Məhkəmə qərarları › İş №2(103)-1598/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1598/2022

11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1598/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 12.07.2017-ci il təvəllüdlü X3 və 27.03.2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılmasına, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin, X2 müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh da öz növbəsində qarşılıqlı iddia verərək uşaqların onun himayəsinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(001)-3266/2021) ilk iddia ərizəsi qismən təmin edilərək 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması, 11.11.2021-ci il tarixdən başlayaraq 12.07.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat aliment tutulması, 11.11.2021-ci il tarixdən başlayaraq 27.03.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat aliment tutulması qət edilmiş, Cavabdeh qarşılıqlı iddiası isə rədd olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərkən müəyyən etdi ki, şikayət verilərkən elektron qaydaya riayət edilməmiş, yəni, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, əl imzası ilə imzalanmaqla poçt vasitəsilə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, şikayət elektron qaydada təqdim edilməmişdir. MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından məlum olur ki, hazırkı mülki işin icraatı Binəqədi Rayon məhkəməsində elektron məhkəmə icraatı qaydasında aparılmışdır. Belə olan halda, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyinə görə qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar