Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1589/2021 21.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2 iştirakı ilə İddiaçı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin ata bəndinə soyad, ad və ata adının əlavə edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinin ata bəndinə atası X1, ad və ata adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina olunmuşdur. Həmin qərardaddan İddiaçı verdiyi şikayət də birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, müvafiq tələblə ilk dəfə Bakı İnzibati Məhkəməsinə müraciət edilsə də, həmin məhkəmədə də xx xxxx 2020-ci il tarixli qərardad (eyni məzmunlu) qəbul edərək iddiasının qəbulundan imtina etmiş və bu tələblə rayon məhkəmələrinə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara, habelə inzibati hüququ münasibətləri ilə bağlı digər mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat” haqqında Qanunun 2.0.1-ci maddəsinə, habelə həmin Qanunun Tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 345 nömrəli Fərmanına əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddia, inzibati orqan olan Nizami rayon qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulması ilə bağlıdır və bu mənada, mübahisəyə mülki muhakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati icraat qaydasında müvafiq inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2823/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1589/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1589/2021
21.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver