Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1591/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı əmək haqqı və pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək haqqı və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 7000 manat əmək haqqının, öhdəliyinin icra edilməməsi nəticəsində əldə edəcəyi 12450 manat gəlirin (əldən çıxmış fayda), vurulmuş mənəvi zərərə görə 5000 manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şifahi razılaşma əsasında Cavabdeh Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq ona ödənilməyən (7 aylıq əmək haqqı aylıq 600 manatdan hesablanmaqla) 4200 manat məbləğində əmək haqqının və mənəvi zərərə görə 1000 manat məbləğində kompensasiyanın, cəmi 5200 manat məbləğində pulun ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh qeyd edilən qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh daha sonra xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, iddiaçı tərəfindən irəli sürülən tələbin əməyin ödənilməsi ilə bağlı olduğunu, bu tələbin də dövlət rüsumundan azad olunduğunu əsas gətirərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdehin qərardaddan verdiyi şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4740/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh yenidən apellyasiya şikayəti verərək, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin olunması, Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini, müddətin bərpasından imtina barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən fevral ayında rəsmi olaraq qəbul edilmişdir. Cavabdeh qətnaməni qəbul etdikdən sonra apellyasiya şikayəti ilə ilk dəfə müraciət edən zaman apellyasiya şikayətinin forma məzmununa riayət etmədən verməsi səbəbindən geri qaytarılmışdır. Daha sonra təkrarən müraciət etmiş və bu zaman dövlət rüsumunu ödəməməsi səbəbindən apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra dövlət rüsumu ödənilərək təkrar verilmiş lakin bu dəfə də səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün şikayət geri qaytarılmışdır. Dördüncü dəfə yəni 2022-ci ilin sentyabr ayında yəni 7 aydan sonra həmin müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi qanunsuz olaraq müddəti bərpa etmişdir. Xətai Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Xətai Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verilmiş ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Xətai Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(011)-104/2022 saylı qətnaməsi 16 fevral 2022-ci il tarixdə elektron sistemdə Cavabdeh Mənzil Tikinti Kooperativinin elektron kabinetinə yerləşdirilmişdir. Yuxarıda qeyd edildilərdən göründüyü kimi cavabdeh tərəfindən 16.032022-ci il tarixdə verilmiş apellyasiya şikayəti forma və məzmuna uyğun olmadığı və dövlət rüsumu ödənilmədiyi üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı 30 aprel 2022-ci il tarixdə elektron sistemdə Cavabdeh Mənzil Tikinti Kooperativinin elektron kabinetinə yerləşdirilmişdir. Növbəti dəfə cavabdeh tərəfindən 25 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti verilərək, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin (ayrıayrılıqda ötürülmüş müddətlərin) ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpası barədə ərizəni təmin etməklə və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-104/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1591/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1591/2023
01.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver