Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1533/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1533/2025 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Gasan Güseynovun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2564/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 19 fevral 2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 may 2024-cü il tarixdə saat 11:00 radələrində Cavabdeh idarə etdiyi, mülkiyyət hüququ ilə X2 məxsus “Mitsubishi Outlander” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində İddiaçı MMC-yə məxsus olan “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və bu zaman sürücü idarəetməni itirərək Grant marketin şüşəsinə çırpılmış və nəticədə MMC-nin mülkiyyətində olan avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş, barəsində İXP6237717 saylı protokol tərtib olunaraq TP6467192 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə edilmişdir. “AZƏRMAŞ CP” Servis Mərkəzi tərəfindən 08 may 2024-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 8524.80 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobili sığortalayan “Atashgah Sıgorta Şirkəti” tərəfindən mütənasib bölgüyə əsasən İddiaçı MMC-yə dəymiş ziyana görə 3876 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitlə “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də qeyd olunan avtomobili istifadəyə yararlı vəziyyətə gətirmək üçün 4648.80 manat məbləğində pul İddiaçı MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən, İddiaçı MMCnin mülkiyətində olan “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 4648.80 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 66.49 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Hüseyn Həsənov iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, iddia predmeti olan avtomobil şirkətin balansındadır. Yəni, hələ də mülkiyyətçi şirkətdir. Sığorta tərəfindən avtomobilə dəymiş ziyanın bir qismi ödənilmişdir. Lakin, xərcin böyük hissəsi qalmışdır. Buna səbəb hadisə zamanı baş bir obyektə ziyan dəyməsi və həmin obyektə də sığorta tərəfindən ödəniş olunması olmuşdur. Onlar bütün zəruri sübutları məhkəməyə təqdim etmişlər. İddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbi qəbul etməyib izahatında bildirmişdir ki, düzdür, hadisə olub. Bu hamının başına gələ bilər. Ona hadisə vaxtı arxadan gələn maşın dəyəcəkdi və o, həyəcanlanıb qorxmuş və əyləc əvəzinə qaz pedalına basmışdır. O, qoca kişidir və pulu yoxdur. Məbləğ isə həddindən artıq şişirdilib. İddianın təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2564/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh 4648,80 manat məbləğin və ödənilmiş 66,49 manat dövlət rüsumunun tutulub İddiaçınə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 1096.1, 1097.1, 1099.1 və 1108.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkmiş “Azərmaş Lizinq MMC”-nin qanunvericiliklə nəzərdə tutulmuş hallarda zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş, cavadeh Cavabdeh hüquqlarını pozmuş və əsassız olaraq Azərbaycan Respublikası MM-nin 1115-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-nin 376.2-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir
17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş İXP6237717 nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11:00-da B.Nuriyev küçəsində idarə etdiyi “Mitsubishi Outlander” minik markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.
28. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan və qaimənin surətindən görünür ki, Cavabdeh dəymiş 4680.80 manat ziyanın ödənilməsi, əks təqdirdə ziyan tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur.
29. xx.xx.2024-cü il tarixli ödəniş məlumatından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 66,49 manat dövlət rüsumu ödənilmişdir.
30. Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur.
31. Yol nəqliyyat hadisəsinin sxemindən və izahatların surətlərindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11:00-da B.Nuriyev küçəsində idarə etdiyi “Mitsubishi Outlander” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
32. "xxxx" Sığorta Şirkəti ASC-nin sığorta aktından görünür ki, ASC-də PAT********** nömrəli sığorta müqaviləsi ilə xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək sığortalanmış, İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı 77-YN310 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində, xx.xx.2024-cü il tarixli hesabata uyğun olaraq dəymiş zərər 8524 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 3876 manat sığorta ödənişi İddiaçı MMC-nin hesabına köçürülməlidir;
33. xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 3876 manat sığorta ödənişi həmin tarixdə İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
34. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 8524.80 manat təşkil edir.
35. "xxxx" Sığorta Şirkəti ASC-nin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunan hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt” minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8524 manat və “Grandmart” mağazasına 2471 manat olmaqla, cəmi 10995,8 manat ziyan dəymişdir. Qanunvericiliyin tələbi nəzərə alınaraq, 5.000 manat sığorta ödənişi bölünərək, avtomobilə görə 3876 manat, “Grandmart” marketinə isə 1123.5 manat ödəniş edilmişdir.
36. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
39. İş materiallarından da göründüyü kimi 07 may 2024-cü il tarixdə saat 11:00 radələrində Cavabdeh idarə etdiyi, mülkiyyət hüququ ilə X2 məxsus “Mitsubishi Outlander” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində İddiaçı MMC-yə məxsus olan “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və bu zaman sürücü idarəetməni itirərək Grant marketin şüşəsinə çırpılmışdır.Nəticədə cavabdehin yol nəqliyyat qaydalarını pozmaqla müşahidə olunan hərəkəti ilə iddiaçıya məxsus avtomobilə ziyan dəymiş və buna görə də cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir.
40. Birinci instasniya məhkəməsində keçirilmiş məhkəmə iclasında cavabdehin verdiyi izahatından görünür ki, cavabdeh özü də hadisənin baş verməsini etiraf etmiş, zərərin məbləği ilə isə razılaşmadığını bildirmişdir.
41. Göründüyü kimi cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus avtomobilə maddi ziyan vurması işin mübahisəsiz halıdır. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. İşdə olan “AZƏRMAŞ CP” Servis Mərkəzi tərəfindən 08 may 2024-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Chevrolet Cobalt” minik markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 8524.80 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi “Mitsubishi Outlander” markalı, **-NA-*** qeydiyyat nişanlı avtomobili sığortalayan “Atəşgah Sıgorta Şirkəti” tərəfindən mütənasib bölgüyə əsasən İddiaçı MMC-yə dəymiş ziyana görə 3876 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsait “Chevrolet Cobalt” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də qeyd olunan avtomobili istifadəyə yararlı vəziyyətə gətirmək üçün qalan 4648.80 manat məbləğində pul təqsiri sübuta yetirilmiş cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də hazırki apellyasiya baxışında həmin məbləğin həqiqiliyini istisna edən hər hansı digər sübut məhkəməyə təqdim olunmamışdır.
44. Buna görə də kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qət etdiyi zərərin məbləği işin faktiki hallarına uyğun olduğundan əsaslı hesab oluna bilər.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2564/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev