Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4952/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Nazim Rüstəm oğluna qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 52 saylı evin 28,0 kv.metr sahəsi olan 7 saylı mənzilin cavabdeh tərəfindən icarəyə götürməsi və öhdəliyin icra edilməməsi səbəbindən ona vurulmuş zərərin əvəzi olaraq 1.659 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını, cavabdehin həmin mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və bu fakt ÖM seriyalı, 030988 saylı, xx.xx.2000-ci il tarixli “Qeydiyyat vəsiqəsi” ilə təsdiq edilir. xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh razılığa gəlmişlər ki, cavabdeh həmin mənzili ayda 450 manat pulu iddiaçıya ödəmək şərti ilə icarəyə götürür. Bununla bağlı olaraq həmin tarixdə onların arasında “İcarə müqaviləsi” bağlanmışdır. Cavabdeh həmin mənzili qəbul edib hazırki dövrə qədər mənzildən istifadə etsə də, icarə haqqını vaxtlı-vaxtında ödəməmişdir. Belə ki, cavabdeh icarə haqqının bir hissəsini ödəmiş, sonradan ödənişləri dayandırmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə teleqram vuraraq icarə haqqını ödəməsini xahiş etmişdir. Bundan sonra cavabdeh, mənzildən çıxacağını və icarə haqqından qalan borcu ödəməyi iddiaçıya bildirmişdir. İddiaçı yenidən xx.xx.2018-ci il tarixdə dəyəri 18 manat olan teleqram vurmuş, mənzilin elektrik enerjisindən istifadə üçün 27 manat, su puluna görə 14 manat ödəmişdir. Cavabdeh mənzildən çıxmır və mənzili təhvil verməkdən yayınır. İddiaçı cavabdehi mart ayının əvvəllərindən mənzildə tapa bilmir, mənzilin də açarları cavabdehdə olduğundan o mənzilə daxil ola bilmir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək və bu zaman 30 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verməmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçının istinad etdiyi “İcarə müqaviləsi” qanunun tələbləri pozulmaqla bağlanmışdır. Çünki, ona icarəyə mənzil verilmiş, müqavilədə isə qeyd edilib ki, icarəçi icarəyə götürdüyü sahədən ancaq sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər. Cavabdeh isə həmin sahəni sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün deyil, orada yaşamaq üçün icarəyə götürmüş və orada yaşamışdır. Bundan başqa həmin müqavilə notarial qaydada bağlanmamış və təsdiq edilməmişdir. Belə olan halda cavabdehin həmin müqavilə üzrə öhdəlikləri yarana bilməz. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsi” evlərin və obyektlərin alğı-satqısının və icarəyə verilməsini həyata keçirən dəllal (makler) tərəfindən tərtib edilmişdir. Həmin makler özündə olan hazır blankdan istifadə etmişdir. Buna görə də müqavilədə qeyd edilib ki, icarəçi icarəyə götürdüyü sahədən ancaq sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər. Lakin müqavilədə açıq-aşkar surətdə qeyd edilib ki, icarəyə verilən sahə mənzildir. Hər bir halda cavabdehin dəlilləri ona yönəlib ki, vurulmuş ziyanı ödəməsin. İcarəyə görə 1.600 manatın ödənilməmiş qalmasına baxmayaraq cavabdeh hətta istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış 27 manatı, istifadə etdiyi suya görə isə 14 manatı ödəməmişdir, halbuki, müqavilənin şərtinə görə, cavabdeh kommunal xərcləri, istifadə etdiyi elektrik enerjisinin və suyun əvəzini ödəməli idi. Bu azmış kimi o, məcburiyyət qarşısında qalaraq cavabdehə teleqramlar vurmuş və buna görə 18 manat məbləğində pul ödəmişdir. Odur ki, hesab edir ki, işə baxmış Rayon Məhkəməsi cavabdehdən onun xeyrinə 1.659 manat məbləğində pulun tutulmasını, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsini qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “İcarə müqaviləsindən” görünür ki, qeyd edilən mənzil, içərisində olan bütün əşyalar və avadanlıqlar ilə birlikdə aylıq ödəniş 450 manat olmaqla 1 illik müddətə iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İş üzrə tərəflərin bildirdiklərindən, həmçinin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh icarə haqqını lazımi qaydada ödəməmişdir. İddiaçı bildirir ki, icarəyə görə cavabdeh tərəfindən ona edilməli ödənişlər tam həcmdə ödənilməmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, həmin “İcarə müqaviləsi” müqavilə notarial qaydada bağlanmamış və təsdiq edilməmişdir. Belə olan halda onun həmin müqavilə üzrə öhdəlikləri yarana bilməz. Müzakirə edilən bu tələbin həlli və cavabdehin göstərdiyi dəlillə bağlı Məhkəmə bildirir ki, Azərbaycan respublikası Mülki Məcəllənin 700-cü maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2.). Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə icarə müqaviləsinin mütləq notarial qaydada bağlanması imperativ qaydada müəyyən edilməyib. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda bu növ müqavilələrin notarial formada bağlanması qaydası qəbul edilsə belə, bu halda da, iddiaçının tələbi “əsassız varlanmaya” aid Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsasən əsaslı hesab edilərək təmin edilməlidir. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin bu tələbin təmin edilməsi barədə nəticəsi faktlar nöqteyi-nəzərindən işin hallarına uyğundur. Apellyasiya şikayətinin müzakirə edilən dəlilli əsassızdır. Cavabdeh apellyasiya şikayətində daha sonra bildirir ki, iddiaçı tərəfindən ona icarəyə mənzil verilsə də, “İcarə müqaviləsində” qeyd edilib ki, icarəçi icarəyə götürdüyü sahədən ancaq sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər. O isə həmin sahəni sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün deyil, orada yaşamaq üçün icarəyə götürmüş və orada yaşamışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsində” həqiqətən də qeyd edilib ki, icarəçi icarəyə götürdüyü sahədən ancaq sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər (bənd 1.3.). Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı bununla bağlı Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “İcarə müqaviləsi” evlərin və obyektlərin alğı-satqısının və icarəyə verilməsini həyata keçirən dəllal (makler) tərəfindən tərtib edilmişdir. Həmin makler özündə olan hazır blankdan istifadə etdiyi üçün həmin şərt müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan icarəyə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış sahəsini deyil, yaşamaq üçün mənzil götürmüşdür. Belə olan halda hesab edilməlidir ki, müqavilənin həmin bəndi özü-özlüyündə etibarsızdır. Lakin bu hal iddiaçı ilə cavabdeh arasında mənzilin icarəsi ilə bağlı əldə olunmuş razılaşmanın tam həcmdə etibarsız sayılmasına və iddianın rədd edilməsinə əsas vermir. İddiaçı bildirir ki, mənzilin icarəsinə görə cavabdeh tərəfindən ona 1.600 manat ödənilməmiş qalmışdır. Apellyasiya şikayətində cavabdeh icarə müqaviləsi üzrə yaranmış borcun məbləğini mübahisələndirmir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin “İcarə müqaviləsi” üzrə iddiaçıya ödəməli olan məbləğin 1.600 manat məbləğində olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Belə olan halda Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu kimi nəticəsi də, işin hallarına uyğun hesab edilməlidir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh, yuxarıda qeyd edilən “İcarə müqaviləsi” üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya hər ayın birində ödəməli olduğu 450 manat məbləğində icarə haqqını ödəməmişdir. “İcarə müqaviləsinin” 7.1-ci bəndinə görə, icarə haqqı vaxtında ödənilmədikdə müqaviləyə xitam verilir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müqavilənin qeyd edilən şərtini və cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsassızdır. İddiaçının digər tələbi ondan ibarətdir ki, cavabdeh mənzildə yaşadığı müddət ərzində istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış 27 manatı, istifadə etdiyi suya görə isə 14 manatı ödəməmişdir, halbuki, müqavilənin şərtinə görə, cavabdeh kommunal xərcləri, istifadə etdiyi elektrik enerjisinin və suyun əvəzini ödəməli idi. Buna görə də, o, məcburiyyət qarşısında qalaraq həmin məbləğləri cavabdehin əvəzinə ödəmişdir. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində həmin borcun onun tərəfindən ödənilməsini bildirməmiş və təbii olaraq, həmin borcların onun tərəfindən ödənilməsini təsdiq edən qəbzləri apellyasiya şikayətinə əlavə etməmişdir. Qeyd edilən bu tələblə bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil cavabdehin sərəncamında olduğu müddət ərzində mənzildə istifadə edilmiş elektrik enerjisinə görə 27 manat, istifadə edilmiş suya görə isə 14 manat məbləğində borc hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsindən” görünür ki, icarəçi olan cavabdeh kommunal xərcləri, istifadə etdiyi elektrik enerjisinin və suyun əvəzini ödəməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, hesablanmış həmin məbləğlər iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin tələblərindən çıxış edərək hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Belə ki, Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-ci maddəsinə isə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı həmçinin bildirir ki, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən o, məcburiyyət qarşısında qalaraq cavabdehə teleqramlar vurmuş və buna görə 18 manat məbləğində pul ödəmişdir. Buna görə də, o hesab edir ki, çəkdiyi bu xərcin əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etmişdir. Apellyasiya şikayətində cavabdeh qeyd edilən məbləğin ondan iddiaçının xeyrinə tutulmasının əsaslı olub-olmaması ilə bağlı mövqeyini bildirmir. Müzakirə edilən bu tələb ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin “İcarə müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən iddiaçı qeyd edilən xərci çəkməyə məcbur olmuşdur. Buna görə də, o, həmin müqavilənin borclu tərəfi olaraq onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu tələbi də təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə ona məlumat verməmişdir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdehi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar etmiş, lakin cavabdeh, məhkəmə baxışı iclaslarında iştirakı etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarında olan “məhkəmə bildirişindən” və “poçt reyestrlərindən” görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən cavabdehə məlumat göndərilmişdir. Ona görə də, hesab edilməlidir ki, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmamış, qətnamə çəkişmə şəraitində qəbul edilmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehtərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Nazim Rüstəm oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4952/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4952/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver