Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1491/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1491/2025 (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. AO seriyalı ******* nömrəli hərbi biletindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağmş üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış xx.xx.2017-ci il tarixli əmrə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən "Tərtər işi" kimi tanın cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisində və əsgər yataqxanasnda 6 gün müddətində qeyd edilən qaydada güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə təkrarən işgəncə verməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı əllərini və gözlərini bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri və digər məlumatlar verməsini tələb edərək İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqəsinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edərək vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətlərini aşmış, həyat və sağlamlığı üçün təhlükəli olan hallar tətbiq edərək konstitusion hüquqlarının pozulmasıyla ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi "vətən xaini” adı ilə ləkələməklə ağır nəticələrə səbəb olunmuşdur. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyriinsani rəftara məruz qalınası nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında "Vətən xaini" adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda və kənddə qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdə zərərçəkənin işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 6 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 5000 manat məbləğdə müəyyənləşdirilməlidir.
8. Məhkəmə mövqeyini «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 8-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ, İİ, İİİ, İV-cü hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 43.3, 1096.1, 1097.1, 1101.1, 1115-ci maddəsi, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarı, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.3, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4680/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Bu baxımından tərəflərindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirmişdirlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi xarakterli tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 68 İİ bənd. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
15. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı “…Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanınması, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində onun fiziki və psixi iztirablara məruz qalması Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 nömrəli xx.xx.2023cü il tarixli hökmü ilə müəyyən olunur.
22. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə 200.000 manat məbləğində pulun tutulmasını xahiş edir.
23. Birinci instansiya məhkəməsi tərəfindən 5000 (beş min) manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya vurulmuş mənəvi ziyana görə pul Maliyyə Nazirliyindən deyil, ziyan vurulmasına səbəb olan dövlət orqanından tutulmalıdır.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət tərəfindən ödənilir.
26. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
27. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
28. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə də, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
29. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
30. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
31. Məhkəmə kollegiyası iddiaçının cinayət təqibi ilə bağlı təhqiqat aparıldığı dövrdə 6 gün müddətində (xx.xx.2017 – xx.xx.2017) güclü fiziki ağrı, etiraf etməyəcəyi halda ifrat dərəcədə şəxsiyyətini alçaldaldılması və s. işgəncələrə məruz qalması ilə bağlı mənəvi iztirab və sarsıntı keçirməsini nəzərə alaraq 5000 manat məbləğində kompensasiyanın müəyyən edilməsini əsaslı sayır.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov