Məhkəmə qərarları › İş №2(103)-1483/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1483/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1483/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun tutulması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun tutulması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2023cü il tarixli 2(005)-644/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 27 iyun 2018-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit sazişinə görə İddiaçı ilə Cavabdeh ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 21.5% hesablanmaqla 2286 manat məbləğində kredit xətti açmağı, borc alan isə müəyyən olunmuş qrafik əsasında kredit məbləğini və faizləri qaytarmağı öhdəsinə götürmüşdür.

2. 27 iyun 2018-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü edilmişdir.

3. İddiaçı Cavabdeh ASC-nin hesabına xx.xx.2020-ci il tarixli qəbzə görə 660 manat, xx.xx.2021-ci il tarixli qəbzə görə 337 manat, xx.xx.2022-ci il tarixli qəbzə görə 50 manat, 1075 nömrəli qəbzə görə 276 manat, xx.xx.2021-ci il tarixli qəbzə görə 100 manat, xx.xx.2021-ci il tarixli qəbzə görə 400 manat, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərə görə 400 manat, 26 may 2022-ci il tarixli ödəniş tapşırığına görə 107 manat ödəniş etmişdir.

4. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili X1.

5. Cavabdeh ASC-nin arayışına əsasən İddiaçı 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi (məbləğ-17500 manat) üzrə Cavabdeh ASC qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur.

6. 25 may 2022-ci il tarixli ödəniş tapşırığından görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə İddiaçı hesabına 20.575,01 manat pul köçürülmüşdür.

7. 30.09.2022-ci il tarixli ərizədə İddiaçı Cavabdeh ASC-yə müraciət edərək, artıq ödənilmiş pulun ona qaytarılmasını xahiş etmişdir.

8. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, MK/584887/77/4 saylı kredit müqaviləsiyə əsasən 17500 manat məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kredit öhdəliyindən kənar ödədiyi 6668 manatın, həmin vəsaitin 25 may 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək olan dövr üzrə faizi olan 222 manatın, dəymiş mənəvi zərərin əvəzi olan 3000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 119 manatın cavabdehin hesabından tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə 28 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsi üzrə cəmi 3593 manat ödəniş etmişdir. Lakin cavabdehin əməkdaşları 2022-ci ilin yanvar ayından etibarən ona mütəmadi olaraq zəng edib hədə-qorxu gələrək onun cavabdehə əlavə olaraq 20575 manat borcu olduğunu, bu borcu ödəmədiyi təqdirdə mülkiyyətində olan ipotekaya qoyduğu mənzili açıq hərracda ucuz qiymətə satılmasını təşkil edəcəklərini bildirirmişlər. O da qorxuya düşərək ünvan 2 ünvanda yerləşən mənzilini ünvan 3ladığı alqı-satqı müqaviləsinə əsasən bazar qiymətindən aşağı qiymətə satmış və həmin alqısatqıdan əldə etdiyi pul vəsaiti hesabına 25 may 2022-ci il tarixdə cavabdehin bank hesabına 20575 manat pul köçürmüşdür. Daha sonra araşdırmışdır ki, cavabdehin əməkdaşları onu aldatmışlar, cavabdehin Baş İdarəsinə müraciət edərək 23 sentyabr 2022-ci tarixli arayış almış, həmin arayışa əsasən onun 28 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə (məbləği 17500) cavabdeh qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur. Bundan sonra dəfələrlə cavabdehə müraciət edərək kredit öhdəliyindən kənar ödədiyi vəsaitin ona qaytarılmasını tələb etsə də, cavabdeh həmin pulun qaytarılmasından imtina etmişdir. Həkim tərəfindən ona əsəb, stress və yuxusuzluq diaqnozu təyin olundu.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1125 nömrəli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı ilə Cavabdeh ASC arasında 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2022-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 17123,16 manat, faiz borcu üzrə 3480,74 manat, İddiaçı ilə Cavabdeh ASC arasında 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsinə əsasən hesabdan çıxarış məlumatlarında xx.xx.2022-ci tarixdə 20.757.01 manat məbləğində ödəniş olunması, həmin məbləğin bank tərəfindən 3461.42 manatını faiz məbləğindən, 17123,58 manatını əsas məbləğdən silinməsi müəyyən edilir.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5889/2023 nömrəli rəyindən görünür ki, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi şərtlərinə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixə (arayışın tarixinə) Cavabdeh ASC-yə 988,74 manat məbləğində artıq ödənişi müəyyən edilir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 oktyabr 2023-cü il tarixli 2(005)-644/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) (qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 988,74 manat pulun tutulması, iddia üçün ödənilmiş 119 manat dövlət rüsumunun 12 manatının Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması, qalan hissədə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatları üçün ödənilmiş 150 manat ekspertiza xərcinin 75 manatının İddiaçı, 75 manatının isə Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1125 nömrəli rəyində iddiaçının kredit müqaviləsi üzrə əlavə pul məbləği ödəyib- ödəməməsi məsələsinə qiymət verilmədiyindən, məhz bu səbəbdən məhkəmə tərəfindən təkrar ekspertizanın təyin edilməsi barədə Qərardad qəbul edilmiş, xx.xx.2023-cü il tarixli 9/5889/2023 nömrəli rəy ilə iddiaçı tərəfindən 998,74 manat məbləğində pulun artıq ödənilməsi müəyyən edilmişdir. Belə olan təqdirdə həmin rəy əsas götürülməli və iddia tələbi 6668 manat kredit öhdəliyindən artıq ödənilmiş pulun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 998,74 manat məbləğində pul tutularaq ödənilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, İddiaçı Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad edərək cavabdehdən pul məbləğinin tutulmasını tələb etmək hüququna malik deyildir.

16. Məhkəmə iddia tələbinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, mənəvi zərərlə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən və əsaslar olmadığından iddia bu hissədə də təmin edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 445.7, 449.1, 449.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, ödənilmiş və cəriməyə silinmiş ödəniş məbləğləri nəzərə alınmamışdır. Müqavilə şərtlərinə uyğun qaydada hesablandıqda cavabdehin qalıq borcu sonuncu ödəniş gününə cəmi 20575,01 manat təşkil etmişdir. İkinci ekspertiza rəyində cərimə borclarına silinmiş 734,42 manat məbləğ nəzərə alınmamışdır. Şəxsin kredit hesabı VÖEN ilə bağlı hesab olmuşdur və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və DSMF tərəfindən kredit hesabına qoyulmuş inkasso sərəncamları üzrə tutulmalar nəzərə alınmamışdır. xx.xx.2021 tarixli **********9AS saylı sərəncamla xx.xx.2021-ci il tarixində 92.26 manat və həmin pulu köçürməyə görə 0.50 manat komissiya, 11 manat və 0.50 manat komissiya, 0.08 manat və 0.50 manat komissiya, xx.xx.2021 il tarixli **********2AT saylı sərəncamla 2.50 manat və 0.50 qəpik komissiya, 10 manat və 0.50 komissiya, 0.84 manat və 0.50 komissiya tutulmaları ekspertiza rəyində tədqiqat aparılarkən nəzərə alınmamışdır və Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən belə təəsürat yaranır ki, şəxsin dövlət borclarına görə öhdəlik bank tərəfindən qarşılanmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə, iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

32. Göründüyü kimi tərəflər arasında 28 oktyabr 2020-ci il tarixdə MK/584887/77/4 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh ASC-nin arayışına görə İddiaçı 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi (məbləğ-17500 manat) üzrə Cavabdeh ASC qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur.

33. İddiaçı hazırki tələbində kredit öhdəliyindən kənar ödədiyi 6668 manatı tələb etmişdir.

34. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5889/2023 nömrəli rəyinə görə İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 28 oktyabr 2020-ci il tarixli MK/584887/77/4 saylı kredit müqaviləsi şərtlərinə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixə (arayışın tarixinə) Cavabdeh ASC-yə 988,74 manat məbləğində artıq ödənişi müəyyən edilmişdir.

35. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ikinci ekspertiza rəyində cərimə borclarına silinmiş 734,42 manat məbləğ nəzərə alınmamışdır.

36. Kollegiya qeyd edir ki, sözügedən ekspert rəyində göstərilmişdir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “AZ02JBBK02434000MK58487A77P” saylı hesabda cərimə faizlərinin silindiyi əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “2434” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borclarına”, “7061” saylı hesabın isə “Alınmış cərimələr, penya, dəbbə pulu və s. məbləğlər – milli valyutada” aid olduğu müəyyən edilmişdir. Belə olduğu halda 28 oktyabr 2020-ci il tarixli MK/58487/77/4 nömrəli kredit sazişi üzrə İddiaçı cərimə borcu hesablanıb silinməmişdir.

37. Göründüyü kimi cavabdehin cərimə məbləği ilə bağlı dəlili əsassızdır.

38. Cavabdehin ikinci dəlili isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və DSMF tərəfindən kredit hesabına qoyulmuş inkasso sərəncamları üzrə tutulmaların nəzərə alınmaması ilə bağlıdır.

39. Bu hissədə Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

40. Belə ki, təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2021 tarixli **********9AS saylı sərəncamla xx.xx.2021-ci il tarixində 92.26 manat və həmin pulu köçürməyə görə 0.50 manat komissiya, 11 manat və 0.50 manat komissiya, 0.08 manat və 0.50 manat komissiya, xx.xx.2021 il tarixli **********2AT saylı sərəncamla 2.50 manat və 0.50 manat komissiya, 2.50 manat və 0.50 manat komissiya, 10 manat və 0.50 manat komissiya, 0.84 manat və 0.50 manat komissiya tutulmaları olmuşdur. Lakin bu tutulmalar ekspertiza zamanı nəzərə alınmamışdır.

41. Ona görə də Kollegiya hesab edir ki, bu tutulmalar ekspert rəyi ilə müəyyən edilmiş artıq ödəniş məbləğindən çıxılmalıdır.

42. Beləliklə, bankdan iddiaçının xeyrinə tutulmalı olan artıq ödənilmiş məbləğ 866,06 (988,74-122,68) manat müəyyən edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-644/2023 nömrəli iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulmalı olan məbləğ 866,06 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar