Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1543/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı ödənişlərinin və işdən çıxma ilə bağlı son haqq-hesabın, istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əmək haqqı ilə bağlı ödənilməmiş 7.190 manat məbləğində pulun, işdən çıxma ilə bağlı son haqq-hesabın və istifadə edilməmiş məzuniyyət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatla 26.07.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən həmin müəssisəyə qablama ustası vəzifəsində işə qəbul edilmiş və aylıq əmək haqqı 990 manat müəyyən edilmişdir. Müqaviləyə 31.11.2020ci il tarixdə xitam verilmişdir. Lakin cavabdeh onun əmək haqqını tam olaraq ödəməmişdir. Belə ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində cavabdeh təşkilat ona hər ay aylıq əmək haqqısının yarısını - 445 manat ödəmiş, 2020-ci ilin noyabr ayı da daxil olmaqla 4 ay ümumiyyətlə əmək haqqı ödəməmişdir. Nəticədə cavabdeh təşkilatın ona cəmi 7.190 manat əmək haqqı borcu qalmışdır. Bununla bağlı AR ƏƏSMNnə şikayət etmiş, şikayəti araşdıran X3 Xidməti Bakı şəhər İdarəsinin 04.11.2020-ci il tarixli məktubunda əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verildiyinin öz təsdiqini tapdığı və buna görə də cavabdeh təşkilatın rəhbəri F.Kazımlı barəsində tədbir görüldüyü və onun haqqında AR İXM-nin 192.4-cü maddəsi ilə protokolun tərtib olunduğu və əmək haqqının düzgün hesablanaraq ödənilməsi ilə bağlı F.Kazımlıya rəsmi məktubun göndərildiyi bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq əmək haqqı ödənilməmişdir. Hətta əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab, istifadə edilməmiş məzuniyyət haqqı da ödənilməmişdir. Bütün bunlar isə onun əmək hüquqlarının pozulmasına xidmət etmişdir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC tərəfindən ödənilməmiş 7.190 (yeddi min bir yüz doxsan) manat əmək haqqının, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın və ödənilməmiş son haqq-hesabın hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehin iştirakı olmadan çıxarıldığına görə, qanunsuz və əsassızdır. COVİD-19 əlaqədar Azərbaycan Respublikası ərazisində sərt karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq Cəmiyyətin iş rejimi dayandırılmışdır. Odur ki, işçilərə əmək müqaviləsi ilə müəyyən olunmuş əmək haqqının hər ay 50% məbləğində ödənilməsi həyata keçirilmişdir. Cavabdeh MMC 2021-ci ilin sentyabr ayından etibarən fəaliyyətini ümumiyyətlə dayandırmışdır. 2020-ci il ərzində pandemiya ilə əlaqədar olaraq işlərin dayandırılmasına baxmayaraq, iddiaçı Sadiq İmanova 2020-ci il ərzində 3.899 (üç min səkkiz yüz doxsan doqquz) manat məbləğində əmək haqqı ödənilmişdir. Pandemiya ilə əlaqədar olaraq sərt karantin rejimi tətbiq olunduğundan, iddiaçı Sadiq İmanov 2020-ci il ərzində işə cəlb edilməmiş, lakin 2020-ci ilin yanvar-avqust ayları ərzində ona əmək haqqının 50% miqdarına pul vəsaiti ödənilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, işəgötürən Cavabdeh ilə işçi X2 arasında bağlanmış 26 iyul 2019-ci il tarixli müddətli əmək müqaviləsindən görünür ki, X2 26.07.2019-cu il tarixdən 26.10.2019-cu il tarixədək Cavabdeh MMC-də “Qablama ustası” vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə ilə əmək haqqının məbləği hər ay 990 manat məbləğində müəyyən edilmişdir.(İ.vər. 7 - 9) İş materiallarında olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 04.11.2020-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, iddiaçının əmək hüquqlarının pozulması barədə müraciətinə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, bununla əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən əmək haqqının ödənilməsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, F.Kazımlı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubdan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən əmək müqaviləsinin bağlanılmasına dair əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin əmək haqqının düzgün hesablanıb ödənilməsi ilə bağlı F.Kazımlıya rəsmi məktub göndərilmişdir.(İ.vər. 5) Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh MMC-dən 7.190 manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən; 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 1.Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər; 4.İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Tərəflər arasında bağlanmış 26.07.2019-cu il tarixli əmək müqaviləsinin 4.2-ci bəndinə görə, tərəflər əmək haqqının ayda bir dəfə ödənilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən; 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 26 iyul 2019cu il tarixdən 31 noyabr 2021-ci il tarixədək əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda əmək funksiyalarını yerinə yetirmiş, cavabdeh isə müqaviləyə əsasən işçiyə icra etdiyi işin müqabilində müəyyən əmək haqqı ödənilməsi öhdəliyini icra etməmişdir. Belə ki, Cavabdeh MMC 2020-ci ilin yanvar-avqust ayında 8 ay üçün iddiaçıya əmək haqqının 50% olan 445 manat, 2020-ci ilin sentyabr-noyabr ayları üçün isə ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətində COVİD-19 əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı Cəmiyyətin iş rejiminin dayandırıldığını, odur ki, işçilərə əmək müqaviləsi ilə müəyyən olunmuş əmək haqqının hər ay 50% məbləğinin ödənildiyini, 2021-ci ilin sentyabr ayından isə MMC-nin fəaliyyətini ümumiyyətlə dayandırdığını göstərsə də, cavabdeh təşkilat tərəfindən həmin dəlilləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə edilməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim еtməmişdir. Odur ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1339/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1543/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1543/2022
15.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver