Məhkəmə qərarları › İş №2(103)-1541/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1541/2024

15.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1541/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, müqavilə üzrə artıq ödənilmiş pulun qaytarılması, müqavilənin etibarlılığı, kəsici müddət) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mövcud borcun etirafı müqaviləsinin ləğv olunması (etibarsız hesab edilməsi), həmin müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması, hesablanmış faizin və rüsumun ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçılə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmış, Bakı şəhəri 37 saylı Notariat kontorunda təsdiqlənmiş həmin müqaviləyə görə İddiaçı, 2003-cü ildə Cavabdeh 7830 manat borc aldığını etiraf edərək borcunu xx.xx.2016-cı il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2018-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2018-ci il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2018-ci il tarixli qəbzə əsasən 500 manat ödəniş etmişdir.

3. Cavabdeh Xəzər rayon İcra şöbəsinin rəisinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, 37 saylı Notariat kontoru tərəfindən aparılmış xx.xx.2014-cü il tarixli icra qeydinə əsasən, İddiaçı tərəfindən 1500 manat ona ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) nümayəndəsi (atası) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış və Bakı şəhəri 37 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2014-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin ləğv olunması, həmin müqavilə üzrə cavabdehin ondan aldığı 11 000 manatın geri qaytarılması, bu pul vəsaitinə 3 il müddətinə hesablanmalı olan 9500 manat faizin, habelə iddia ərizəsi üçün ödədiyi 272 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbləri belə əsaslandırılmışdır ki, X1 aralarındakı un alverindən cavabdehə 19 300 dollar borcu olmuş, borcundan 9300 dolları qaytarmış, qalan 10 000 dollar borcu qaytarmağı tələb etdikdə, Mütəllik bu borcu Samirin üzərinə ötürmüş və 2002-ci ildən başlayaraq, bu 10 000 dollar saxta borcu Samirdən alacağına və sonra Adilə verəcəyinə söz vermişdir. X10 heç bir borcu olmayıb. Adil Bakı Baş Polis İdarəsində yaxın tanışı olan Ziya adlı müstəntiqdən istifadə edərək Samirə zorakılıq, hədə-qorxu edərək, bu 10 000 dollar saxta borcu boynuna qoymuşlar. Həmin vaxtlarda Samir narkotik istifadəçisi olmaqla ruhi xəstə idi və o, bir ata kimi məsuliyyəti öz üzərinə götürərək Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunanda Samir özünə məxsus torpaq sahəsini bu borc əvəzinə Adilə vermişdir. Adil də Samirə və ona qarşı heç bir şikayəti olmadığını elan etdikdən sonra Adilin etirafına görə iş bağlanmışdır. Samirlə Adilin arasında heç bir alver olmayıb. 10 000 dollar borc Mütəlliklə Adil arasında un alverindən əmələ gəlib və Adilin Samirə un satması haqda heç bir şahid və sənəd yoxdur. Samirə yalnız hədə-qorxu gəlinərək aldatma yolu ilə "borcun etirafı haqqında mücərrəd müqavilə” imzalatmışlar. Bu müqavilədən ailəsinin xəbəri olmayıb, 2022-ci ildə Adilin oğlu bir neçə adamla və polislə onların yaşadıqları evə gəlib zorakılıqla 10 000 dollar borcu ondan və ailəsindən ödəməyi tələb etmişdir. Bu halda o, məhkəmə icraçısının yanına getmiş və onda olan işin içindən 5 ədəd ödəmə qəbzlərini, "mücərrəd müqavilənin” surətlərini almışdır. 5 ədəd qəbzlərlə 4500 manat ödəniş "Mücərrəd müqavilənin” saxta olduğunu aydınlaşdırır. Bu barədə Adilə məktub yazmış və Samirin 10 000 dollar pulu tam ödədiyini və borcu olmadığını bildirmişdir. Adil də öz "cavab məktubunda” bunu təsdiq etmişdir.

6. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələblərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Adil iddia ərizəsinə "etiraz”ında bu saxta borcun necə yarandığına açıq, düzgün təhlil edib, məhkəməyə təqdim edib. Bu "etiraz”da Adil göstərir ki, 10 000 dollar borc Mütəllikə aiddir və Samirin heç vaxt Adilə borcu olmayıb. Mütəllikin 10 000 dollar borcunu almaq üçün Samirin “etirafı” lazım olub. Samirin Mütəllikə 2003-cü ildə guya borcu olub və bu borcu "etiraf” 11 ildən sonra 2014cü ildə "mücərrəd müqavilə” ilə təşkil olunub. Bu saxta etirafla Mütəllik Adili aldadıb və boş torpaq sahəsini Adilə verməklə bu borcun altından Mütəllik çıxır. Adil 10 000 dolları Mütəllikdən tələb etməlidir və haqsız olaraq, Samirdən aldığı 10 000 dolları Samirə qaytarmalıdır. Adil Samirdən 4500 manat və 3500 manat pul aldığını məhkəmə iclasında da bəyan edib və bu 8000 manat pulu və "müqavilə” bağlandığı vaxt 3000 manat aldığını ümumi 11 000 manat pulu Adil Samirə qaytarmalıdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələblərinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, un satışı ilə məşğuldur, 2001-2003-cü illərdə X4 topdan satış qiymətlərlə un satmışdır. X5 unu Samirin atası Nümayəndə satmış, o isə onu tanımamışdır. X3 dediyinə görə iddiaçının atası Aleksandrın çörək bişirmə sexi olub. Həmin dövrlərdə X5 iddiaçının atası Nümayəndə böyük məbləğdə olan pullarını (19 min 300 ABŞ dolları) ala bilmədiyindən və ona olan borcunu (19300 (on doqquz min üç yüz) dolları) qaytara bilmədiyindən Aleksandrın barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Baş Polis İdarəsində Nümayəndə barəsində CMnin 178-ci maddəsi ilə cinayət işi başlanmış, Aleksandr istintaqa cəlb edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Nümayəndə cinayəti işi üzrə məhkəmə iclası keçirilmiş, bu cinayət işi ilə bağlı o da iki dəfə cinayət işini aparan polis müstəntiqinə yazılı ifadə vermişdir. O zaman Mütalik öz cibindən ona olan borcundan 9300 ABŞ dollarını qaytarmış və demişdir ki, qarşı tərəfdən 10 min dolları alan kimi qaytaracaqdır. İddiaçı atasının borcunu öz üzərinə götürmüş və bununla bağlı olaraq borcun etirafı barədə mücərrəd müqavilə bağlanmışdır. Borclu müqaviləni 2014-cü ildə imzalamasına baxmayaraq müqavilə üzrə öhdəliklərini xx.xx.2017-ci ildən ödəməyə başlamışdır. Bu barədə Xəzər rayon icra şöbəsində məlumatlar vardır. Bu hüquqi faktın özü göstərir ki, iddiaçı hansı müqaviləyə və nəyə görə imza atdığını çox gözəl bilirdi. Əks halda 2017-ci ildə nəyə görə ona pul qaytarırdı? İddiaçının nümayəndəsinin düdikləri həqiqəti əks etdirmir. İddiaçı borcundan ödəniş edən zaman bu barədə qəbz yazılmış və bütün qəbzlər icra məmurunda olan icra işinə əlavə olunmuşdur.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar müqavilənin ləğv edilməsi əsasları kimi qəbul edilə bilməz. Belə ki, şəxsin iradəsindən zidd olaraq hər hansı bir zorakılıq, hədə təsiri altında, onun xəstəliyindən istifadə edərək əqdin bağlanması müqavilənin ləğv edilməsi deyil, etibarsız hesab olunması əsaslarından biridir. xx.xx.2014-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin ləğvi üçün əsas olmadığından iddia təmin oluna bilməz.

10. Məhkəmə vurğulamışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin ləğvi barədə razılaşma olmadığına görə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 421-ci, , 422-ci, 423.1-ci, 423.2-ci, 425.1-ci, 442-ci, 882.1-ci maddələrinə istinad etmişdir.

12. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi, onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, işin halına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və birinci instansiya məhkəməsində verdiyi izahatla bənzər məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh də birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunlu izahat vermiş, şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

20. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

21. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

28. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

29. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

34. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

45. İddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

46. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. İddia tələblərinə bu kontekstdə qiymət verən kollegiya hesab edir ki, iddiaçı əsas tələbini “müqavilənin ləğv edilməsi” kimi ifadə etsə də, irəli sürdüyü faktiki hallar müqavilənin etibarsız sayılmasına yönəlmişdir və onun nail olmaq istədiyi nəticə məhz xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab olunmasıdır.

49. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə).

50. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, aldadılmış və müqaviləni məcburiyyət altında bağlamışdır.

51. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

52. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

53. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

54. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

55. İşin müəyyən olunan hallarını əsas götürən kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir.

56. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün isə aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.

57. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.

58. İşin hallarından görünür ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi iddiaçının azadlığı olmuşdur və onun, həmin müqaviləni məcburetmə (hədə-qorxu) ilə bağladığı qənaətinə də gəlmək mümkün deyildir. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir.

59. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür.

60. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Maddənin hüquqi mahiyyəti ilə əlaqədar həm də qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir – bu müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

61. İddiaçının “müqavilənin etibarsız hesab edilməsi” tələbinin əsassız olması nəticəsinə gəlinməsi, onun digər tələblərinin də təmin olunmamasını şərtləndirir və kollegiya bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

62. Kollegiya onu da qeyd edir ki, hətta iddiaçının əsas tələbi “müqavilənin ləğv olunması” kimi qiymətləndirilsə belə, bu tələbin də təmin olunması mümkün deyildir. Belə ki, mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır və kollegiyanın mövqeyinə görə bu əsas da mövcud deyildir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğvi halıdır ki, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir.

63. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2072/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar