Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1568/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-1568/2021 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası QƏRARDAD xx xxxxxx 2021-ci il Bakı şəhəri Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Allahverdiyev Eyvaz Əziz oğlu, cavabdehin nümayəndəsi-vəkili Aslanov Tofiq Hümmət oğlunun iştirakları ilə, İddiaçı Allahverdiyev Eyvaz Əziz oğlunun cavabdehlər Hacıyeva Zümrüd Həsənağa qızı və Hacıyeva Nuriyyə Məmməd qızına qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi, mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1231/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Allahverdiyev Eyvaz Əziz oğlu cavabdeh Hacıyeva Zümrüd Həsənağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia ərizəsinə dəqiqləşdirmə verərək, cavabdeh Hacıyeva Zümrüd Həsənağa qızı ilə aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi, cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi,cavabdehlərin həmin mənzilin bir otağından çıxarılması və onun həmin mənzilin bir otağa köçürülməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1231/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehlər Hacıyeva Zümrüd Həsənağa qızı və Hacıyeva Nuriyyə Məmməd qızı apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı iddiaçı Allahverdiyev Eyvaz Əziz oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə aralarında barışıq əldə olunduğunu qeyd edərək iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Aslanov Tofiq Hümmət oğlu iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Allahverdiyev Eyvaz Əziz oğlunun cavabdehlər Hacıyeva Zümrüd Həsənağa qızı və Hacıyeva Nuriyyə Məmməd qızına qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi, mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı Allahverdiyev Eyvaz Əziz oğlunun iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1231/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1568/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1568/2021
24.02.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver