Məhkəmə qərarları › İş №2(103)-1586/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1586/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1586/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “17 yanvar 2013-cü il tarixli kredit və ipoteka müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4090/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 004 saylı ipoteka müqaviləsini və 17 yanvar 2013-cü il tarixli 004 saylı kredit müqaviləsini etibarsız hesab edərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17 yanvar 2013-cü il tarixdə "xxxx" ASC ilə 004 saylı kredit müqaviləsi bağlamış və Bank tərəfindən ona kreditdən istifadəyə görə illik 19 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 32.900 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə onun mülkiyyətində olan, 2012-ci il buraxılışlı, ağ-mirvari rəngli “Toyota-Prado” markalı AZ **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil 004 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 idarəsində qeydiyyata alınmışdır. "xxxx" ASC ona qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan "xxxx" ASC-nin xeyrinə 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 ABŞ dolları məbləğində faiz borcu, 360 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 30.260 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, həmçinin ona məxsus olan «TOYOTA PRADO» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı, JTEBX3Rİ80KO98622 ban №-li, mühərrik-098622, ağ mirvari rəngli, universal tipli minik avtomobilinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına onun "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışda əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin ondan cavabdeh qismində tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-1230/2017 saylı 09 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə olmaqla, 29930 ABŞ dolları məbləğində borcun ödəniş gününə uyğun olaraq Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2537 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ona məxsus olan, «TOYOTA PRADO» markalı 90RO562 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışı, JTEBX3FJ80KO98622 ban №-li, ağ mirvari rəngli, universal tipli, mühərrik-098622 olan minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Məhkəmənin “yanlışlığın aradan qaldırılması barədə” 16 iyun 2017-ci il tarixli qərardadı ilə 09 mart 2017-ci il tarixli qətnamənin “qət etdi” hissəsindən “cəmi 2537 "..manat məbləğində pul” cümləsi çıxarılmışdır. "xxxx" ASC ilə onun arasında bağlanılmış ipoteka müqaviləsinə xitam verilməlidir. Göründüyü kimi, Mülki Məcəllə ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənməli olmasını imperativ norma kimi qəbul edir və həmin müqavilənin tərəflərin iradəsindən və istəyindən asılı olmadan n0otariat qaydasında təsdiqlənməsini məcburi sayır. Lakin onunla "xxxx" ASC arasında bağlanılmış ipoteka müqaviləsi hər hansı notariat kontorunda təsdiqlənməmişdir. Bu barədə təxminən iki-üç ay bundan əvvəl qeyd edilən kredit üzrə mühasibatlıq ekspertizası təyin edilərkən məlumatı olmuşdur. Bundan əlavə onun məqsədi «TOYOTA PRADO» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin alınmasından ibarət olmuşdur. Yəni o, dollarla hər hansısa bir məbləğdə pul götürməmiş, heç ona belə bir məbləğdə lazım deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4090/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 1586/2022 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan – iş üzrə icraat dayandırılmış «İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair 2(103)-119/2022 saylı mülki işlə (sədrlik edən hakim Məmməd Məmmədov) birlikdə baxılması üçün birləşdirilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC hazırki iş üzrə iddiaçıya qarşıya 17.01.2013-cü il tarixli, 004 saylı “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 30.260 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, borcun ödənilməsi məqsədi ilə tutmanın onunla cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli, 002 saylı “İpoteka müqaviləsinin” predmeti olan avtomobilə yönəldilməsi və sair məsələlər barədə qətnamə qəbul edilməsini xahiş etmiş və nəticə olaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-572/2021 saylı, 31 may 2021-ci il tarixli qərardadı ilə «İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsiyaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iş üzrə icraat hazırki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Hazırki iş üzrə İddiaçı isə "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə çıxış edərək yuxarıda adıçəkilən kredit və ipoteka müqavilələrinin ayrı-ayrılıqda etibarsızlığını tələb etmişdir. Göründüyü kimi sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən şəxslər də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: 2(103)-1586/2022 və 2(103)-119/2022 sayları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar