Məhkəmə qərarları › İş №2(103)-1585/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1585/2024

13.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1585/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X10, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 Firuddin Fuad oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X6 və X9 prosessual varislər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan QSC "xxxx" KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla QSC "xxxx" KB arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilənin xitam edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə iddiaçı ilə QSC "xxxx" KB arasında 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçının müştərilərinin bankdan almış olduqları kredit məbləğinə görə 7.600.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə təminat verilmişdir. İddiaçı həmin müqaviləyə xitam verilməsi barədə bildirişi 2015-ci ildə banka göndərmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi üzrə iddiaçının bank qarşısında hər hansı öhdəliyi yoxdur və müqavilə artıq neçə ildir ki, öz qüvvəsini itirmişdir. Bununla bağlı 2015-ci ildə məhkəmə mübahisələri olmuş və bankın tələbləri təmin edilməmişdir. Müqavilədə zaminliyin verilmə müddəti göstərilməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqaviləyə mülki qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada xitam verilir. Müqavilənin zaminliklə bağlı müddəalarına artıq xitam verilmişdir, yəni iddiaçının bank qarşısında heç bir öhdəliyi yoxdur. Bununla bağlı bank tərəfindən iddiaçıya qarşı hər hansı iddia tələbləri irəli sürülməmişdir. Ona görə də iddiaçı ilə bank arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə xitam edilmiş hesab edilməlidir. X4 xx.xx.2023-cü ildə ölməsi müəyyən edildiyindən, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun hüquqi varisi müəyyən edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixli qərardad ilə isə iş üzrə icraat təzələnmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçı X2 Kənan Seyran oğlu mülki işə prosessual hüquq varisi kimi cəlb edilmişdir (i/v 82). Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə tərəflərdən biri olan iddiaçı X8 xx.xx.2023-cü il tarixdə öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1585/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" QSC KB-nin işə şifahi qaydada baxılması barədə vəsatəti təmin edilərək, şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan QSC "xxxx" KBnin nümayəndəsi R.Əzimov şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs F.Nəbiyevin nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər, o cümlədən iddiaçının prosessual hüquq varisi K.Kamilov məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş iddiaya mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Mülki iş materiallarında olan tərəflər arasında olmuş iddiaçı QSC "xxxx" KB-nin S.Kamilov və F.Nəbiyevə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair ilkin, S.Kamilov və F.Nəbiyevin cavabdeh QSC "xxxx" KB-yə qarşı “birgə əməkdaşlıq və ipoteka müqavilələrinə xitam verilmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 2(005)-5435/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə və 28 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilmişdir. Həmin qətnamədən iddiaçı QSC "xxxx" KB-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5435/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı QSC "xxxx" KB-nin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iddiaçı QSC "xxxx" KB-nin S.Kamilov və F.Nəbiyevə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair ilkin, S.Kamilov və F.Nəbiyevin cavabdeh QSC "xxxx" KB-yə qarşı “birgə əməkdaşlıq və ipoteka müqavilələrinə xitam verilmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, QSC "xxxx" KB ilə S.Kamilov arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə məzmununa görə zaminlik müqaviləsi olmaqla, müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olmuşdur. Hazırkı iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının niyyəti öhdəliklərə xitam verilməsi deyil, müqaviləyə xitam verilmiş hesab edilməsi olmuşdur, iddiaçının ölümündən sonra onun müqavilə üzrə öhdəliyinin yarana bilməsi mümkün olmadığından mübahisələndirilən müqavilə iddiaçının ölümü ilə xətm edilmişdir, çünki ölmüş şəxslə zaminlik münasibətlərinin davam etdirilməsi qeyri-mümkündür. İddiaçının müqavilə üzrə götürdüyü öhdəliyə onun ölümü ilə xitam verildiyindən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda müqavilənin heç bir hüquqi əhəmiyyəti qalmamışdır, yəni bankla onun arasında bağlanmış müqaviləyə məhz iddiaçının ölümü ilə xitam verilmişdir. Bir daha qeyd edilir ki, mərhumun tələbi müqavilə üzrə yaranmış hər hansı öhdəliyə xitam verilməsi deyil, məhz gələcəkdə yarana biləcək öhdəlik üzrə zaminlik müqaviləsinə xitam verilməsi məzmununda olmuşdur. Beləliklə, iddia tələbi ilə əlaqədar mübahisə mövcud olmadığından, iddia tələbinin əsasını təşkil edən münasibətlərin isə hüquqi varisliyə əsasən davam etdirilməsinə yol verilmədiyindən, məhkəmə tərəfindən mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və ilk növbədə qeyd edir ki, iddiaçı ilə bank arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilənin gələcəkdə yaranması ehtimal edilən borc öhdəliyi üzrə zaminlik müqaviləsi olması (həmçinin hazırkı tərəflər-iddiaçı QSC "xxxx" KBnin S.Kamilov və F.Nəbiyevə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair ilkin, S.Kamilov və F.Nəbiyevin cavabdeh QSC "xxxx" KB-yə qarşı “birgə əməkdaşlıq və ipoteka müqavilələrinə xitam verilmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017ci il tarixli qərarı ilə qiymətləndirilmişdir) rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 470.2-ci maddəsinə görə, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Beləliklə, 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə üzrə iddiaçının statusunun “zamin” olduğu müəyyən edilir. Mülki Məcəlləyə əsasən müəyyən edilir ki, zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu ilə zamin arasında münasibət zaminlik müqaviləsinin bağlanması üçün əsas təşkil edir. Belə demək olar ki, borclu ilə zaminin arasında olan münasibət zaminlik müqaviləsinin bağlanmasının motivini təşkil edir, lakin motiv müqavilənin mövcudluğu üçün əhəmiyyət kəsb etmir. Belə ki, zaminlə borclunun münasibətləri şəxsi-etibar xarakterlidirsə, kreditorla zamin arasında münasibətlər tamam başqa xarakter daşıyır. Belə olan halda, bu münasibət bankla zamin arasına yaranmaqla şəxsi-etimad xarakter daşımır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, zaminin öhdəliyi şəxsi xarakter daşımadığından onun vərəsəsinə miras əmlakın tərkibində “miras passivi” kimi keçir. Göründüyü kimi, 28 aprel 2008-ci il tarixli 001 saylı “Birgə əməkdaşlıq haqqında” müqavilə üzrə iddiaçının statusunun “zamin” olması rayon məhkəməsinin özü tərəfindən, eləcə də hazırkı tərəflər arasında başqa mülki iş- iddiaçı QSC "xxxx" KB-nin S.Kamilov və F.Nəbiyevə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair ilkin, S.Kamilov və F.Nəbiyevin cavabdeh QSC "xxxx" KB-yə qarşı “birgə əməkdaşlıq və ipoteka müqavilələrinə xitam verilmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə müəyyən edildiyi halda, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək, iddia tələbinin əsasını təşkil edən münasibətlərin hüquqi varisliyə əsasən davam etdirilməsinə yol verilməməsi əsası ilə iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar