Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1530/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 0İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7309/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Daşınmaz əmlakın dövlət reyestrində çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərəflərin hər birinin 1/2 hissədə payı müəyyən edilmişdir.
2. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 2 (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair özünə adi olan 1/2 hissədə payını atası Cavabdeh bağışlamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bağışlanmadan imtina olunmasının qəbul edilməsi, 16 may 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona dair verilmiş ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının atasıdır. Atası ilə X4 arasında olan nikah pozulmuşdur. Atası Cavabdeh ilə X4 arasında bağlanmış mediasiya sazişinə əsasən tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı razılıq əldə etmişlər. Həmin mediasiya sazişinə əsasən ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evini X4 atası Cavabdeh mülkiyyətinə keçirtməli idi. Buna görə də maddi imkanları az olduğuna görə tərəflər arasında şifahi razılığa əsasən notarial xərclər az olsun deyə razılığa gəlmişlər ki, anası Şəlalə həmin evlə bağlı payını iddiaçıya bağışlasın, iddiaçı da həmin payı atasına bağışlasın. Anası X3 rayonu, Əhmədli qəsəbəsi, Elvin Məlikov küçəsi 22F ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 payını iddiaçıya bağışlamışdır və iddiaçı da həmin payı 16 may 2024-cü il tarixli bağışlanma müqaviləsinə əsasən atası Cavabdeh bağışlamışdır. Lakin bağışlanma şərti o idi ki, Cavabdeh mediasiya sazişinə əsasən sonuncu öhdəliyini yerinə yetirsin. Lakin cavabdeh bu günə kimi öhdəliyini yerinə yetirmir. Ərizəyə əlavə edilən çıxarışdan da göründüyü kimi 30 aprel 2024-cü il tarixdə iddiaçının anası ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 payını iddiaçıya bağışlamışdır. Bağışlanma müqaviləsinə əsasən görünür ki, 16 may 2024-cü il tarixdə anasının ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 payını iddiaçı atasına bağışlamışdır. Həmin müqavilə formal xarakter daşıyır. Mediasiya sazişinin icrası ilə əlaqədar anasının öhdəliyini icra etməsini təmin etmək məqsədi ilə olan müqavilə idi. Lakin cavabdeh onun etibarından suistifadə edərək həmin müqavilənin bağlanmasına nail olduqdan sonra mediasiya sazişinin tələblərinə əsasən anasının yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzildəki 1/2 hissədəki payını iddiaçıya bağışlamalı və ya anasının adına keçirtməsi üçün tədbir görməli olduğu halda bu günə kimi öhdəliyini icra etməmişdir. Bundan başqa, 16 may 2024-ci il tarixli bağışlanma müqaviləsinin formal olduğunu təsdiq edən əsas əlamətlərdən bir ondan ibarətdir ki, mübahisəli mənzil heç vaxt iddiaçının mülkiyyətində olmayıb, həmin mənzilin pay hissəsi X14yə məxsus olub. X14 ilə aralarında olan bağışlanma müqaviləsi və atası Rüstəmov Cankişi ilə aralarında olan bağışlanma müqaviləsi, həmçinin atası və anası arasındakı mediasiya sazişi təsdiq edir ki, yuxarıda qeyd etdikləri doğrudur. Buna görə cavabdeh ilə aralarında olan 16 may 2024-cü il tarixli bağışlama müqaviləsi ləğv edilməli və ona dair verilmiş ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarışın etibarsız hesab edilərək iddiaçının adına əvvəlki vəziyyətinə qaytarılmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7309/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Aygün Həsənova).
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Qanunvericilikdə bağışlamaqdan imtinanın mümkün olduğu hallar qeyd edilmişdir. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən 1) hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, 2) hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, 3) o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Hazırkı iş üzrə iddiaçı iddiasının əsası kimi cavabdehin onun etibarından suistifadə edərək həmin müqavilənin bağlanmasına nail olmasını göstərmişdir. Məhkəmə iddiaçının hazırkı dəlilinə münasibətdə qeyd edir ki, bu hal bağışlamadan imtinaya əsas ola bilməz. Belə ki, iddiaçının atası ilə anası arasında bağlanmış barışıq sazişi bugünki gün də qüvvədədir və cavabdeh tərəf saziş üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırırsa, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqinə nail olmaqla, cavabdehin öhdəliklərini icra etməsini təmin etmək mümkündür. Odur ki, qanunvericilikdə bağışlamadan imtina üçün nəzərdə tutulmuş hallara hazırkı işin araşdırılması zamanı rast gəlmək mümkün olmadığından, iddia tələbi bağışlamadan imtinanın qəbul edilməsinə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilənin ləğv edilməsi əsası olaraq bağışlamaqdan imtina olunmasının qəbul edilməsinə istinad etmişdir. Nə qədər ki, məhkəmə tərəfindən iddiaçının bağışlamaqdan imtinası qəbul edilməmişdir, iddia bu hissədə də təmin oluna bilməz. Məhkəmə iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, etibarsız hesab edilməsi ilkin tələblərdən törəmə olduğundan, həmin tələblər də rədd edildiyindən, iddia bu hissədə də təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı, 668-ci, 670-cı, 673-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına, istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddianı qəbul etməyərək məhkəmə baxışı zaman mediasiya sazişinin sonuncu bəndinin icrası müxtəlif bəhanələr gətirərək icra etmədiyini, gah yeni doğulacaq nəvəsinə bağışlayacağını, gah guya sonra da tərəflərin sonuncu bəndin icra olunmayacağı barədə guya razılaşma olduğunu bildirmişdir. Göründüyü kimi Cavabdeh dolayısı ilə tərəflər arasında bağışlanma müqaviləsinin bağlanması üçün mövcud şərtlərin olduğunu, lakin icra etmədiyini etiraf etmişdir. Məhkəmə mediasiya sazişini, həmçinin tərəflərin izahatlarını düzgün tətqiq etmədən qanunsuz qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, o, uzun illər gəmi kapitanı vəzifəsində işləmişdir. Oğlu o dənizdə evdə olan bütün qızıllarını götürüb. 2021-ci ilin avqust ayının 9-da İlahə Abbasovanın sədrliyi ilə məhkəmə keçirilib. Orada o qızılların onda olmasını ehtimal edərək qəbul etmişdir. Gözləmişdir ki, apardıqları qızılların aqibəti necə olacaq ona gör sazişə əməl etməmişdir. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 662.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianın rədd edərkən bunun əsaslarını düzgün müəyyən etmədən səhv nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməlidir.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
20. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçının atasıdır. Atası ilə X4 arasında olan nikah pozulmuşdur. Atası Cavabdeh ilə X4 arasında bağlanmış mediasiya sazişinə əsasən tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı razılıq əldə etmişlər. Həmin mediasiya sazişinə əsasən ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evini X4 atası Cavabdeh mülkiyyətinə keçirtməli idi. Anası X3 rayonu, Əhmədli qəsəbəsi, Elvin Məlikov küçəsi 22F ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki ½ payını iddiaçıya bağışlamışdır və iddiaçı da həmin payı 16 may 2024-cü il tarixli bağışlanma müqaviləsinə əsasən atası Cavabdeh bağışlamışdır. Lakin iddiaçı anasının saziş üzrə öhdəliyinin icrası qaydasında əmlkdakı payı atasına bağışlasa da, atası olan cavabdeh tərəfindən həmin saziş üzrə öhdəlik icra edilməməklə anasına münasibətdə digər daşınmaz əmlakı anasının mülkiyyətinə keçirməmişdır. Yəni cavabdeh bu günə kimi öhdəliyini yerinə yetirməmişdir. Hazırda iddiaçı qeyd olunan bağışlanmadan imtina olunmasının qəbul edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsini və həmin müqavilədən irəli gəlmiş çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir.
21. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçının atası ilə anası arasında bağlanmış barışıq sazişi bugünki gün də qüvvədədir və qanunvericilikdə bağışlamadan imtina üçün nəzərdə tutulmuş hallara hazırkı işin araşdırılması zamanı rast gəlmək mümkün olmadığından, iddia tələbi bağışlamadan imtinanın qəbul edilməsinə münasibətdə təmin edilməməlidir.
22. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, X8 ilə Cavabdeh arasında mediasiya zamanı bağlanan 18 aprel 2024-cü il barışıq sazişinə əsasən 2-ci tərəf Cavabdeh Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzilindən ½ hissədəki payını 1-ci tərəf X5 adına Daşınmaz Əmlakın Dövlət reysterində özəlləşdirəcəyini öz öhdəsinə götürür. 2-ci tərəf Cavabdeh ünvan 3 ünvanında olan 2 otaqlı mənzili oğlu İddiaçı adına Bağışlanma yolu ilə Daşınmaz Əmlakın Dövlət reysterində özəlləşdirəcəyini öz öhdəsinə götürür. 3. Cavabdeh Bakı şəhər, Xətai rayonu, ərazisində yerləşən 52 kv.m sahəsi olan qeyri yaşayış sahəsindəki ½ hissədəki payını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyi üçün "xxxx" MTK ilə arasında bağlanmış X1 adına dəyişdirilməsi və həmin qeyri-yaşayış sahəsinin X5 adına yeni müqavilənin baglanması üçün bütün tədbirləri görməyi, o cümlədən müqavilə maliyyə arayışı alaraq X6 verməyi öz öhdəsinə götürür. 4. 1-ci tərəf X2 qəs, Kənd Əhmədli 22F ünvanında yerləşən 7 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli monsardlı həyət evinin ½ hissədəki payından imtina edir və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət reysterində özəlləşdirəcəyini öz öhdəsinə götürür. 5. 1-ci tərəf X3 rayon Məhkəməsinin 2-(011)-5248/2021 saylı xx.xx.2021-ci tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş daşınar-daşınmaz əmlakın ½ hissədəki payı olan “Mercedes Vito” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona çatan ½ hissədəki payından, pul vəsaitlərindən 1-ci tərəf X6 çatan ½ hissədəki payları olan 34832 avrodan, 42349 ABŞ dollarından, 29800 avrodan, 1400 ABŞ dollarından, qızıl zinnət əşyaları olan ½ hissədəki payından 1-ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızılı komplekt və 1 ədəd qızıl saatdan, tam şəkildə imtina edir və öz öhdəsinə götürür ki, 1-ci tərəfə X8 gələcəkdə Cavabdeh qarşı qeyd olunan pul vəsaitləri, qızıl zinnət əşyaları, Mercedes Vito” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədat heç bir iddia qaldırmayacaqdır. Göstərilən hissələrdə tələblərdən imtina İlə əlaqədar X3 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011-5248/2021 nömrəli, xx.xx.2021-ci tarixli qətnaməsinə xitam verilməsi uçun Xətai rayon icra şöbəsinə müraciət etməsini öz öhdəsinə götürür. 6. Tərəflər Cavabdeh və X13 hal-hazırda Məhkəmədə olan iddialarından imtina edəcəklər və gələcəkdə bu sazişdə nəzərdə tutulan mübahisələrlə bağlı bir-birilərinə qarşı və ailə üzvlərinə qarşı heç bir iddia qaldırılmaması ilə bağlı öz üzərilərinə öhdəliklər götürürlər.
23. Lakin iddiaçı iddia tələbinin əsası kimi bağışlamaya dair hərəkəti edərkən məqsəd ondan ibarət olmuşdur ki, iddiaçı anasının saziş üzrə mənzilə münasibətdə icra etməli olduğu öhdəliyi icra etmişdir. Yəni sazişin qəbul edilmiş şərtinə uyğun olaraq bu müqaviləni bağlamışdır ki, anasına münasibətdə də anasi ilə atası arasında mediasiyada bağlanan barışıq sazişinin “Cavabdeh Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzilindən ½ hissədəki payının 1-ci tərəf X5 adına Daşınmaz Əmlakın Dövlət reysterində özəlləşdirəcəyini öz öhdəsinə götürür” şərti cavabdeh tərəfindən icra olunmalı idi. Belə olmadığı halda bağışlamanın, yənin müqavilənin bağlanmasının onun aldadılması ilə həyata keçirilməsi müəyyən edilir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, bağışlama müqaviləsinin məzmunundan göründüyü kimi müqavilə bağlanarkən cavabdeh öz üzərinə iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəlik götürmüşdür. Lakin cavabdeh iddiaçının etibarından suistifadə edərək bağışlanma müqavilənsinin bağlanmasına nail olduqdan sonra mediasiya sazişinin tələblərinə əsasən iddiaçının anasının yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzildəki 1/2 hissədəki payını ona bağışlaması və ya anasının adına keçirilməsi üçün hər hansı tədbir görməmiş, bununla da saziş əsasında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Kollegiya qeyd edir ki, hazırki iddiaya işin halları baxımından mülki qanunvericiliyin bağışlamadan imtina özündə ehtiva edən maddi hüquq normasının halları baxımından deyil, əqdin aldadılma ilə bağlanması əsasına görə əqdin etibarsızlığını özündə ehtiva edən normaların tətbiqi ilə qiymət verilməlidir.
25. Qanunvericiyin tələbləri baxımından qeyd edilməlidir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Normaya görə, aldatma nəinki həqiqətə uyğun olmayan məlumatların verilməsi, eləcə də mülki dövriyyənin şərtlərinin tələb etdiyi vicdanlılığa uyğun olaraq şəxsin qarşı tərəfə bildirməli olduğu hallar barədə bilərəkdən susması hesab olunur və aldatma qəsdlə edilir. Hazırki işin halları baxımından əqdin bağlanması zamanı hər iki tərəfin xüsusi ilə də bağışlayan tərəfin iradəsi təbii olaraq mövcud olmuş bu iradəsini əqdin bağlanması zamanı bildirmişdir. Lakin əqdin bağlanması zamanı hədiyyə alan, yəni cavabdeh iddiaçının bağışlama müqaviləsini bağlayarkən sonuncunun anası ilə aralarında olan saziş üzrə öhdəliyini icra edəcəyini bildirməklə əmlakın bağışlanmasına nail olmuş, lakin özünun üzərinə düşən öhdəliyi icra etməyəcəyini bildirməməklə, iddiaçının aldatmaqla əmlakı mülkiyyətinə keçirməyə nail olmuşdur. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatından bəlli olur ki, əqd bağlanarkən saziş üzrə üzərinə düşən öhdəliyi icra etməyəcəyi qənaətinə gəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, sözügedən əqd bağlanarkən bilərəkdən bu halı iddiaçya bildirməməklə aldatma nəticəsində əqdin bağlanmasına nail olmuşdur. İddiaçı isə bu halı bilmiş olsaydı belə bir əqdi bağlamayacağından həmin əqd etibarlı hesab edilə bilməz. İddiaçının iddia tələbində bağışlama müqaviləsinin ləğv edilməsi kimi tələbini qoyması məhkəmə üçün bu tələbə hərfi mənada yanaşmaya dəlalət etmir. Belə ki, tələbini əsaslandırdığı hallar məhz aldatmaya yönəldiyindən və işin bu halı təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, tələb təmin edilməklə İddiaçı ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evinə dair özünə məxsus ½ hissədə payının Cavabdeh bağışlanmasına dair müqavilə etibarsız hesab edilməli və onun hüquqi nəticəsi kimi həmin evə dair verilmiş çıxarış ½ hissədə ləğv edilməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7309/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evinə dair özünə məxsus ½ hissədə payının Cavabdeh bağışlanmasına dair müqavilə etibarsız hesab edilməli və onun hüquqi nəticəsi kimi həmin evə dair verilmiş çıxarış ½ hissədə ləğv edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7309/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evinə dair özünə məxsus ½ hissədə payının Cavabdeh bağışlanmasına dair müqavilə etibarsız hesab edilməklə onun hüquqi nəticəsi kimi həmin evə dair verilmiş çıxarış ½ hissədə ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.