Məhkəmə qərarları › İş №2(103)-153/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-153/2025

15.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-153/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı, ezamiyyə xərcləri və gecikdirilmiş günlər üçün ödəncin tutulması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, əmək haqqının ödənilməsi məqsədilə 84.040 manat, ezamiyyə xərcinin ödənilməsi məqsədilə 18.515 manat, əmək haqqının ödənilməsinin 400 gün gecikdirilməsinə görə (hər gün üçün 840,4 manat olmaqla) 336.160 manat, cəmi isə 438715 manat məbləğində pulun cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh ASC-də Mərkəzi Təchizat Departamentinin müdiri, Strateji inkişaf Departamentinin müdiri və baş direktorun kommersiya üzrə müavini vəzifələrində işləmişdir. İş yerində onunla əmək müqaviləsi bağlanmışdır, lakin təqdim edilməmişdir. Bütün vergilər və digər məcburi ödənişlər tutulduqdan sonra təmiz əmək haqqısı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Mərkəzi Təchizat Departamentinin müdiri və Strateji inkişaf Departamentinin müdiri vəzifələrində işlədiyi dövrdə (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) 4.388 manat, baş direktorun kommersiya üzrə müavini vəzifəsində işlədiyi dövrdə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək) 6.900 manat təşkil edib. İddiaçı işlədiyi dövr ərzində cəmi iki dəfə, ümumi 8.776 manat əmək haqqı almışdır. Beləliklə, Mərkəzi Təchizat Departamentinin müdiri və Strateji İnkişaf Departamentinin müdiri işlədiyi dövrdən 5 ayın (5 x 4.388 = 21.940 manat), baş direktorun kommersiya üzrə müavini işlədiyi dövrdən 9 ayın (9 x 6.900 = 62.100 manat), ümumi (21.940 + 62.100 =) 84.040 manat əmək haqqı ona ödənilməyib. Bundan başqa iddiaçı işlədiyi müddət ərzində ASC-nin 46/2 nömrəli xx.xx.2021-ci il tarixli və 85-1 nömrəli xx.xx.2021-ci il tarixli əmrlərinə əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərində ümumilikdə 43 gün, 74/1 nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən Özbəkistan Respublikasının Termez şəhərində 20 gün, 29 nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən Gürcüstan Respublikasının Tbilisi şəhərində 13 gün ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarına əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 160 ABŞ dolları (272 manat), Özbəkistan Respublikasına ezam olunmuş şəxsə bir gün üçün 100 ABŞ dolları (170 manat), Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 155 ABŞ dolları (263 manat) ödənilməlidir. Ezamiyyə pulları bugünə kimi ödənilməyib. 43 gün Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezamiyyət üçün (43 x 272 =) 11.696 manat; 20 gün Özbəkistan Respublikasının Termez şəhərinə ezamiyyət üçün (20 x 170 =) 3.400 manat; 13 gün Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezamiyyət üçün (13 x 263 =) 3.419 manat, ümumilikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək ezamiyyət dövrü üçün 18.515 manat məbləğində pul iddiaçıya ödənilməmişdir. Bundan əlavə, 84.040 manat məbləğində əmək haqqının ödənilməsi 400 gün gecikdirilmişdir. Hər gecikdirilmiş gün üçün 1 faiz ödənc hesablandıqda cavabdeh ASC iddiaçıya əmək haqqının gecikdirilməsinə görə cəmi (400 x 840,40 =) 336.160 manat pul ödəməlidir. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh ASC iddiaya etiraz edərək, “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi işlədiyini qeyd edərək əmək haqqı məbləğinin ödənilmədiyini iddia edir. Bu hissədə güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bundan başqa, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş “X1” 1.5-ci bəndinə əsasən, ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi sonuncu ezamiyyətə, sənədlərdən də göründüyü kimi, xx.xx.2021-ci il tarixində getmiş, xx.xx.2021-ci il tarixində isə qayıtmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi ezamiyyətlərdən tarix üzrə sonuncusuna xx.xx.2021-ci il tarixində getdiyini və məhkəməyə yalnız 2023-cü il tarixdə müraciət etdiyini nəzərə alaraq, güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən iddiaçının sonuncu ezamiyyətdən qayıtdığı tarix (xx.xx.2021-ci il) güman edilən hüquq pozuntusunun aşkar edildiyi gün hesab edilsə belə, qeyd edilən iddia müddəti iddiaçı tərəfindən ötürülmüş hesab edilməlidir. İddiaçının əmək haqqının 400 gün, yəni 1 ildən çox gecikdirilməsini əsas gətirərək tələb irəli sürməsi də bu halın onun tərəfindən etiraf edilməsini təsdiq edir. Bundan əlavə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunvericiliyin qeyd olunan müddəasından belə nəticə hasil olur ki, əmək haqqının verilməsi gecikdirilərsə və bu hal məhz fərdi əmək mübahisəsi yaratmayıbsa, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yəni, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması işçiyə müvafiq ödəncin verilməsini tamamilə istisna edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya ödənilməmiş əmək haqqının əvəzi olaraq 62.100 manat, ödənilməmiş ezamiyyət haqqının əvəzi olaraq 3.400 manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 248.400 manat, ümumilikdə 313.900 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Belə olan halda hazırki mülki iş üzrə iddia tələbinin dəlillərinin əksini sübutetmə işəgötürən olan cavabdehin üzərinə düşür. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iki ayın əmək haqqı istisna olmaqla, əvvəlki dövr üzrə 5 ayın, sonrakı dövr üzrə 9 ayın əmək haqqının ödənilməməsi iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Lakin iddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olsa da, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya arayışından görünür ki, cavabdehə mediasiyaya dəvət məktubu xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hazırda iddiaçının iddia tələbləri xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, yəni 14 aylıq dövrü əhatə edir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya müvafiq aylar üzrə sonuncu 1 il üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqı ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaya etirazın əsaslarına uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə tam əsaslıdır. Lakin Rayon Məhkəməsi iddia müddətini bütün tələblərə təmin etməməklə səhv nəticəyə gəlmişdir. Əmək haqqı üçün 62.100 manat, ezamiyyət dövrü üçün 3.400 manat məbləğlərə münasibətdə 248.400 manat məbləğində dəbbə pulunun hesablanması tənasübsüz surətdə yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyi halda Rayon Məhkəməsi iddiaçının müqavilə üzrə öhdəliklərini icra etdiyi qənaətinə gəlmişdir. Bununla da, iş materiallarından mövcud olmayan sübuta hüquqi qiymət vermişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh ASC-nin vəkili (nümayəndəsi) X4 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir.

9. Cavabdehin vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın növbəti iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

10. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat

11. İddianın bir qismi təmin edilmədiyi üçün iddiaçı da Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin onun şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

12. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.

13. Hazırkı apellyasiya baxışının predmeti (cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən) iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsi və cavabdehdən tutulmalı olan vəsaitin ümumi məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

15. Belə ki, işdə olan “Əmək müqaviləsi bildirişinin çıxarışından” görünür ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2020-ci tarixindən xx.xx.2022-ci il tarixinədək cavabdeh ASC-də rəis müavini vəzifəsində işləmişdir. Onun əmək haqqısı 7.984 manat təşkil etmişdir.

16. “Əmək müqaviləsi bildirişinin çıxarışından” görünür ki, iddiaçı, xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci il tarixinədək ASC-də bölmə müdiri vəzifəsində işləmişdir. Əmək haqqı 5.000 manat təşkil etmişdir.

17. “Əmək müqaviləsi bildirişinin çıxarışından” görünür ki, iddiaçı, xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci il tarixinədək ASC=də bölmə müdiri vəzifəsində işləmir. Əmək haqqı 5.000 manat təşkil etmişdir.

18. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, 29 nömrəli əmrindən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, Gürcüstan Respublikasının Tbilisi şəhərində 13 gün (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ezamiyyətdə olmuşdur.

19. ASC-nin xx.xx.2021-ci il tarixli, 46/2 nömrəli əmrindən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, Özbəkistan Respublikasının Daşkənd şəhərində 22 gün (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ezamiyyətdə olmuşdur.

20. ASC-nin xx.xx.2021-ci il tarixli, 74/1 nömrəli əmrindən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, Özbəkistan Respublikasının Termez şəhərində 20 gün (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ezamiyyətdə olmuşdur.

21. ASC-nin xx.xx.2021-ci il tarixli, 85-1 nömrəli əmrindən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, Özbəkistan Respublikasının Daşkənd şəhərində 21 gün (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ezamiyyətdə olmuşdur.

22. İddiaçı əmək haqqı borc qalığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 84.040 manat məbləğində əmək haqqının, xx.xx.2022-ci il tarixdən xx.xx.2022cü il tarixədək ezamiyyət dövrü üçün 18.515 manat (43 gün x 272 manat = 11.696, 20 gün x 170 manat = 3.400, 13 gün x 263 manat = 3.419) məbləğində əmək haqqının və 84.040 manat məbləğində əmək haqqının 400 gün, yəni 336.160 manat (400 x 840,4 = 336.160) gecikdirilməsinə görə hər gün üçün 1 faiz ödəncin cavabdehdən tutulmasını xahiş edir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12., hissə İ.). Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (maddə 12., hissə İİ.). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (maddə 35., hissə İİ.).

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154., hissə 1.). İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər (maddə 157., hissə 1.). Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir (maddə 157., hissə 3.). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir (maddə 172., hissə 1.). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (maddə 172., hissə 4.).

25. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Mübahisənin xarakterini nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin dəlillərinin əksini sübutetmə yükü cavabdehin üzərinə düşür.

27. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iki ayın əmək haqqı istisna olmaqla, əvvəlki dövr üzrə 5 ayın, sonrakı dövr üzrə 9 ayın əmək haqqının ödənilməməsi iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut cavabdeh MMC tərəfindən məhkəmələrə təqdim olunmamışdır.

28. Əksinə, iddiaçı tərəfindən Rayon Məhkəməsinə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur.

29. Bundan başqa, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olsa da, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya arayışından görünür ki, cavabdeh ASC-yə mediasiyaya dəvət məktubu xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hazırda iddiaçının iddia tələbləri xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, yəni 14 aylıq dövrü əhatə edir.

30. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

31. Cavabdeh ASC tərəfindən Rayon Məhkəməsinə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya müvafiq aylar üzrə sonuncu 1 il üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqı ödənilməlidir.

32. İddia tələbindən göründüyü kimi, iddiaçı mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək haqqını tələb etməsi üçün qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür. Lakin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 9 aylıq müddət üçün iddia müddəti ötürülmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

33. Belə olan halda Məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il - xx.xx.2022-ci il tarixləri üçün cəmi 62.100 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır.

34. Məhkəmə iddianın ezamiyyət xərcinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli, xx.xx.2008-ci il tarixli qərarına əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 160 ABŞ dolları (272 manat), Özbəkistan Respublikasına ezam olunmuş şəxsə bir gün üçün 100 ABŞ dolları (170 manat), Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 155 ABŞ dolları (263 manat) müəyyən edilmişdir.

35. İddiaçı ezamiyyə xərcinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrlər üzrə tutulması hissəsində qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür. Lakin xx.xx.2021-ci il tarixli əmr üzrə Özbəkistan Respublikasında ezamiyyətdə olduğu müddət üçün 3.400 manat (20 x 170 manat) ezamiyyə xərcinin tutulması hissəsində iddia tələbi əsaslıdır.

36. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

37. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir.

38. Göründüyü kimi, cavabdeh ASC qanunvericiliyin tələblərini pozmaqla, orada müxtəlif vaxtlarda Mərkəzi Təchizat Departamentinin müdiri, Strateji inkişaf Departamentinin müdiri və baş direktorun kommersiya üzrə müavini vəzifələrində çalışmış iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iki ayın əmək haqqı istisna olmaqla, cəmi 14 ay üçün 84.040 manat məbləğində əmək haqqını, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək ezamiyyət dövrü üçün 18.515 manat məbləğində ezamiyyə pulunu ödəməmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçı müvafiq dövrlər (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr və xx.xx.2021-ci il tarixli dövr üçün ezamiyyə xərci istisna olmaqla) üçün əmək haqqı və ezamiyyə xərclərini tələb etməkdə iddia müddətini ötürmüşdür.

39. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. İşçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

40. Əmək Məcəlləsinin tələblərinə görə, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir (maddə 301., hissə 1.). Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir (maddə 301., hissə 2.).

41. Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbi 84.040 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə 336.160 manat məbləğində ödəncin tutulması hissəsində yuxarıda qeyd olunanlara əsasən qismən əsaslıdır. Belə ki, göründüyü kimi iddia tələbi 62.100 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində təmin edilmişdir. Bu səbəbdən də hazırda iddiaçının həmin məbləğdə əmək haqqının gecikdirilməsi ilə bağlı azı bir faiz məbləğdə ödənc tutulmasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi hazırda iddiaçı əmək haqqının 400 gün (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) gecikdirilməsinə görə hər gün üçün 1% ödənc tələb edir. Belə olanda Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən əmək haqqının 400 gün gecikdirilməsinə görə hər gün üçün 1% ödənc olaraq cəmi 248.400 manat (621 manat x 400 gün) məbləğində borc yaranmışdır.

42. Rayon Məhkəməsi bildirmişdir ki, əmək haqqının hesablanması sahəsində məhkəmə ixtisaslaşmamışdır, cavabdeh ASC isə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün müvafiq sübutlar təqdim etməmişdir. Belə ki, MPM-in 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

43. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh ASCdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinin əsaslı olub-olmamasını yoxlamaq üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir.

44. Məhkəmə hesab etmişdir ki, ASC-dən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinin əsaslı olub-olmamasını yoxlamaq mövcud mülki mübahisənin düzgün, obyektiv həlli üçün vacibdir. Buna görə də, Məhkəmə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə etmişdir.

45. Azərbaycan Respublikası Auditorlar Palatası Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadının icrasını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etmişdir.

46. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01/25 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh ASC-də işlədiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər ödənilməmiş əmək haqqının məbləği ümumilikdə 79.367,80 manat, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8.916,13 manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 70.451,68 manat, ödənilməmiş ezamiyyə xərclərinin məbləği ümumilikdə 15.912 manat, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 9.409,5 manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6.502,5 manat təşkil edir. İddiaçının cavabdeh ASC-də işlədiyi müddətdə ödənilməmiş əmək haqqının gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər ümumilikdə 388.649,37 manat, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 32.537,93 manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 356.111,44 manat təşkil edir.

47. Həmin rəyi nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh ASC-dən ödənilməmiş 62.100 manat məbləğində əmək haqqı və ezamiyyət dövrü üçün 3.400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, habelə əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. Lakin əmək haqqının gecikdirilməsinə görə tutulmalı olan vəsaitin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməlidir.

48. Belə ki, Məhkəmə, iddiaçının xx.xx.2022-ci il tarixdə işdən azad edilməsini və iddiaçının xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etməsini nəzərə alan Məhkəmə hesab edir ki, əmək haqqının gecikdirlməsinə görə 1% iddiaçının təklif etdiyi kimi 400 gün üçün deyil, içdən azad edildiyi tarixdən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövr üçün yəni, 108 gün üçün tutulmalıdır. Bu məqsəd ilə cavabdeh ASCdən (621 manat x 108 gün=) 67.068 manat tutularaq iddiaçıya ödənilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır.

49. Belə olan halda Rayon Məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsinə görə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin və bunun nəticəsi olaraq iddiaçının xeyrinə tutulmalı olan ümumi məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. h) apellyasiya baxışının nəticəsi

50. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan məbləğin və ümumi ödənilməli olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdeh ASC-dən iddiaçının xeyrinə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan məbləğ 67.068 manat, ümumi ödənilməli olan məbləğ isə 132.568 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Odur ki, göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan məbləğin və ümumi ödənilməli olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan məbləğ 67.068 (altmış yeddi min altmış səkkiz) manat, ümumi ödənilməli məbləğ 132.568 (yüz otuz iki min beş yüz altmış səkkiz) manat müəyyən edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar