Məhkəmə qərarları › İş №2(103)-1512/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1512/2024

02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1512/2024 02.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASCyə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi; cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadından şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadının ləğv edilməsinə və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4567/2023 saylı qərardadı ilə İddiaçı şikayəti qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(103)-4567/2023 saylı qərardadından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4567/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 3425/2023 saylı qərarı ilə İddiaçı şikayəti təmin edilmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6806/2023 saylı qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, yaranmış hüquqdan sui-istifadə etmə hallarına son qoyulması, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul olunmanmadan geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadından apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, göstərilən iddia tələbi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə tərəflər arasında müqavilə bağlanmış və onlar üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Belə olan halda, hazırki tələb üzrə iddiaçının hüquqlarının pozulmasına və ya ona maddi ziyan dəyməsi tələbinə istehlakçı hüquqlarının pozulması prizmasından yox, müqavilə üzrə tərəfin hüquqlarının pozulması kimi yanaşılmalıdır. Deməli, hazırkı halda iddiaçı- müştəri qismində şəxsi tələbatını ödəmək məqsədi ilə, mülkiyyətindəki pul vəsaiti əsasında, Bank tərəfindən ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasını və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılmasını sifariş edilməsi və göstərilən xidmət haqqının banka ödənilməsi üçün müqavilə bağladığına görə istehlakçı hesab edilə bilməz. Odur ki, məhkəmənin bu cür mövqeyinə görə, şəxsin istehlakçı hesab edilməsi üçün tərəflər arasında müqavilə bağlanmamalı və tərəflər üzərinə müəyyən öhdəliklər götürməməlidir. Hesab edirik ki, iddiaçının istehlakçı hesab edilməsi və Bank tərəfindən müqavilə öhdəliklərinin pozulması, eyni zamanda iddiaçının pozulmuş hüquqlarının bərpası məsələlərinə hüquqi qiymət verilməsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ilə tənzimlənməlidir. Bundan başqa, yaranmış anlaşılmamazlığa müəyyənlik gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə, cavabdehin “Elektron ünvan ” elektron poçtuna müraciət olunmuş və “müştəri fiziki şəxs qismində, sahibkarlıq fəaliyyəti ilə deyil, özünün şəxsi tələbatları ilə əlaqədar ödənişlərin nağdsız qaydada ödəniş kart vasitəsilə aparılması üçün hər hansı bir bankla”. Həmin müraciət, xx.xx.2023-cü il tarixdə, cavabdehin “Elektron ünvan ” elektron poçt vasitəsilə cavablandırılmış və həmin cavabda- “Siz ABB-dən hər hansı şəxsi məqsədlər məqsədi ilə debet kart əldə etdikdə, istehlakçı müəyyən edilirsiniz, lakin vergi ödəyicisi olaraq müəyyən edilmirsiniz.”-qeyd olunmuşdur.(həmin cavab əlavə olunur) Açıq-aşkardır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə iddiaçının istehlakçı olmasını, hətta cavabdeh də bir daha etiraf etmişdir. Odur ki, məhkəmə tərəfindən qeyd olunan qənaətə gəlinsə də, həmin hala hüquqi müəyyənlik gətirilməmiş və həmin qənaət yalnız formal mülahizəyə əsaslandırılmışdır. İddiaçının seçməsinə görə aidiyyəti müəyyən edən qaydaların iki halı üzrə, yəni İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə və yaxud müqavilənin bağlandığı yerə yerə görə verə bilməsi prosessual hüquq normasında nəzərdə tutulduğu halda, məhkəmə həmin normanın tələblərini pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddianın icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4081/2023 saylı qərardadında məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı hazırki tələbin istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia olduğuna görə işə iddiaçının yaşadığı yerə görə baxılmalı olmasını hesab etsə də, göstərilən iddia tələbi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə tərəflər arasında müqavilə bağlanmış və onlar üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Belə olan halda, hazırki tələb üzrə iddiaçının hüquqlarının pozulmasına istehlakçı hüquqlarının pozulması prizmasından yox, müqavilə üzrə tərəfin hüquqlarının pozulması kimi yanaşılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir. Belə ki, istehlakçı anlayışı ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda geniş məlumat verilmişdir. Həmin Qanuna əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Eyni zamanda “Banklar və bank fəaliyyəti haqqında” Qanunun 14.3-cü maddəsinə əsasən banklarla müştərilər arasında münasibətlər müqavilə xarakteri daşıyır. Bankların ixtiyarı yoxdur ki, müştərilərin pul vəsaitindən istifadənin istiqamətlərini müəyyən etsin və nəzarətdə saxlasın, müştərilərin öz pul vəsaitindən özləri istədiyi kimi istifadə etmək hüquqlarını qanunvericilik aktlarında və ya müqavilələrdə nəzərdə tutulmayan başqa şəkildə məhdudlaşdırsın. Hazırkı haldan göründüyü kimi, cavabdeh icraçı olaraq, beynəlxalq bank kartları assosiasiyalarının başçılıq etdiyi iri plastik kartlar sistemlərinin kartlarından biri olan «Viza» kartını iddiaçıya təqdim etməklə, həmin sistemin tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onun kartını emissiya etmişdir. Belə olan halda bankın müştərisi istehlakçı olaraq, «Viza» kart sistemindən istifadə etmək üçün, məhz bank vasitəsilə göstərilən xidmətə dair müqavilə bağlamışdır. Kollegiya hesab edir ki, iddiaçının müştəri qismində şəxsi tələbatını ödəmək məqsədi ilə, mülkiyyətindəki pul vəsaiti əsasında bank tərəfindən ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasını və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması barədə müqaviləni bağlaması onun istehlakçı statusunda olmamasına əsas vermir. Hər bir halda banka məxsus hər hansı məhsulun əldə edilməsi və istifadəsi üçün tərəflər arasında müqavilənin bağlanması, o cümlədən həmin müqavilə üzrə hüquq və vəzifələrin müəyyən edilməsi labüddür. Məhz həmin müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır. Bu baxımdan da, birinci instansiya məhkəməsinin hazırki iddianın iddiaçı ilə cavabdeh arasında müqavilənin olmasını əsas gətirməklə bankın qeydiyyatının olduğu yer üzrə məhkəmədə baxılmalı olması barədə qənaəti əsaslı hesab edilə bilməz. Belə ki, prosessual qanunvericliyinin iddiaçının seçiminə görə aidiyyət qaydalarını müəyyən edən müvafiq müddəasının tələblərinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçınının iddiasını istehlakçının hüququnun müdafiəsi haqqında iddia hesab etməməklə iddia ərizəsini məhz həmin əsasla icraata qəbul etmədən geri qaytarmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4081/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar