Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1568/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə pay hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan əvvəl cavabdeh xx.xx.2010-cu ildə “X2” MMC-dən mübahisəli mənzili 86.628 manat ödəməklə almışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan ünvan 1 ünvanına ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan daha əvvəl cavabdeh tərəfindənxx.xx.2010-cu ildə “X2” MMCdən mübahisəli mənzili 86.628 manat ödəməklə almış və mənzil tam təmirsiz olmuşdur. 2018- 2019-cu illərdə iddiaçı şəxsi vəsaiti, yəni atası tərəfindən satılmış daşınmaz əmlakdan ona verdiyi 50.000 manat və əlavə öz qazancı hesabına mənzili təmir etdirmiş və ailəsi ilə birgə orada yaşamağa başlamışlar. İddiaçı Ailə Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə İddiaçı payının 1/5 hissə müəyyən edilməsi, qalan 4/5 hissəsinin isə Cavabdeh payı hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, habelə mənzil tərəflərin birgə vəsaiti hesabına təmir edildiyindən və bunun nəticəsində mənzilin dəyəri əhəmiyyətli dərəcədə artdığından mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməli, İddiaçı payı 1/5 hissə müəyyən edilməli, qalan 4/5 hissəsi isə Cavabdeh payı hesab edilməlidir.
5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, AR Ailə Məcəlləsinin 32, 35, 36.1, 36.2, 36.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-528/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil tərəflərin nikahından əvvəl Cavabdeh atasına verilib. O da, həmin mənzili cavabdehin adına rəsmiləşdirib. Təmir işləri cavabdehin vəsaiti hesabına görülüb. Belə ki, cavabdeh özü işləyib və iddiaçıdan daha çox əmək haqqı alıb. Həmçinin, cavabdehin valideynləri də daima ailəyə maddi köməklik göstərmişlər. Mübahisəli mənzilin hazırkı bazar qiyməti ekspert rəyinə əsasən təxminən 260.000 manatdır. Təmir xərcinə görə mənzilin qiymətinin bu qədər artması əsassızdır. Mənzil 2010-cu ildə 86.000 manata alınıb. Mənzilin alınmasından uzun müddət keçmiş, həmçinin daşınmaz əmlakların bazar dəyərinin artması səbəbindən mənzilin qiyməti hazırkı həddə çatmışdır. Təmir xərcinə görə mənzilin dəyəri artmayıb. Təmir xərcinə görə iddiaçının pay hüququnun tanınması barədə qətnamə qanunsuzdur. Ailə Məcəlləsinin 31- 37-ci maddələrində qeyd olunan mülkiyyət və mülkiyyət hüququ sözləri daşınmaz əmlaklara münasibətdə məhz mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara şamil olunmalıdır. Yəni ər-arvadın daşınmaz əmlaka pay hüququ o halda tanına bilər ki, həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmış olsun. İş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən daşınmaz əmlak daşınmaz əmlakın dövlət mübahisələndirilən daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı isə iddia tələbində məhkəmədən mübahisəli mənzilə onun pay hüququnun tanınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin mənzilin tərəflər arasında paylara bölməsi barədə nəticəyə gəlməsi qanunsuz və əsassız olmuşdur. Mübahisəli mənzil cavabdeh tərəfindən nikahdan əvvəl alındığı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi və iddiaçı həmin mənzilə pay hüququnun tanınmasını tələb etdiyi üçün birinci instansiya məhkəməsi irəli sürülmüş tələb üzrə işə mahiyyəti üzrə baxmaqla və qeyd olunan maddi hüquq normalarını tətbiq edib qətnaməni əsaslandırmaqla iddianı rədd etməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır.
16. 32.2-ci maddəsin əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
17. 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
18. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
19. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
20. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
21. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki:
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
AR Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh mübahisəli mənzili birgə nikahdan əvvəl, yəni xx.xx.2010-cu ildə “X2” MMC-dən 86.628 manat ödəməklə almışdır.
29. Həmçinin müəyyən edilir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları müddətdə, yəni 2018-ci ildə təmir edilmişdir.
30. İddiaçı həmin təmirin onun tərəfindən və öz vəsaiti hesabına aparıldığına istinad edərək, sübut qismində onun atasına məxsus olmuş əmlakın alqı-satqısına dair müqaviləni təqdim etmiş və bu müqavilə əsasında atasının əldə etdiyi 100.000 manatın 50.000 manatını ona verdiyini, həmin vəsaiti mənzilin təmirinə xərclədiyini bildirmişdir.
31. Cavabdeh isə buna etiraz edərək təmirin onun tərəfindən aparıldığını, özünün işlədiyini və iddiaçıdan daha çox məvacib aldığını, üstəlik valideynlərinin də onlara maddi yardım göstərdiklərini bildirmişdir.
32. Birinci instansiya məhkəməsi işin hallarına əsasən hesab etmişdir ki, mübahisəli mənzil cavabdeh tərəfindən nikahdan əvvəl əldə edilmiş olsa da, tərəflərin birgə vəsaiti hesabına təmir edilməsi nəticəsində mənzilin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Ona görə də həmin mənzil tərəflərin birgə əmlakı hesab edilməlidir.
33. Kollegiya məhkəmənin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
34. Bununla yanaşı, Ailə qanunvericiliyində ərlə arvadın hər birinə məxsus olan əmlakın müəyyən şərtlər daxilində onların birgə mülkiyyəti sayıla bilməsi imkanını da müəyyən etmişdir.
35. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
36. Göründüyü kimi, ər-arvaddan birinə məxsus olan əmlakın dəyərinin digər tərəfin əməyi və onun tərəfindən qoyulmuş vəsait hesabına xeyli artması müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
37. Qanunverici bu cür vəsaitin qoyulması kimi əmlakın əsaslı təmirini, yenidən quraşdırmasını, avadanlığın dəyişdirilməsini və s. kimi halları müəyyən etmişdir.
38. Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdehə məxsus olmuş mənzil onunla iddiaçının birgə nikahları dövründə təmir edilmişdir.
39. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspertiza rəyi və qiymətləndirmə hesabatları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil 2010-cu ildə 86.628 manata əldə edilmiş, 2018-ci ildə mənzilin təmirsiz vəziyyətdə qiyməti təxminən 145.000 manat olmuş, həmin il mənzil təminr edilmiş və bu təmirə 45.360 manat xərc çəkilmiş, təmirdən sonra isə mənzilin likvid dəyəri təqribən 237.000 manat olmuşdur.
40. Həmin rəy və hesabatlarda müəyyən edilmilş məbləğləri tərəflər mübahisələndirmədiyindən, kollegiya mübahisəli mənzilin təmirli və təmirsiz vəziyyətdəki qiymətlərinin, habelə təmirə çəkilmiş xərcin məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edildiyi qənaətinə gəlir.
41. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına əsaslı təmir edilməsindən sonra onun dəyəri əhəmiyyətli dərəcədə artmışdır.
42. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, hazırkı iddia üzrə iddiaçının istinad etdiyi hallar Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmuşdur.
43. Belə olan halda, mübahisəli mənzilin məhkəmə tərəfindən iddiaçı ilə cavabdehin birgə mülkiyyəti hesab edilməsini kollegiya düzgün hesab edir.
44. Cavabdeh mənzilin onun tərəfindən və onun vəsaiti hesabına təmir edilməsini bildirsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Cavabdehin işləməsi və yüksək əmək haqqı alması özü özlüyündə mənzilin onun vəsaiti hesabına təmir edilməsini deməyə əsas vermir.
45. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin mənzilin təmirində iştirak etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, məhz bu səbəbdən mənzilin tək iddiaçının vəsaiti hesabına deyil, tərəflərin birgə vəsaiti hesabına təmir edildiyi müəyyən edilmişdir.
46. Kollegiya tərəflərin birgə əmlakdakı paylarının 1/5 və 4/5 nisbətdə müəyyən edilməsini də işin hallarına uyğun hesab edir.
47. Birinci instansiya məhkəməsi payları həmin nisbətdə müəyyən edərkən aşağıdakı qaydada hesablama aparmışdır: -hazırda təmirli mənzilin likvid dəyəri təxminən ≈ 237000 manatdır; - 2018-ci ildə təmirə başlayan vaxt təmirsiz mənzilin dəyəri ≈145.000 manat (1kv.m≈1000 manat) təşkil edirdi; - 237000-145000= 92000 manat – mənzilin dəyərinin artdığı məbləğ; - 92000÷2=46000 manat – birgə nikah dövründə təmir olunduğuna görə ər-arvadın hər birinin payına düşən məbləğ; - mənzilin dəyərinin artığı məbləğin İddiaçı payına aid 46000 manat mübahisəli mənzilin likvid dəyəri kimi 237000 manatın təxminən 1/5 hissəsini təşkil edir: 237000÷46000≈5,1.
48. Göründüyü kimi, birinci instansiya məhkəməsi payları bu qaydada müəyyən edərkən mənzilin cavabdeh tərəfindən nikahdan əvvəl əldə edilməsini, habelə təmirə çəkilmiş vəsaitin məbləğini, həmin məbləğdə iddiaçının ½ hissədə payının olmasını, təmirdən sonra mənzilin artmış dəyərinin məbləğini, bu məbləğlə mənzilin əvvəlki təmirsiz vəziyyətdəki dəyəri arasındakı fərqi nəzərə almışdır.
49. Kollegiya mənzilin dəyərinin orada aparılmış təmirə görə deyil, mənzil alındıqdan sonra uzun müddət keçdiyinə görə onun bazar dəyərinin artması ilə bağlı olmasını bildirsə də, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir.
50. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini, bu səbəbdən onun birgə əmlak hesab edilməsi və payların müəyyən edilməsinin qanunsuz olduğuna istinad etmişdir.
51. Kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir.
52. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
53. KM-nin bu qərarındakı hüquqi mövqedən göründüyü kimi, ər-arvadın birgə əmlakında payların müəyyən edilməsi zamanı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarını da ehtiva edir.
54. Bu mənada kollegiya qeyd edir ki, mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaması birgə əmlak kimi həmin mənzil üzərində payların müəyyən edilməsinə mane olan hal deyildir.
55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.