Məhkəmə qərarları › İş №2(103)-1504/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1504/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1504/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “əlavə xərclərin tutulmasının dayandırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, X4 müalicə xərclərinə görə ondan tutulan 60 manat sabit pul məbləğinin tutulmasının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qızı Aytən Abdullayeva 18 yaşına çatdıqdan sonra iddiaçıdan alimentin tutulması dayandırılsa da, müalicə xərcləri üçün tutulan 60 manatın tutulması davam etdirilir. Lakin A.Abdullayeva hazırda ailəlidir, əmək qabiliyyətlidir və məhkəməyə müraciət etdiyi vaxt marketlərin birində kassir olaraq işləsə də, hazırda “Sridan Butik” mağazasında işləyir. İddiaçının hazırda cavabdeh və qızı ilə əlaqəsi olmadığından onun evli olması ilə bağlı sübutedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən də iddiasına zidd olan heç bir sübutedici sənəd toplanılmadan və iş araşdırılmadan prosessual hüquq normaları kobud şəkildə pozulmaqla qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh isə, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, qızı Aytən Abdullayeva əmək qabiliyyətli deyil və evlənməmişdir. Ona görə də şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Abdullayeva Aytən Eldar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay əmək haqqısının ¼ hissəsi məbləğində alimentin tutulması və uşaq sağalanadək müalicə xərcləri üçün 60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı, Aytən Abdullayevanın yetkinlik yaşına çatdığını, əmək qabiliyyətli olduğunu və evləndiyini bildirərək, onun mülicəsi üçün tutulan 60 manat sabit pul məbləğində əlavə xərcin dayandırılmasını tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə, dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, valideynlər yuxarıda sadalanmış müstəsna hallarda uşaqların saxlanılması, eyni zmanada, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar alimentdən əlavə xərclərin çəkilməsinə də cəlb edilə bilərlər. Qeyd olunan normanın məzmunundan belə nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağının müalicə xərclərinin ödənilməsi üçün əlavə xərcə cəlb edilmiş valideyn, uşağın yektkinlik yaşına çatdığı, lakin əmək qabiliyyəti olmadığı və maddi yardıma ehtiyacı olduğu hallarda, əksi sübuta yetirilmədiyi müddətdə məhkəmə tərəfindən qət edilmiş əlavə xərcin məbləğini ödəməyə borcludur. Baxılan işdə iddiaçı, yetkinlik yaşına çatmış qızı Aygün Abdullayevanın əmək qabiliyyəti olduğunu, ailə qurduğunu bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı mötəbər və kifayətedici sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2084/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar