Məhkəmə qərarları › İş №2(103)-1566/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1566/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1566/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ s Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh Cəfərli (Alıyeva) Humayna Muğan qızının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər uşağa 200 manat olmaqla, iki uşaq üçün ümumilikdə 400 manat aliment Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, eyni zamanda müddətin bərpa olunması barədə ərizə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizəsi geri qaytarılmışdır. Cavabdeh Cəfərli (Alıyeva) Humayna Muğan qızının nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apelyasiya şikayəti, həmçinin apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Ərizədə göstərir ki, Cavabdeh daimi qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün həmin qətnaməni gec almış və ümumiyyətlə bu məhkəmə prosesindən məlumatsız olmuşdur. Sonradan bu qətnamədən xəbər tutduqdan sonra vəkil ilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə bağlamış və o vaxtdan bu yaxın günlərə qədər həmin prosesin gedişindən məlumatı olmamışdır. Yalnız bu günlərdə başqa vəkil ilə müqavilə bağladıqdan sonra bilmişdir ki, həmin Zaur Mirzəliyev adlı vəkil tərəfindən qanunamüvafiq qaydada sənədləşmə işləri aparılmadığına görə və apellyasiya şikayəti verilmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh bu günlərdə xəbər tutmuşdur. Belə ki, o, COVİD-19 pandemiyası dövründə "Bizim market” mağazalar şəbəkəsində işləyərkən sərbəst hərəkət edə bilsin deyə, onun adını da "COVİD-19” üçün icazə tələb olunan portala əlavə etmişdilər. Cavabdeh cəmi 3-4 ay işlədikdən sonra oradan işdən çıxmış və həmin vaxtdan bu günə kimi də ümumiyyətlə nə həmin portalda gedən əməliyyatlardan və ya adına hər hansı bir elektron kabinet varsa, oraya göndərilən hər hansı bir sənədlərdən xəbəri yoxdur. Ümumiyyətlə onun "Elektron Məhkəmə” sistemindən və "elektron kabinet” anlayışından məlumatı yoxdur və heç vaxt istifadə etməmişdir. Yalnız bu günlərdə yeni müqavilə bağladığı vəkil ona bunun nə olduğunu izah etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından da yalnız xx.xx.2023-cü il tarixində məlumatı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh prosessual müddətin ötürülməsinə əsas kimi elektron məhkəmə informasiya sistemində adına olan elektron kabinetdən xəbərdar olmamasını və ilk dəfə apellyasiya şikayəti verdikdə bu şikayətin geri qaytarılması barədə qərardadı əldə etməməsini göstərir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2250/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, onun tərəfindən ilk apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmiş, bu apellyasiya şikayəti xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmış və qərardad həmin gündə də cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Aydın olur ki, cavabdeh ilk apellyasiya şikayəti verən zaman da prosessual müddəti ötürmüşdür. Cavabdehin məhkəmə informasiya sistemində adına olan elektron kabinetdən xəbərdar olmaması özlüyündə prosessual müddətin bərpası üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, qərardad barədə məlumatlı olmamasına dair cavabdehin mülahizəsi qəbul edilsə də, onun tərəfindən apellyasiya şikayətinin verilməsindən 1 ildən çox müddət ərzində bu şikayətin nəticəsi ilə maraqlanmaması da ağlabatan deyil. Cavabdeh şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2250/2022 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, hər hansı bir sənədin elektron kabinetə göndərilməsi heç də həmin sənədin elektron kabinet sahibinə çatdırılması və onun tərəfindən oxunması anlamına gəlmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, 10 yanvar 2024-cü il il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının 44-cü vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:17-də e- 2(005)-2250/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 28 iyul 2022-ci il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitib. Həmin müddət bitdikdən sonra, onun tərəfindən ilk dəfə apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmiş, bu apellyasiya şikayəti xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmış və qərardad eyni gündə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh hələ ilk dəfə apellyasiya şikayəti verən zaman prosessual müddəti ötürmüşdür. Qətnamənin cavabdehin elektron kabinetində yerləşdirilməsi rəsmi qaydada verilməsi hesab edilir. Başqa sözlə, qətnamənin elektron kabinetdə yerləşdirilməsi elə kabinet sahibinə çatdırılması deməkdir. Əksinə, cavabdehin həmin qətnaməni gec oxuması yaxud oxumaması qətnamənin ona çatdırılmaması demək deyil. Bunu cavabdehin apellyasiya şikayətini tərtib etmiş nümayəndəsi və vəkili bilməmiş deyil. Cavabdeh bundan əvvəlki vəkilinə verdiyi tapşırığının lazımi qaydada icra olunmamasından narazıdırsa ona qarşı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundan irəli gələn, yəni keyfiyyətsiz hüququ xidmət göstərildiyinə görə müvafiq tədbir görə bilər. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də əsas omadığından şikayət təmin edilə bilməz. Şikayətində göstərdiyi dəlillər isə, yuxarıda qeyd olunanlara əsasən təkzib olunur. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar