakı çəhəri 52 Saylı Notariat ofisinə qarşı “bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması”na dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar