Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1581/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X8, Cavabdeh «xxxxxxxxxx» MTK-nın nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxx» MTK-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5604/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxx» MTK-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən sahəsi 38.4 kv.metr olan qaraja mülkiyyət hüququndan məhrum edildiyinə görə cavabdeh hesabından 192000 manat, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərə (əldən çıxmış faydaya) görə 6000 manat maddi və 50000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 439 saylı sərəncamı ilə «xxxxxxxxxx» MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, H.Seyidzadə küçəsi 5 saylı binanın şimal hissəsində 0,3648 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinə icazə verilmişdir. Cavabdeh MTK sərəncamda göstərilən torpaq sahəsində 2018-ci ilin əvvələrində çox mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar qazıntı işləri aparmağa başlamış və buna etiraz edilərkən ərazidə yerləşən qaraj və sair sahələrin sahiblərinə MTK kompensasiya ödəyəcəyini öhdəsinə götürmüşdür. Qazıntı işləri aparılması nəticəsində həmin vaxtdan mülkiyyətində olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1993-cü il tarixli sərəncamına əsasən qeydiyyata alınan qeyri-yaşayış (qaraj) sahəsinin giriş qapısı bağlanmış və onun ora daxil olmağı qeyri-mümkün olmuşdur. Ona görədə avtomobili açıq dayanacaqda saxlamağa məcbur olmuşdur. Cavabdeh MTK-nin qanunsuz hərəkətlərindən və ona vurduğu zərərlə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti Başçısına şikayət etmiş və ona N1S/76 saylı, xx xxxx 2018-ci il tarixli məktubla bildirilmişdir ki, H.Seyidzadə 5A saylı binanın arxasında yerləşən ona məxsus daş qarajın yaxınlığında çoxmərtəbəli binanın tikintisi ilə əlaqədar qazıntı işləri aparılmış və həmin qazıntı işləri nəticəsində qaraja girişçıxışın qarşısı alınmışdır. Tərəflərindən həmin tikintinin rəhbərliyi ilə əlaqə saxlanılmış, onlar həmin ünvanda yerləşən daş qaraja giriş-çıxış yaxın zamanlarda bərpa olunacağını və ətrafının abadlaşdırılacağını bildirmişlər. Lakin cavabdeh MTK-nın rəhbərliyi bu günə kimi qaraj sahəsinə giriş-çıxışı bərpa etməmiş və İcra Hakimiyyətinə yanlış məlumat vermişdir. Tikintini işlərinin davam etdirməsi nəticəsində isə qaraj sahəsinə giriş-çıxışın bərpa olunmasının ümumiyyətlə qeyri-mümkün olması məlum olmuşdur. Göründüyü kimi 1 ildən çox müddətdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmir və əmlakından məhrum olmuşdur. Qeyd edir ki, mülkiyyətində olan qaraj sahəsi 38.4 kv.metr-dən ibarətdir, cavabdeh MTK tərəfindən hər kv.metr üçün 5000 manat kompensasiya ödənilməlidir. Cavabdeh bu günə kimi müəyyən bəhanələrlə üzərinə götürdüyü öhdəliyi könüllü yerinə yetirməmiş, eyni zamanda 1 ildən artiq müddətdir ki, İcra Hakimiyyəti ilə yanaşı onu da aldadaraq maddi zərərlə bərabər mənəvi zərər də vurmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5604/2019 qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, keçən müddət ərzində tərəflər mübahisəni məhkəmədən kənar qaydada həll edə bilməmişlər. Cavabdeh inşa etdiyi yaşayış binasına görə ərazidə olan tikililərin sökülməsi ilə bağlı digər şəxslərlə razılığa gəlməsinə baxmayaraq, iddiaçı ilə müvafiq razılıq əldə olunmamışdır. İddiaçı qaraja görə həddindər artıq pul tələb edir. İddiaçı əvvəl də mülkiyyətində oan qaraja dair maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmiş və tərəflər barışıq sazişi bağlamışlır. Həmin vaxtı yaşayış binası inşa olunmamışdır və iddiaçı qarajından təyinatı üzrə istifadə etmək ümidində idi. Lakin, sonradan cavabdeh tərəfindən yaşayış binası iddiaçının qarajanın qabağında elə vəziyyətdə inşa edilmişdir ki, iddiaçı əmlakından təyinatı üzrə istifadə etməkdən məhrum olunmuşdır. Belə olan halda əmlakın faktiki olaraq mövcudluğu vəziyyəti dəyişdirmir. Çünki, iddiaçı əmlakından faktiki olaraq məhrum edilmiş, mülkiyyət hüququ formal, yəni kağız üzərində qalmışdır. Bu səbəbdən də cavabdeh iddiaçıya məxsus əmlakın dəyərini ödəmək öhdəliyini daşıyır. Bununla yanaşı, cavabdeh iddiaçıya dəymiş maddi və mənəvi zərəri də ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, keçən müddət ərzində tərəflər mübahisəni məhkəmədən kənar qaydada həll edə bilməmişlər. Tərəflərindən ərazidə olan tikililərin sökülməsi ilə bağlı digər şəxslərlə razılığa gəlməsinə baxmayaraq, iddiaçı ilə müvafiq razılıq əldə olunmamışdır. Hesab edir ki, iddiaçı özünə məxsus qarajdan istifadə edə bilər, bunun üçün imkanlar var. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin (bundan sonra, MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahtları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan iddiaçının adına olan texniki pasporta əsasən, həmin sənəd sahəsi 38,4 m2 olan qaraja dair rayon icra hakimiyyətinin xx xxxxxx 1993-cü il tarixli, 2070 saylı sərəncamına əsasən tərtib olunmuşdur. İşdə olan Bakı şəhər İHB-nın xx xxxxxxxx 2017-ci il tarixli sərəncamının surətindən və Bakı şəhəri Nəsimi rayon İHB-nın 1 nömrəli X10 Dairəsi üzrə nümayəndəsinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, H.Seyidzadə 5A saylı binanın arxasında yerləşən iddiaçıya məxsus daş qarajın yaxınlığında çoxmərtəbəli binanın tikintisi ilə əlaqədar qazıntı işləri aparılmış, tikinti işləri «xxxxxxxxxx» MMC-yə verilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxxx 2017-ci il tarixli 18/03-8/2450 saylı razılaşma məktubu, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxxxx 2017-ci il tarixli 439 saylı sərəncamı və 13313 saylı inşaat pasportu əsasında aparılır. Bu səbəbdən aparılmış qazıntı işləri nəticəsində qaraja girişçıxışın qarşısı alınmışdır. Eyni zamanda, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı ilə cavabdeh «xxxxxxx» MMC arasında olan «tikilinin sökülməsi və qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi» tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması (barışıq sazişinin şərtinə görə – cavabdeh iddiaçıya məxsus qaraş sahəsinə gedən avtomaşın yolunu 10 gün müddətinə tam bərpa edib, avtomaşının daxil olması üçün həmin qarajın qapısını avtomatik jaluz qapı ilə dəyişdirməyi öhdəsinə götürmüşdür) ilə xitam verilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfin bildirməsinə görə, əvvəlki barışıq sazişinin şərtlərinə əməl olunmamış, yaşayış binası qarajın yanında elə inşa olunmuşdur ki, artıq qaraja avtomaşının diriş-çıxışı mümkünsüz olmuşdur. Bu səbəbdən də sazişin əhəmiyyəti itmiş, iddiaçı mülkiyyətindən faktiki istifadədən tam məhrum olmuşdur. Hazırki vaxtda iddiaçı mülkiyyətinin dəyərinin və zərərin ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçının əmlaka (qaraja) mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasını, qarajın sökülməməsini və s. əsas gətirərək tələbin əsassız olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının mübahisə predmeti olan daşınmaz əmlakın (qarajın) ona məxsus olmasını sübuta yetirə bilməməsini, qaraja dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını, sübutetmə yükünü həyata keçirə bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, işdə olan sübutlara (iddiaçının adına olan texniki pasport və s.) əsasən mübahisəli qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçıya məxsus olması öz təsdiqini tapır. İddiaçının adına olan texniki pasportdan da görünür ki, o rayon icra hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamına əsasən tərtib olunmuş və dövlət qeydiyyatına (keçmiş BTİ) alınmışdır. Eyni zamanda, qaraşın qanuni əsaslarla iddiaçıya məxsus olması faktı tərəflər arasında əvvəl yaranmış və barışıq sazişi ilə yekunlaşmış digər mülki iş üzrə qəbul edlmiş məhkəmə aktından da görünür. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə - İddiaçı və cavabdeh «xxxxxxx» MMC arasında olan «tikilinin sökülməsi və qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi» tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması (barışıq sazişinin şərtinə görə – cavabdeh iddiaçıya məxsus qaraş sahəsinə gedən avtomaşın yolunu 10 gün müddətinə tam bərpa edib, avtomaşının daxil olması üçün həmin qarajın qapısını avtomatik jaluz qapı ilə dəyişdirməyi öhdəsinə götürmüşdür) ilə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəf də qarajın qanuni əsaslarla iddiaçıya məxsus olmasını qəbul etmiş və tərəflər arasında müvafiq şərtlərlə barışıq sazişi başlanaraq məhkəmə tərəfindən təsdiq edilmişdir. Beləliklə, işdə olan sübutlara və işin faktiki hallarına əsasən iddiaçı qanuni əsaslarla və mülkiyyətçi hüquqları ilə mübahisə predmeti olan qaraja sahiblik edir və həmin əmlakla bağlı tələb (subyektiv) hüquqları mövcuddur. Yəni, iddiaçı əmlakı ilə bağlı üçüncü şəxslərə qarşı müvafiq iddia tələblərini (vindikasiya, neqator, zərər və s.tələblər) irəli sürməkdə haqlıdır. Belə olan halda, hazırki iş üzrə araşdırılmalı olan növbəti hal iddiaçının öz əmlakından təyinatı üzrə istifadə etmək imkanının mövcudluğu, yəni bu imkandan cavabdehin hərəkəti nəticəsindən məhrum olub-olmaması, ona zərər dəyib-dəyməməsi məsələsidir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əmlaka yerində baxış (müayinə) keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, yaşayış binasının tikintisi ilə əlaqədar qazıntı işləri aparıldığına görə qaraja giriş yol bağlanmış və həmin yoldan istifadə etmək mümkün deyildir, bina garaja bitişik tikilmişdir. Göründüyü kimi, hətta birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının inşası nəticəsində iddiaçının öz əmlakından istifadə etməsinin mümkün olmaması müəyyən edilmişdir. Buna baxmayaraq, apellyasiya icraatı zamanı cavabdehin də etirazlarını (cavabdehin nümayəndəsi inşa edilmiş yaşayış binasının iddiaçıya məxsus qarajdan təyinatı üzrə istifadəyə maneə yaratmamasını bildirirdi) tam, hər tərəfli və obyektiv yoxlanılması istiqamətində məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Daxil olmuş ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020ci il tarixli,10/754 nömrəli rəyi) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cəbiyev küçəsi 5 saylı yaşayış binasının həyətyanı torpaq sahəsi daxilində «xxxxxxxxxx» MTK-ya aid olan hündürmərtəbəli yaşayış binası iddiaçıya məxsus qaraj tikilisinə yaxın məsafədə (darvazanın orta xəttindən 2,60 metr məsafədə) inşa edildiyindən hazırki vaxtda avtomaşının giriş-çıxış (qarajdan təyinatı üzrə istifadə) mümkün hesab edilmir. Göründüyü kimi, ekspertiza rəyi ilə də cavabdehin inşa etdiyi hündürmərtəbəli yaşayış binasının yaxın məsafədə olması nəticəsində iddiaçının ona məxsus qarajdan təyinatı üzrə istifadəsinin mümkün olması müəyyən edilməmişdir (cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). Bu hal isə özü-özlüyündə iddiaçının faktiki olaraq əmlakından istifadədən məhrum olması ilə nəticələnmişdir. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd edilməlidir ki, mülkiyyətdən məhrum baş verib-vermədiyini müəyyən etmək üçün belə bir məsələni araşdırmaq lazımdır ki, mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya ötürülməsi baş veribmi, eləcə də mülkiyyətdən de fakto məhrum edilmə baş veribmi, yəni mövcud olan real vəziyyət də araşdırılmalıdır («Yunanıstanın keçmiş kralı və başqaları Yunanıstana qarşı» iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar, «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərar). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus qaraj faktiki olaraq mövcud olsa da, yaşayış binasının iddiaçıya məxsus qarajın qabağında yuxarıda göstərilən məsafədə inşası və bunun nəticəsində ondan təyinatı üzrə istifadənin mümkün olmaması özü-özlüyündə mülkiyyətə müdaxiləni təşkil etməklə, iddiaçının hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Çünki, iddiaçıya məxsus tikilinin təyinatı qeyri-yaşayış sahəsi olmaqla, oradan avtomobilin saxlanılması üçün istifadəni nəzərdə tutur. Əmlakdan maneəsiz istifadə hüququ isə mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Əks hal, yəni müdaxilənin həmin tikilinin maneəsiz istifadəsini mümkünsüz etməsi mülkiyyətdən de fakto məhrum edilmə ilə nəticələnir. Belə olan halda isə, cavabdeh ya əvvəlki vəziyyəti bərpa etməli, ya da əmlakın ədalətli əvəzini ödəməlidir. İşin hallarına əsasən isə əvvəlki vəziyyətin bərpası (inşa edilmiş hündürmərtəbəli yaşayış evinin sökülərək, qarajdan istifadənin bərpası) mümkün deyildir. Bu səbəbdən də cavabdeh əmlakın ədalətli əvəzini (dəyərini) iddiaçıya ödəməlidir. Eyni zamanda, tərəflərin izahatı ilə müəyyən olunur ki, cavabdeh tərəfindən ərazidə olan digər qaraj sahiblərinə yaşayış binasının tikintisi ilə əlaqədar müvafiq kompensasiya ödənilmişdir. Lakin, hazırki iş üzrə tərəflər müvafiq razılığa gələ bilməmişlər. İddiaçı iddia tələbindən cavabdehin təqsiri üzündən əmlakından faktiki məhrum olduğundan, onun dəyəri kimi 192000 manat kompensasiya tələb etmiş, cavabdeh tərəf isə həmin məbləğin həddindən artıq çox olmasını bildirmişdir. Bu səbəbdən də, apellyasiya icraatı zamanı əmlakın dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirici təyin olunmuşdur. Daxil olmuş, «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus qarajın orta bazar dəyəri 38000 manat təşkil edir. Tərəflər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin olunmalı, iddiaçıya məxsus qarajın dəyəri 38000 manat müəyyən olunmalı, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının 1-ci yekun bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia mənəvi ziyanın ödənilməsi hissəsində də qismən əsaslıdır. Çünki, işin hallarından açıq-aşkar görünür ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində uzun müddətdir ki, əmlakından təyinatı üzrə istifadə edə bilmir, hüquqlarının müdafiəsi üçün bir neçə dəfə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bu hallar isə iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə əsas olmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını və pozuntunun xarakterini və s. işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 500 manat həddində müəyyən olunması qanuni və ədalətlidir. Bu səbəbdən də, iddia qeyd edilən hissədə qismən təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia - adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərə (əldən çıxmış faydaya) görə 6000 manat maddi zərərin tutulması hissəsində təmin oluna bilməz. Çünki, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdyi halları əsaslandıra və sübut edə bilməmiş, həmin hissədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən 38000 manat kompensasiya, 500 manat mənəvi ziyan tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci və 250 manat qiymətləndirmə xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxx» MTK-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5604/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5604/2019 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh «xxxxxxxxxx» MTK-dan 38000 (otuz səkkiz min) manat kompensasiya, 500 (beş yüz) manat mənəvi ziyan tutularaq İddiaçı verilsin. İddia qalan hissələrdə təmin olunmasın. Məhkəmə xərci cavabdehə aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), həmçinin 250 (iki yüz əlli) manat tutularaq «xxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1581/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1581/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver