Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1527/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Tural Əmənovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 900.000 manat kompensasiya cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 20.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Tural Əmənov apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmış, qalan hissənin iddianın rədd edilməsinə aid hissənin əsaslılığı yoxlanılmamışdır. Qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının əri X5 xx.xx.2016-cı il tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsi, döngə 6-da yerləşən 2 №-li evin hamamında kanalizasiya xəttinin trapı vasitəsilə hamam otağına yığılmış partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış və baş vermiş yanıq şokundan xx.xx.2016-cı il tarixdə tibb müəssisəsində vəfat etmişdir. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmış, Cavabdeh Lənkəran X6 İdarəsi Cəlilabad Xidmət Sahəsinin Təmir-bərpa xidmətində usta vəzifəsində işləyən X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan “ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq” cinayətinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Ərinin ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən izahlara əsalanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödıənilməsi tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin hadisə ilə bağlı Balaxan Mirzəyevin (ölən şəxsin) oğlu Natiq Mirzəyevə (birinci nikahdan olan oğluna) mənəvi zərərə görə Cavabdeh İB tərəfindən təzminat ödənilməsi barədə məhkəmə qətnaməsi var. Bu qətnamə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilib. Təzminatın məbləği 20.000 manat müəyyən edilib. Ölən şəxsin oğluna təzminat verilməsi iddiaçını (ölən şəxsin arvadını) mənəvi zərərə görə təzminat tələb etmək hüququndan məhrum etmir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək təzminatın məbləği də 20.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki mənəvi zərərə görə təzminat məsələsində ölmüş şəxsin arvadı ən azı ölmüş şəxsin oğluna bərabər tutulmalıdır. Cavabdeh İB-nin maliyyə imkanları ölmüş şəxsin oğlu ilə yanaşı onun arvadına da eyni məbləğdə təzminat ödəməyə imkan verir. Beəliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv eidlməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1527/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1527/2021
05.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver