Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1597/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızı katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxx” ASC-dən 19.500 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun (məhkəmə xərcinin) tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamədə qeyd edilmişdir ki, avtomobilə dəymiş zərər tam məhv kimi müəyyən edilməklə 28.840 manat olmuş, həmin məbləğdən 15% azadolma çıxılmaqla (39000-5850-9945-14000=9205 manat) ödənilmişdir. Halbuki, qeyd olunan rəqəmlərin heç bir açıqlaması və izahı yoxdur. Qətnamə yalnız onunla əsaslandırılmışdır ki, guya iddiaçının “xxxx” ASC-yə qarşı belə bir iddia qaldırmaq hüququ yoxdur. Çünki faydalanan şəxs “xxxx” MMC-dir. Bəs onda nə üçün “xxxx” MMC iddiaçıdan hazırda ona verdiyi kredit məbləğini tələb edir. Əslində isə, məhkəmə, onunla cavabdeh “xxxx” ASC arasında olan kasko sığorta müqaviləsinin predmetini, dəymiş zərəri, əmlakın tam yararsız vəziyyətə düşməsi ilə əlqədar “xxxx” MMC-yə ödənilməli olan sığorta ödənişinin və eyni zamanda da onun “xxxx” MMC ilə müqaviləyə əsasən “xxxx” MMC qarşısında olan öhdəliyini əlaqəli şəkildə təhlil etməli və qanuni qətnamə qəbul etməli idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmdən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Mİ seriyalı, 010240 nömrəli nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinə əsasən, “SHACMAN SX3255DR354” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sığortaçı “xxxx” ASC, sığorta olunan İddiaçı, faydalan şəxs “xxxx” MMC göstərilmişdir. Nəqliyat vasitəsi üzrə sığorta məbləği 800 manat azadolma məbləği olmaqla 27.300 manat, sığorta obyektinin dəyəri 39.000 manat və sığorta haqqı 2129,40 manat təşkil edir. Sığorta müqaviləsi 23.05.2019-cu il tarixdən 22.05.2020-ci il tarixədək qüvvədədir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, “xxxx” MMC, 27.300 manat dəyərində lizinq obyekti olan “SHACMAN SX3255DR354" markalı, ** AE *** dövlət qeydiyyat nişanlı yük avtomobilini İddiaçı 36 ay müddətinə lizinqə (icarəyə) vermiş, sonuncu isə 24.06.2019cu il tarixdən 23.05.2022-ci il tarixədək hər ay 1056,78 manat ödəməyi öz üzərinə götürmüşdür. 03.09.2019-cu il tarixli, 6167 nömrəli Gəncə şəhər Avtoservis müəsisəsində tərtib edilmiş rəyə əsasən, sözügedən nəqliyyat vasitəsinə 26,450 manat ziyan dəyməsi müəyyən olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib edilmiş 26.09.2019-cu il tarixli, KSM 00332 salyı sığorta aktına əsasən isə, həmin avtomobilə dəymiş zərərin ümumi məbləği 28.840 manat təşkil edir, avtomobilə dəymiş ziyan real bazar dəyərinin 70 faizini keçdiyi üçün avtomobil tam məhv kimi qiymətləndirilmişdir. Bu halda ödənilmiş sığorta ödənişinin məbləği, avtomobilin real bazar dəyərindən 15 faiz azadolma məbləği, natamamlıq, avtomobilin qalıqlarının dəyəri çıxılmaqla 39000-5850-9945-14000=9205 manat təşkil edir. 1419,60 manat sığorta ödənişi müştərinin 26.09.2019-cu il tarixə olan debitor borcundan (sığorta haqqının qalıq borcundan) silinir. 7785,40 manat “xxxx” MMC-nin hesabına köçürülür. 26.09.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə kasko sığorta ödənişi üçün 7785,40 manat ödənilmişdir. Hazırda iddiaçı, avtomobilə dəymiş ziyana görə sığorta ödənişinin ona ödənilməli olduğunu iddia edir, cavabdeh isə bu halı qəbul etməyərək, faydalan şəxs kimi “xxxx” MMC-yə müvafiq ödəniş aparıldığını göstərir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı hazırkı tələbi irəli sürə bilmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.1-ci, 884.4-cü, 884.5-ci və 884.6cı maddələrinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmin Məcəllənin 909.1-ci və 909.2-ci maddələrinə əsasən, sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır. Həmin Məcəllənin 927.5-ci maddəsinə əsasən, girov qoyulan əmlakın tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var. Göründüyü kimi, həm mülki qanunvericiliyə və həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə görə, sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh “xxxx” ASC tərəfindən sığorta ödənişinin müqavilə üzrə faydalanan şəxs “xxxx” MMC-yə ödənilməsi tam qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1864/2020 saylı iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 145 (bir yüz qırx beş) manat İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1597/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1597/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver