Məhkəmə qərarları › İş №2(103)-1546/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1546/2024

06.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1546/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: bağışlama müqaviləsi, bağışlamaqdan imtina, müqavilənin etibarsız sayılması, əqdin öhdəliklərlə şərtləndirilməsi, ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr, kəsici müddət, tətbiq olunmalı hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil хüsusi mülkiyyət kimi xx.xx.1994cü tarixdə İddiaçı аdınа qеydiyyаta alınmışdır.

2. Cavabdeh İddiaçı qızıdır.

3. İddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 16 saylı notаriаt kontorundа rəsmiləşdirilmiş bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ev 22, mənzil 7-də yerləşən, ümumi sahəsi 49,21 kv.m., yaşayış sahəsi 35 kv.m. olan iki otaqlı mənzilini qızı Cavabdeh bağışlamış, müqavilə tərəflərinə Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu izаh еdilmişdiг.

4. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 22 saylı bina 2021-ci ilin may ayında sökülmüş, Cavabdeh həmin binadakı 7 saylı mənzilin əvəzinə ünvan 2, mənzil 100 (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) verilmişdir.

5. ünvan 2, mənzil 100 (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) Cavabdeh adına xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi təmin olunmamış, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin olunaraq, onun ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilə (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) köçürülməsi qət olunmuşdur.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, Cavabdeh tərəfindən İddiaçı 25 000 manat kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildən (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) istifadə hüququna xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə mənzilə istifadə hüququna xitam verilmənin eyni vaxtda icra olunması, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinin təmin olunmamaması qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Ali Məhkəmənin 27 dekabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

9. İddiaçı tərəfindən zorakılığa məruz qalması ilə bağlı Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə qısamüddətli mühafizə orderi verilmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə, ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildə (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) qeydiyyatda olan Cavabdeh 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, İddiaçı ona qarşı məişət zorakılığının törədilməsinin qadağan olunması qət edilmişdir.

11. İddiaçı Cavabdeh döyərək xəsarət yetirdiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə xx.xx.2013-cü il tarixdə bağladığı bağışlama müqaviləsinin etibarsız hesab olunması, bağışladığı mənzil əsasında alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 139, M 11, m 2-də yerləşən evin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi ev 22, mənzil 7-də yerləşən, ümumi sahəsi 49.21 kv.m., yaşayış sahəsi 35 kv. m. olan 2 otaqlı mənzili qızı olan cavabdehə bağışlamış, bağışlama zamanı qızı ona şifahi olaraq söz vermişdir ki, ömür boyu ona baxacaq, ehtiyaclarını qarşılayacaq, ona bir ata kimi qulluq edəcək. Sonradan həmin mənzil plana düşmüş, verilən pul əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 139, M 11, m 2-də yerləşən ev alınmışdır. Artıq 10 aydır ki, qızı onu evdən çıxararaq çöldə qoyub. Cavabdeh bir övlad kimi bağışlama müqaviləsi tərtib edilən zaman ona verdiyi şifahi vədini yerinə yetirməmişdir. Ümumi səbəblərdən İİ qrup əlildir, qalacaq yeri yoxdur. Odur ki, həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi zərurəti meydana gəlmişdir.

14. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...İddiaçının yazdıqları yalan və böhtandır, iddiaçıya belə bir söz verməmişdir. Əksinə atası və anası həmin dövrdə ondаn özləri xahiş etmişlər ki, ölüm-itim dünyasıdır, o, dа ailənin yeganə övladıdır, gələcəkdə əziyyət çəkməsin deyə, ailə quran zaman adına artıq mənzil olsun deyə, həmin mənzili onа bağışlamışdır. Həmin dövrdə də mehriban olmuşar, o, həmişə ata, anasına baxmış, onların qayğısına qalmışdır. Anası da sağlığında atasına baxmışdır. Anası vəfat etdikdən sonra atası onunla birgə yaşamışdır. Atası onu döyənə qədər aralarında heç bir mübahisə olmamışdır. Hətta o, atasını yeni aldığı öz mənzilinə qeydiyyata da saldırmışdır. Mənzilin bağışlanmasının üstündlən 10 il keçdikdən sonra iddiaçı əsassız bir iddia qaldırmışdır. İddiaçının mübahisə açdığı bina uzun illər bundan qabaq sökülmüşdür, mövcud olmayan bir mənzil haqqında iddia qaldırılması başa düşülən deyil. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, 139, 141 saylı evin, 100 saylı mənzili-Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 onun xüsusi mülkiyyətindədir və iddiaçıya heç bir aidiyyati yoxdur. Bu barədə onun adına xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. Atası onun mənzilində onunla birlikdə yaşamış, lakin halhazırda yaşamır, həmin mənzilə atasını o, pasport qeydiyyatına saldırmışdır. Atası mənzildə yaşayan zaman onunla kobud danışır, onu döyür, söyür, təhqir edir, öldürməklə hədələyir, həmin mənzildə yaşamağa qoymur. Atası xx.xx.2022-ci il tarixdə gecə saat 12:30 radələrində onu öz yaşadığı mənzildən qovmuşdur. O, 15 gün küçədə qalıb parkdа skameykada yatmışdır. Bir müddətdən sonra o, bir təhər mənzilə köçüb yaşamağa başlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə atası döyərək onа xəsarət yetmişdir. Bununla bağlı Sabunçu RPİ-nin 13-cü PB-yə şikayət etmişdir. Nəhayət atasının barəsində cinayət işi qaldırılaraq məhkəməyə verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 1(008)- 715/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə atası AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Atası onа və hər yerdə hamıya, evdə yatanda onun başını kəsəcəyini deyib onu qorxutduğuna görə də atasını evə buraxmаmışdır. İddiaçı iddia müddətini ötürmüşdür. Bu da iddia tələbinin rədd edilməsinə əsasdır.”

16. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Birinci instansiya məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

18.1. İddiaçı 2021-ci ilin may ayında sökülmüş həmin mənzilin əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin cavabdehə verildiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün sübut təqdim etməmişdir. 18.2. İddiaçı tələbini eyni zamanda bağışlama zamanı cavabdehin ömür boyu ona baxacağına, ehtiyaclarını qarşılayacağına, ona bir ata kimi qulluq edəcəyinə dair söz verməsi, lakin bu öhdəliyini icra etməməsi ilə əsaslandırsa da, bu barədə də sübut təqdim etməmişdir. 18.3. İş üzrə sübutlarla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 22-də yerləşən 7 saylı mənzilin əvəzinə cavabdehə verilməsi, cavabdehin bağışlama zamanı iddiaçıya ömür boyu baxacağına dair öhdəlik götürməsi halları təsdiq edilməmişdir. 18.4. Məhkəmə iddiaçının dəlili üzrə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin bağışlama ilə bağlı üzərinə öhdəlikləri götürməsi və onları əsassız olaraq icra etməməsinin təsdiq olunması halı belə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, bu hal başqa hüquqi nəticələrə səbəb olmaqla, əqdin etibarsız sayılması üçün əsas deyil. 18.5. xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 16 saylı notariat kontorunda reyestrdə 4Ə/4-938 № ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun tələbi ilə mübahisəli əqd etibarsız sayıla bilməz. 18.6. İddia əqdin etibarsız sayılması hissəsində rədd edildiyindən, bağışlanmış mənzil və ya onun əsasında alındığı iddia edilən mənzil iddiaçıya qaytarıla bilməz.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci, 354.2-ci, 666.1-ci, 668.1-ci, 673.1.3-cü, 674-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

20. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsinı və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, tətbiq edilməli olan normaları tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, ərizələr ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir.

24. Apellyasiya baxışı zamanı işin icraatı Konstitusiya Məhkəməsinin icraatında olan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından şərh edilməsi barədə” iş üzrə qəbul olunacaq qərar dərc edilənədək dayandırılmış, müvafiq qərar dərc olunduqdan sonra icraat davam etdirilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

35. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

40. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

41. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

42. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.

43. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

44. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

51. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, iddiaçının irəli sürdüyü faktiki hallara uyğun gələn tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandırmamışdır.

56. Belə ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

57. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

58. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

59. Bu kontekstdə qeyd olunmalıdır ki, iddiaçı iddia tələbini “müqavilənin etibarsız sayılması” kimi ifadə etsə də, irəli sürdüyü faktiki hallar əslində onun niyyətinin bağışlamadan imtina olduğunu göstərir; bu isə o deməkdir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 673.1-ci maddəsi nəzərdən keçirilməlidir.

60. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

61. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. …Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir…MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir”.

62. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “...Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.2-ci maddəsi isə konsensual bağışlama müqaviləsinin, yəni hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarını tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarı). ...Nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ərarvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. ...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir”.

63. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hala əsasən, bağışlama zamanı qızı ömür boyu ona baxacağı, ehtiyaclarını qarşılayacağı, ona bir ata kimi qulluq edəcəyinə söz versə də, şifahi olaraq verdiyi həmin vədini yerinə yetirməmişdir.

64. Kollegiyanın qənaətinə görə, iddiaçı irəli sürdüyü həmin halı, yəni cavabdehin onun qarşısında ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini biri-digərini tamamlayan mötəbər sübutlar əsasında sübuta yetirə bilməmişdir.

65. Əksinə, işin hallarından görünür ki, cavabdeh yox, iddiaçının özü ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini icra etməmiş, cavabdehə qarşı cinayət törətdiyi üçün məhkum olunmuş, hətta cavabdehin ondan qorunması üçün mühafizə orderləri verilmişdir.

66. Buna görə də kollegiya hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar mövcud deyildir.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4984/2023 saylı iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatora aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar