Məhkəmə qərarları › İş №2(103)-1525/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1525/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1525/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçisinə ona məxsus paya görə kompensasiyanın ödənilməsi və ya hərracda satılması tələbinə dair mülki iş üzrə (açar sözlər: paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3234252Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin mülkiyyətçisinə ona məxsus paya görə kompensasiyanın ödənilməsi və ya hərracda satılması tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(009)-2358/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-19/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi Pajero-İO” markalı, 90XF781 dövlət qeydiyat nişanlı, “Mitsubishi L200” markalı, 90NE702 dövlət qeydiyyat nişanlı, “Honda Accord” markalı, 10SU777 dövlət qeydiyyat nişanlı, “BMV 328” markalı, 10GS006 dövlət qeydiyyat nişanlı, “Lexus LX570” markalı, 10SG600 dövlət qeydiyyat nişanlı, “M-21 Volqa” markalı, 10DG222 dövlət qeydiyyat nişanlı, “VAZ21053” markalı, 99KU529 dövlət qeydiyyat nişanlı, “X8 Mİ” markalı, 90HF226 dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölüşdürülməsi, Cavabdeh adına qeydiyyata alınmış Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tən ortadan sərhəd hasarı inşa olunmaqla ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında hər birinin ½ hissədə payına uyğun olmaqla naturada bölünməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2A ünvanında yerləşən 19 saylı mənzilin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün olmaması müəyyən edildiyindən iddiaçı tərəfindən qeyd olunan daşınmaz əmlakla bağlı payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi, yaxud paylı mülkiyyət hüququna digər paylı mülkiyyətçi tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə tələbi irəli sürülməməsini nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməmişdir.

2. Bakı şəhəri, Səbail rayon, Mətbuat prospekti, məhəllə 504 ünvanında yerləşən 2a saylı evin, ümumi sahəsi 62,50 kv.m. ibarət olan 19 saylı mənzili 12 may 2020-ci il tarixdə paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adlarına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə onun mülkiyyətində olan ünvan 3 yaşayış sahəsinin qiymətləndirilərək öz payının dəyərinin cavabdehdən kompensasiya şəklində alınması, ödəmədiyi təqdirdə əmlakın açıq hərrac vasitəsi ilə satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 21 noyabr 1995-ci il tarixdə rəsmi nikaha daxil olub 01 oktyabr 2018-ci il tarixə kimi birgə yaşamışlar. 01 oktyabr 2018ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. 21 iyun 2018-ci il tarixdə Səbail rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə pay üzrə mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh ilə nikahları pozulduqdan sonra birgə nikah dövründə əldə etdikləri bir sıra əmlaklar məhkəmə qətnamələri ilə bölünmüşdür. Həmin əmlakların siyahısına ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi də daxildir. Dəfələrlə cavabdehə bildirmişdir ki, “paylı mülkiyyətimizdə olan Mətbuat prospekti, məhəllə 504, ev 2A, mənzil 19-da mənzil alqı-satqı ilə öz aramızda bölək ya da qiymətləndirilmiş mənzilin ½ hissəsinin pulunu ya sən ödə mənə, ya da mən ödəyim sənə mübahisəmiz sona çatsın”. Uzun müddətdir ki, gözləmiş, qarşı tərəfdən heç bir məlumat ala bilməmişdir. Bildirmək istəyir ki, halhazırda həmin mənzilin bazar qiyməti 160000 manat məbləğində qiymətləndirilir.

5. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli ekspert rəyinə əsaən Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2A ünvanında yerləşən 19 saylı mənzilin tərəflərin ½ paylarına uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölnməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(009)- 2358/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, məhəllə 504 ünvanında yerləşən 2A saylı evdə yerləşən 19 saylı mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) münasib olaraq bərabər bölüşdürülməsi qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin tərəflərin paylarına (1/2) uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisəli mənzil açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220 və 221-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki tələb birlikdə baxıla bilməz. Əvvəl kompenssasiya ilə bağlı tələb irəli sürülməlidir və bununla bağlı məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra ikinci tələb ilə bağlı məhkəməyə müraciət edilməlidir. Hər iki tələb birlikdə verildiyi üçün həmin iddia tələbi rədd olunmalıdır. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə zamanı bildirmişdir ki, mübahisəli mənzilin real bazar qiyməti 160000 manat təşkil edir və cavabdehdən həmin mənzilin ½ hissəsi olan 80000 manat kompensasiyasını tələb etmişdir. İddiaçı tərəfindən mübahisəli mənzilin 160000 manat təşkil edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehdən həmin mənzilin ½ hissəsi olan 80000 manat kompensasiyasının tələb edilməsi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04 aprel 2014-cü il tarixli Qərarında göstərilirki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edilməsindən sonra mümkündür. İş materiallarından məlum olur ki, mübahisəli mənzilin üzərində tərəflərin arasında ½ hissədə pay hüququ müəyyən edilmişdir. Həmin mənzilin natura qaydasında bölünməsi mümkün deyil. Qeyd etdiyimiz qanunvericiliyə əsasən paylı mülkiyyətdəəmlaka dair hər bir mülkiyyətçi payına uyğun olaraq digər mülkiyyətçidən kompensasiya tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı bu günə kimi paylı mülkiyyətdə olan mənzilin kompensasiyasının ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bu da hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara zidd olan tələbdir və həmin maddələrdə nəzərdə tutulmuş ardıcılıq qaydalarını pozur. 1-ci instansiya məhkəməsi də qeyd etdiyimiz qanun tələblərini pozaraq, Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrdə nəzərdə tutulmuş ardıcılıq qaydalarını pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Bu kateqoriyalı işlər birmənalı olaraq Azərbaycan Respublikası MM-nin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq baxılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3234252Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-1525/2025 nömrəli qərardadına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,50 kv.mdən ibarət olan mənzilin bazar dəyəri və ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən olunması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmışdır.

14. "xxxx" MMC tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli rəydə qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,50 kv.mdən ibarət olan mənzilin bazar dəyəri 181400 manat, likvid dəyəri 163000 manat təşkil edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadı: “29. ... İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

49. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir

57. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir

60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əvvəl kompenssasiya ilə bağlı tələb irəli sürülməli, bununla bağlı məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra ikinci tələb ilə bağlı məhkəməyə müraciət olunması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, nə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında bu məzmunda imperativ göstəriş müəyyən olunmamışdır. Həmin qərarlarda əks olunan hüquqi mövqe bundan ibarətdir ki, məhkəmə tərəfindən əvvəlki mərhələ üzrə araşdırma aparılmalı, mümkünsüzlür halında növbəti mərhələyə keçid edilməlidir.

21. Hazırkı mübahisə üzrə də birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən cavabdehə payın əvəzində kompensasiya ödənilməsi ilə bağlı təklif göndərilmişdir. Sonradan apellyasiya instansiyası məhkəməsində əmlakın dəyəri ilə bağlı mütəxəssis rəyi alındıqdan sonra 11 aprel 2025-ci il tarixdə mütəxəssis rəyinə uyğun 90700 manat kompensasiya ödənilməsi barədə yenidən təklif göndərilsə də, cavabdeh həmin təkliflə də razı olmadığını bildirmişdir. Bununla da ikinci mərhələnin mümkünsüzlüyü təsdiqi tapdığından sonuncu mərhələyə keçidlə bağlı hər hansı bir maneə mövcud olmur.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti göstərilməsi nəzərdə tutulduğundan iş üzrə mütəxəssis cəlb olunaraq mənzilin satış qiyməti ilə bağlı rəy alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli rəydə mənzilin bazar dəyərinin 181400 manat olması qeyd edilmişdir.

23. Cavabdeh ümumiyyətlə nə kompensasiyanın ödənilməsi, nə də hərracdan satlma ilə razı olmasa da, məhkəməyə “X1 Service” MMC-nin mütəxəssis rəyini təqdim etmiş, həmin rəydə qeyd olunmuşdur ki, mənzilin bazar dəyəri 133000 manat, likvid dəyəri 119700 manat təşkil edir.

24. Məhkəmə kollegiyası hər 2 mütəxəssis rəyi üzrə qiymətləndirmə apararaq qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəydə oxşar qiymətlər mübahisə predmeti olan mənzilin yerləşdiyi ünvan üzrə aparılsa da, “X1 Service” MMC-nin mütəxəssis rəyində göstəridən qiymətləndirmə digər küçələrdə yerləşən evlər üzrə aparılmışdır. Bundan başqa, mənzildə yaşayış olduğu halda 2-ci rəydə kommunikasiyanın təmin olunmadığı qeyd edilərək qiymətə 15% azalma tətbiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası ilkin satış qiyməti müəyyən olunarkən "xxxx" MMC-nin rəyində qeyd olunan qiymətə isinad olunmanı əsaslı hesab edir.

25. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında əks olunan hüquqi mövqeləri və Mülki Məcəllənin 221-ci maddəsinin tələbini nəzərə almadan birbaşa açıq hərracdan satılma ilə bağlı nəticəyə gəlmiş və əmlakın ilkin satış qiymətini müəyyən etməmişdir.

26. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qətnamə ləğv edilməklə iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(009)- 2358/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(009)- 2358/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, məhəllə 504 ünvanında yerləşən 2A saylı evdə yerləşən 19 saylı mənzili ilkin satış qiyməti 181400 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) uyğun olaraq bərabər bölüşdürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar