Məhkəmə qərarları › İş №2(103)-1523/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1523/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1523/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4591/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il tarixdə X8 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə bu barədə qeyd aparılmışdır. Cavabdeh dövlət qulluqçudur və məhkəmə iclasının katibi vəzifəsində işləyir, 1.108,50 manat məbləğində əmək haqqı alır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay aylıq əmək haqqı və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, 60 manat mediasiya xərcinin və uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ötən müddət ərzində uşağın saxlanılması üçün, həmçinin onun körpə uşağa baxmağı ilə əlaqədar işləmək imkanının olmamasına baxmayaraq, könüllü şəkildə heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh, ümumiyyətlə, övladı ilə maraqlanmır. Ötən dövr ərzində cavabdeh valideyn kimi heç bir vəzifəsini yerinə yetirməmişdir. Hazırda o, uşağın tələbatlarını qarşılamaqda çətinlik çəkir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4591/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşının tamam olduğu xx.xx.2026-cı il tarixədək hər ay 60 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2024-cü il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. (hakim X9)

5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Uşağın qanuni maraqları və üstün mənafeyinin qorunması, xərclərinin minimal səviyyədə qarşılanmasının təmin edilməsi məqsədilə cavabdehin əmək haqqı və aylıq gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilərək tutulmasını məhkəmə məqsədə müvafiq hesab etmişdir. Belə ki, alimentin sabit pul məbləği kimi 235 manat miqdarında deyil, ¼ hissədə müəyyən edilməsi uşağın üstün maraqlarına xidmət edir (1029 manat pulun ¼ hissəsi = 257.25 manat).

6. Məhkəmə uşağın 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 270 manat məbləğində əlavə xərcin tutulması hissəsində qeyd etmişdir ki, bu tələbin tam təmin edilməsi məqsədəmüvafiq hesab edilmir. Belə ki, bu hal cavabdehin həddən artıq maliyyə yüklənməsinə səbəb olacaqdır. Lakin, uşağın azyaşlı olması əsas götürülməklə və üstün mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə hər ay 60 (altmış) manat məbləğində əlavə xərcin tutulması qanuni və əsaslıdır. Nəzərə alınır ki, uşağın əlavə olaraq tibbi xərcləri vardır. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında əlavə olaraq 270 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdehin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Əlavə olaraq 270 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil.

7. Məhkəmə cavabdehin alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan deyil, məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması ilə bağlı arqumentlərinə münasibətdə qeyd etmişdir ki, həmin xüsusatlar məhkəmə qərarının icrası mərhələsində həllini tapmalıdır, əks halda (cavabdeh icra orqanının qərarından narazı qalsa) borcun silinməsi ilə bağlı icra orqanının müvafiq qərarından məhkəməyə müraciət edilə bilər (8 indeksi qaydasında). Hazırki mərhələdə isə məhkəmə hesab etmişdir ki, tələb həddində, qanunla müəyyən edilmiş qaydada yekun məhkəmə aktı qəbul etməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 76-cı, 78-ci, 81-ci, 100-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci, 234cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşağın saxlanması üçün alimentin tutulmasına etiraz etmir. Belə ki, məhkəməyə müraciət edildiyi tarixdən də əvvəl, yəni xx.xx.2024-cü il tarixdən bu vaxtadək iddiaçının heç bir tələbi olmadan, uşağın yaşayışının təmin edilməsi üçün aliment və digər xərclər onun tərəfindən icra edilmişdir. Məhkəmə hazırki iş üzrə qətnaməsində maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, iddiaçının tələbini tamam səhv qəbul etmiş və maddi hüquq normasının təfsiri və tətbiqində pozuntuya yol vermişdir. İddia tələbinə diqqət yetirilsə, iddiaçı tələbində özünə görə 270 manat məbləğində pulun tutulmasını xahiş edir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə verilmişdir. Ərizəyə diqqət yetirilsə, xx.xx.2024-cü il tarixli ərizənın işə aiddiyəti olmayan şəxs tərəfindən – “X7” tərəfindən həm təqdim edildiyi, həm də imzalandığı aşkar görünür. Məhkəmə səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş ərizəyə istinad edərək qətnamə qəbul etmişdir. Eyni zamanda elektron məhkəməyə informasiya sistemi vasitəsi ilə 2-ci dəfə xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verilmişdir. Lakin məhkəməyə tərəfindən ərizəyə münasibət bildirilməmişdir (qətnamə də bu barədə qeyd yoxdur, protokolda da ərizəyə münasibət bildirilməmişdir). Ərizə daxil olan zaman məhkəmə baxış iclası təxirə salınmış, buna səbəb kimi xx.xx.2024-cü il tarixli ərizənin ona təqdim edilməsi olduğunu zənn etmiş, lakin iş materiallarında olan protokolla tanış olmadığından təxirin səbəbi məlum deyildir. Birinci instansiya məhkəməsi qanunu səhv təfsir edərək “uşağın 3 yaşının tamam olduğu xx.xx.2026-cı il tarixədək hər ay 60 manat pulun tutulmasını” qət etmişdir. Qətnamədə uşağın üstün hüquqlarının müdafiəsi üçün bu hissədə iddianın təmin edildiyi qeyd edilsə də, lakin qanunvercilikdə uşağın 3 yaşınadək saxlanması üçün alimentin tutulması yalnız Ailə Məcəlləsinin 85.1-ci maddəsində nəzərədə tutulmuş hallarda yol verilir. Onun iddiaçı ilə rəsmi nikahı olmayıb, faktiki olaraq ər-arvad münasibəti olub, öhdəliyi isə yalnız uşaqla bağlıdır. Qətnamədə “uşağın əlavə olaraq tibbi xərcləri vardır” kimi hakim tərəfindən əsaslanma aparılsa da, məhkəmə tərəfindən həmin xərclərin uşağın “3 yaşınadək” davam etməsi barədə heç bir əsas göstərilmədən bu nəticəyə gəlinmişdir. Uşağın müalicəyə ehtiyacı olması halı xüsusi bilik tələb edir - ekspert rəyi və ya mütəxəssis tərəfindən qiymətləndirilməli olan haldır. Epikriz belə olmadan məhkəmənin bu nəticəyə gəlməsi səhv qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Gələcəkdə çəkilməsi zəruri olan xərc hissəsinə dair sübut iş materiallarında yoxdur, lakin məhkəmə Ailə Məcəlləsinin 81.3-cü maddəsinə istinad etmişdir. Uşağın müalicə xərci 300 manatla yekunlaşmışdır. Əgər məhkəmə uşağın müalicəyə ehtiyacı olduğu halını qəbul edirsə, həmin müalicə sənədləri ilə bağlı olan xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəyə heç bir münasibət bildirilməmişdir, halbuki xəstəlik ilə bağlı təqdim edilmiş sübutlar xx.xx.2024-cü il tarixli ərizənin qoşmasına əlavə edilmişdir. Lakin məhkəmə formal mülahizələr əsasında bu nəticəyə gəlmişdir. Uşağın müalicəsi ilə bağlı xərc, 300 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə diqqət yetirilsə, iddiaçı uşağın müalicə xərci olaraq çəkdiyi 300 manatın yarısını, yəni 150 manat tələb edir. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq, müalicə xərci kimi “uşağın 3 yaşına çatanadək saxlanması üçün 60 manat” aliment ödənilməsini qət etmişdir, lakin iddiaçının müalicə ilə bağlı tələbi 300 manatın yarısı, yəni 150 manatdır. Bu hissədə də iddianı qəbul edir, yəni 150 manat xərcin tutulmasına etiraz etmir. (əgər ərizə icraata qəbul edilmişdirsə). Lakin bu o demək deyildir ki, məhkəmə qanunu səhv tətbiq edərək, əmək qabiliyyəti olmayan keçmiş ər-arvadın saxlanması üçün alimentin tutulmasını qət etsin (Qeyd: əlavə qətnamə çıxarılması müddət yekunlaşmış, apellyasiya şikayəti verilməsi üçün müddətin son günü xx.xx.2025-ci il tarixə təsadüf edir). Bundan başqa, alimentin tutulması tarixinin hansı tarixdən hesablanması iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Birbaşa işin mahiyyəti üzrə həll edilməli olan məsələdir (məhkəmə təcrübəsində dəfələrlə belə aktlar qəbul edilmişdir). Məhkəmənin bu halı araşdırmaması və qəbul etməməsi əlavə iddia və ya ərizələrin verilməsinə və məhkəmənin artıq işlərlə yüklənməsinə səbəb olacaqdır. Belə ki, ödəniş qəbzləri tərəfindən icra məmuruna təqdim edilmiş, bununla bağlı icra məmuru tərəfindən iddiaçı ilə əlaqə yaradılmış, lakin iddiaçı tərəfindən ödəniş aparılmadığını və kartına göndərilmiş pulların başqa səbəblə olduğunu qeyd etmişdir. Məhkəmə isə işi hər tərəfli araşdırmamış, xahişi gələcəkdə aparılmalı olan prosessual hərəkətin bir yolu kimi qəbul etmiş və rədd etmişdir. Qanunvercilikdə alimentin icra edildiyi tarixdən tutulmasına dair heç məhdudiyyət və istisna yoxdur. Əgər bu hal məhkəmə tərəfindən araşdırılsa idi, iddiaçı alimentin ödənilməsini inkar etdiyi halda, onun əlavə və vəsatətlər (banklara sorğu verilməsi, iddiaçıya əlavə sualların verilməsi və s.) təqdim etmə və ya “əsassız varlanma” tələbi ilə məhkəmə müraciət etmə imkanı yaranacaqdı. Lakin məhkəmə alimentin tutulması tarixini - iddia tələbindən kənara çıxma kimi qiymətləndirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hər ay 60 manat sabit pul məbləği uşağın xəstəliyinə görə təyin olunmayıb. Həmin məbləğ uşağın əlavə xərcləri üçün nəzərdə tutulub. Xəstəlik ilə bağlı ərizə sistemə artıq baxış iclası olduğu zaman yukləndiyi üçün (hazırlıq zamanı olmalı) hakim həmin ərizəni qəbul etməmiş və nəzərə almamışdır. Qeyd edilən uşağın müalicəsi ilə bağlı 150 manat olan məbləğ isə X6 qanda kəskin dəmir çatişmamazlığı və ferritin əskikliyi olan xəstəliyi üçün qeyd edilmişdir. Bu məbləğ əslində hər ay 300 manat təşkil edir. Lakin o, xərci iki yerə bölüb, cavabdeh üzərinə düşən xərci qeyd etmişdir. Mütəmadi olaraq hər yeni ayın 4-5 tarixlərində X8 həkim müayinələrindən, analiz göstəriclərininin yoxlanışına gedir. Bu yoxlanışlar və resept ümümilikdə 300 manat pul təşkil edir. Analiz cavablarının, xərclənən pulun, çeklərin, həkim reseptlərini və qəbul barədə sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin diqqətinə çatdırılmışdır. Cavabdeh səhv anlayıb və düşünüb ki, bu məbləğ birdəfəlik ödəmə üçün istənilib. Bu isə ondan irəli gəlir ki, ata kimi 1 ildən çoxdur ki, 1 dəfə olsun övladı ilə maraqlanmayıb, övladı nə yeyir nə içir, harda qalır, (kirayədə qalırlar və evsiz olub, kirayədə qalmağının əsas səbəbkarı cavabdehdir), xəstəliyi nədir və harada necə müalicə alır - atanın məlumatı yoxdur. Məhkəmə hesab etmişdir ki, uşağın azyaşlı olması əsas götürülməklə və üstün mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə hər ay 60 manat məbləğində əlavə xərcin tutulması qanuni və əsaslıdır. Apellyatorun apellyasiya şikayətində istinad etdiyi hüquq normalarının ümumiyyətlə əsası yoxdur. Cavabdeh apellyasiya şikayətində yаzılаnlаrı təsdiq еdən hər hаnsı bir sübut və fаkt göstərməmişdir. Cavabdeh maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunu və konkret olaraq iş üzrə hansı hüquq normalarının pozulmasını öz şikayətində göstərməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində özü-özünü təkzib edən ifadələr işlədir. Apellyasiya şikayətində formal mülahizələrə istinad edilmişdir. Apellyasiya şikayəti əsassızdır və təmin oluna bilməz.

c) Məhkəmə icraatı iştirakçılarının izahatı

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 85-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ər (arvad) məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi xahiş edilməklə hüquqi nəticə etibarı ilə qətnamə uşağın saxlanılması üçün tutulmuş alimentin başlanğıc tarixi və uşağın 3 yaşına çatanadək saxlanılması üçün ondan iddiaçının xeyrinə alimentin tutulması hissələrində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “uşağın 3 yaşınadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə rədd edilməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında nikah bağlanmayıb, xx.xx.2023-cü il təvəllüdlü X8 onların faktiki nikah münasibətlərindən doğulmuşdur. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aylıq qazancı və digər gəlirlərinin ¼ hissəsi miqdarında, habelə uşağın 3 yaşına çatanadək saxlanılması üçün 270 manat məbləğində alimentin onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan alimentin tutulmasına etiraz etmir, həmin alimentin başlanğıc tarixinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmasını və iddianın “uşağın 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün ondan alimentin tutulması” hissəsində rədd edilməsini xahiş edir.

20. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 84-85-ci maddələrinin tələblərini rəhbər tutub apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə özünün saxlanılması üçün aliment tələb etmək hüququ və bu hüquqdan irəli gələrək aliment ödəmək öhdəliyi nikahları pozulmamış və ya pozulmuş, yəni keçmiş ərə (arvada) münasibətdə nəzərdə tutulmuşdur. Başqa sözlə, şəxs ər-arvad, o cümlədən keçmiş ər-arvad statusuna malik olmadan özünün saxlanılması üçün aliment ödənilməsini tələb etmək hüququ qazanmır, qarşı tərəf isə alimentin ödənilməsi ilə bağlı hər hansı öhdəlik daşımır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, ər-arvadın hüquq və vəzifələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Hazırki iş üzrə iddiaçı cavabdehə münasibətdə arvad və ya keçmiş arvad statusuna malik olmadığından qeyd edilən müddəaların tələbləri baxımından özünün saxlanılması üçün aliment tələb etmək hüququ olan şəxslər sırasına daxil deyil. Bu baxımdan cavabdehə qarşı belə tələb irəli sürə bilməz. Lakin birinci instansiya məhkəməsi bu tələbə münasibətdə hüquq normalarını düzgün tədbiq etməyərək, cavabdehdən iddiaçının xeyrinə aliment tutmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır və təmin edilməlidir, qətnamə həmin hissədə ləğv edilməklə iddia həmin hissədə rədd edilməlidir.

22. Məhkəmə kollegiyası uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulmasının başlanğıc tarixinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, alimentin tutulmasının başlanğıc tarixinin məhkəməyə müraciət edildiyi tarixdən hesablanması ailə qanunvericiliyində nəzərdə tutulmuş imperativ normadır. Cavabdehin istinad etdiyi hal isə qətnamənin icrası mərhələsində həllini tapan məsələdir. Bu səbəbdən cavabdehin ödədiyi hər hansı məbləğ alimentin tutulmasının başlanğıc tarixinin dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddia üzrə tələbin dəyişdirilməsi barədə ərizə ilk dəfə xx.xx.2024-cü il tarixdə, işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verilmişdir. Həmin ərizəni verən şəxs qismində X3 göstərilməsi bu ərizənin iddiaçı tərəfindən verilmədiyini və ərizədə əks olunan tələblərin iddiaçının iradəsini ifadə etmədiyini təsdiq etmir. Həmin ərizə məhz iddiaçı tərəfindən verilmişdir. X3 da bu iş üzrə proses iştirakçısı olmaması, həmin ərizənin bu şəxslə bağlı olan nümunə əsasında hazırlanması, sadəcə olaraq texniki səhv nəticəsində onun ad, soyad və ata adının iddiaçının məlumatlarına dəyişdirilməməsi anlamına gəlir. İddiaçının artıq məhkəmə baxışı iclasında məhkəməyə təqdim etdiyi iddianın həcminin artırılması barədə ərizəsinin məzmunu da alimentin məhz qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında tələb edildiyini təsdiq edir (həmin ərizə məhkəmə baxışı mərhələsində verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(004)-4591/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır).

24. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “uşağın 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

25. Ləğv edilmiş alimentin məbləğinin illik məcmusu (60 x12 = 720) 720 manat təşkil etdiyindən və bu, habelə cavabdeh tərəfindən mübahisələndirilən alimentin tutulmasının başlanğıc müddəti üzrə məbləğ beş min manatdan az olduğundan, qətnamədən hər iki tərəf kassasiya şikayəti verilə bilməz.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4591/2024 nömrəli qətnaməsi qismən, yəni “uşağın 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar