Məhkəmə qərarları › İş №2(103)-1491/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1491/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1491/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi və Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli 00156 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”-nə xitam verilməsi və cavabdehin ünvan 1 A, mənzil 39 ünvanda yerləşən xidməti mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)-425/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət 2(004)-425/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6143/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qərardadı ləğv edilmiş, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün (ərizəyə yenidən baxılması üçün) Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Qərardaddan iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 2(004)-425/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 124 nömrəli Qərarına əsasən hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarının xx xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri onların xidməti vəsiqələri və ya iş yeri barədə arayışı əsasında tənzimlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli 05 nömrəli qərarında fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış apellyasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Eyni zamanda, cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi xx xxxxx 2020-ci il tarixli məktubdan da görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən 2020-ci ili aprel ayında vətəndaşa müvafiq məktub göndərmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim olunmuş xx xxxx 2020-ci il tarixli əmrdən müəyyən olunur ki, Nazirliyin aparatının 9 mülki işçi olan hüquqşunası 2020-ci ilin martın 30-dan aprelin 30-dək məzuniyyətə göndərilmişdir. Nazirliyin Hüquq İdarəsinin əməkdaşlarının (hüquqşunasların) sayı barədə məhkəməyə sübut təqdim olunmamışdır. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsində iddiaçını Müdafiə Nazirliyinin X5 təminat və təmsilçilik şöbəsinin rəisi X4 təmsil etmişdir. xx xxxx 2020-ci il tarixli məzuniyyət əmrində həmin şəxs göstərilməmişdir. Göründüyü kimi, Hüquq İdarəsinin əməkdaşları tam tərkibdə məzuniyyətdə olmamışlar. Bundan əlavə Müdafiə Nazirliyinə daxil olmuş qətnamənin göndərilməsi barədə məhkəmənin xx xxxxx 2020-ci il tarixli məktubunun üzərində qoyulmuş dərkənardan görünür ki, qətnamədən apellyasiya şikayətinin hazırlanması Hüquq İdarəsinin E.Şərifov adlı əməkdaşına həvalə edilmişdir. Həmin şəxsin adı isə xx xxxx 2020-ci il tarixli əmrdə məzuniyyətə çıxan şəxslər siyahısında göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən,məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-m xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən üzrlü səbəbdən buraxıldığını sübut edən sənədlər məhkəməyə təqdim olunmadığından birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının şikayətində sadaladıqları hallar qətnamədən şikayət verilməsinin üzürlü səbəbdən buraxılması halı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-425/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar