Məhkəmə qərarları › İş №2(103)-1519/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1519/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1519/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment miqdarının azaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi (atası) X5 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan hər birinə 100 manat olmaqla 200 manat sabit pul məbləğinin alimentin ləğv edilməsi və bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi məbləğində alimentin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşlar. Bildirmək istəmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il 2(006)-4136/2016 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv olunmuşdur. Hazırda ailə vəziyyəti dəyişmiş, yenidən nikaha daxil olmuş və yeni nikahından bir qız övladı olmuşdur, bu səbəbdən də hesab edir ki, əvvəlki tutulan alimentin məbləği ləğv edilməli, qazancın 1/3 hissəsi məbləğində aliment tutulmalıdır.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, o, yeni nikaha daxil olmuş və həmin nikahdan da 1 övladı var, məhkəmənin müəyyən etdiyi alimenti ödədikdə, digər uşağın ehtiyaclarını qarşılamaqda çətinlik yaranacaq. Bundan əlavə, cavabdeh də yüksək əmək haqqısı olan işdə çalışır, uşağa baxmaq bir valideyn kimi ananın da borcudur. Məhkəmə 2-ci nikahdan olan azyaşlı uşağının mənafeyini nəzərə almamışdır. Buna görə şikayətin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddaçının əvvəlki qətnamə ilə tutulan alimenti ödəməsinin onu daha çətin vəziyyətə salacağını bildirdi, buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (atası) Ş.Məmmədov şikayətə etiraz edərək təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi. Sübutların tədqiqi:

8. Mülki işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi saxlanılmaqla İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Mülki işdən olan Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən dövlət vergi orqanlarında xidmət edir və halhazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinn Vergi ödəyicilərinin uçotu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləyir. C. Məmmədovun son 1 il üzrə orta aylıq gəliri 1150.83 manat təşkil edir.

11. Mülki işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.

12. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası X1r.

13. Materiallarda olan arayışdan görünür ki, tibb xidməti kapitanı Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında Mərkəzi Hərbi Poliklinikanın funksional diaqnostika kabinetinin rəisi vəsifəsində həqiqi hərbi xidmətdədir. Onun orta aylıq əmək haqqı 1215.9 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 34. İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2. Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

18. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırki mülki işdən görünür ki, iddiaçı daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini (azadılmasını) tələb edir.

25. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərildiyi kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu o halda mümkündür ki, həqiqətən də aliment ödəməli olan şəxsin ailə və ya maddi vəziyyətində əhəmiyyətli dəyişiklik, pisləşmə olsun, lakin hazırki işdə belə bir vəziyyəti təsdiq edəcək sübutlar mövcud deyil.

26. Kollegiya rayon məhkəməsinin bu qənaəti ilə razılaşaraq qeyd edir ki, iddia haqlı olaraq təmin olunmamışdır. Belə ki, əvvəlki qətnamə (xx.xx.2022-ci il) qəbul edilən vaxt iddiaçının əmək haqqı 315 manat olmuş və hər iki uşağa cəmi 200 manat aliment tutulmuşdur, o vaxtdan indiyə qədər keçən müddətdə şəxsin maddi vəziyyətində əhəmiyyətli hal baş verməmişdir, əksinə onun əmək haqqı artaraq 1150,83 manat olmuşdur.

27. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi “yeni nikaha daxil olması, həmin nikahdan 1 uşağının olmasına” münasibətdə qeyd edir ki, bu hal şəxsin vəziyyətində yaranmış əhəmiyyətli pisləşmə kimi qiymətləndirilə və alimentin miqdarının azaldılmasına səbəb ola bilməz. Bu səbəbdən də həmin dəlil əsassızdır, təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

29. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

30. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallara münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar onu cavabdehlə nikahından olan uşaqların saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

31. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin qazancının aşağı olması onu uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir”.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin işləməsi və gəlirinin olması barədə dəlili üzrə qeyd edir ki, ARK-ın 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

33. Ailə Məcələsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

34. Uşaqların saxlanması valideynlərin borcu olduğundan, ananın işləməsi və gəlirinin olması, atadan tutulan alimentin azaldılması üçün əhəmiyyət kəsb etmir.

35. Beləliklə, Kollegiya uşağın üstün mənafeyini nəzərə alaraq bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, yəni başqa nikaha daxil olması və həmin nikahdan da uşağının olması, onu cavabdehlə nikahından olan uşaqları saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmədiyindən, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. «MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Kollegiya qeyd edir ki, mübahisələndirilən, yəni alimentin azaldılması hissədə bir il ərzində miqdarı (200x12=2400) 2400 (iki min dörd yüz) manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

39. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar