Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1525/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 ananın yanında saxlanılması və xx.xx.2022-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Halbuki xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərəflər ayrı yaşasalar da münasibətləri tam kəsilməmiş, telefonda (**********) Whatsapp yazışmaları davamlı şəkildə olmuş, cavabdeh ev üçün lazım olan xərcləri, bazarlıqları və digər vəsaitləri iddiaçının Whatsapp nömrəsinə yazıyla bildirmiş, iddiaçı isə ya həmin gün, ya da, bir gün sonra həmin ehtiyacları təmin etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsinə dair məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin Cavabdeh bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosessində iştirak etmədiyindən, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2163/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsinə əsasən yaranmış 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün hesablanmış aliment borcunun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işə baxan məhkəmə tətbiq edilməli olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106-cı (aliment üzrə borcların müəyyən edilməsi), 109-cu (alimentin geri qaytarılmasının yolverilməzliyi) maddələrini tətbiq etməmiş, “aliment borcunun müəyyən edilməsi və silinməsi” məsələsi Ailə Məcəlləsinin 106.3-cümaddəsinə əsasən birbaşa icra məmurunun səlahiyyətinə aid olan bir məsələ olmasına baxmayaraq, Binəqədi rayon məhkəməsi öz səlahiyyətinə aid olmayan məsələyə dair işə baxmış və sonda düzgün olmayan, əsassız qətnamə qəbuletmişdir. Həmin qətnamədən görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi 2022-ci ilin avqust-dekabr ayları üzrə ərzaq alınması və kommunal xidmətlərə görə ödəmə qəbzləri üzrə riyazi hesablamalar düzgün aparılmamışdır, bu səhvlər sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir, məhkəmənin İddiaçı 2022-ci ilin avqust-dekabr aylarına görə aliment öhdəliyindən azad etməsi və həmin aylar üçün hesablanmış aliment borcunun silinməsi barədə qətnaməsi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, ləğv edilməlidir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Hazırki iş üzrə iddiaçı bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5095/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozularkən alimentin tutulmasının məhkəməyə ərizə ilə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlanması qət edilmiş və icra sənədi icra olunması üçün göndərildikdə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan borc müəyyən edilmişdir. İddiaçı isə qeyd edilən borc məbləği ilə razı deyil və həmin dövrlər ərzində müəyyən xərclər çəkdiyindən həmin borcun müvafiq formada silinməsini xahiş etmişdir. İddia tələbindən və iş materiallarından da göründüyü kimi alimentin hesablanma tarixinin xx.xx.2022-ci il tarixdən etibarən başlanması öz əksini artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tapmış və qətnamə icra olunması üçün müvafiq icra şöbəsinə yönləndirilmişdir. İcra şöbəsi tərəfindən qanunvericiliklə müvafiq qətnamənin tələblərinin həyata keçirilməsi üçün qeyd edilən xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında ödənilməli olan aliment borcu müəyyənləşdirilmiş və borclu (hazırki iş üzrə) İddiaçı bildirilmişdir. Göründüyü kimi alimentin hesablanma tarixi məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. Ailə Məcəlləsinin 106.2-ci maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Ailə qanunvericiliyinin tələblərindən də göründüyü kimi icra məmuru tərəfindən müəyyənləşdirilmiş borcun miqdarı ilə razı olmayan tərəf bu halı məhz icra qaydasında mübahisələndirə bilər. Hazırki iş üzrə də iddiaçı xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı məhz icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını məhz ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanununun tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırki iddia tələbində isə iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Birinci instansiya məhkəməsi isə sadalanan qanunvericilik aktlarının normalarını, iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxaraq, qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1525/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1525/2024
14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver