Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-160/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Təvəkkül oğlunun cavabdeh QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi, hərracın baş tutmamış elan edilməsi, hərracın keçirilməsi qaydalarının pozulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımova Ramil Rəşid oğlunun katibliyi, cavabdeh QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Təvəkkül oğlunun QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli qətnaməsi ilə 74 782,53 ABŞ dolları əsas, 2801,06 ABŞ dolları faiz, 296,10 ABŞ dolları cərimə borcu olmaqla cəmi 77 879,69 ABŞ dolları məbləğində borcun X2 tutulması və tutmanın ünvan 1 ünvanında, 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, hərracın keçirilməsi "xxxx" MMCyə həvalə edilmiş və həmin MMC tərəfindən 07 avqust 2017-ci il tarixdə ilkin, 11 sentyabr 2017-ci il tarixdə təkrar hərraclar keçirilmiş, lakin hərraclar baş tutmamışdır.
3. Təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc olunmuşdur.
4. "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinə, “QSC “Bank Standard” KB-nə, habelə icra sənədi üzrə borclulara (o cümlədən ipoteka qoyana) məktub göndərilmiş, məktubda hərracların baş tutmadığı və bu barədə “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən ipoteka qoyana və saxlayana məlumat verildiyi vurğulanaraq, ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etmək xahiş olunmuşdur.
5. QSC “Bank Standard” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun İcra işləri üzrə kuratoru "xxxx" MMC-nə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əldə edilməsi barədə təklif QSC “Bank Standard” KB tərəfindən qəbul olunur və bununla əlaqədar bağlanılacaq alqı-satqı müqaviləsinin, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab fakturanın təqdim olunması xahiş edilir.
6. QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMC-nə qarşı “hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi” barədə iddia tələbi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Təvəkkül oğlu (iddiaçı) QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi İdarəsi və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlakların ipotekaya qoyulmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra sənədi üzrə birinci hərrac 07 avqust 2017ci il tarixə, hərrac baş tutmadığından ikinci hərrac 11 sentyabr 2017-ci il tarixə təyin edilmişdir. Həmin hərrac da baş tutmamış və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir, belə olan halda “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməlidir.
9. Birinci instansiya məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.4, 43.5, 43.7, 43.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən QSC “Bank Standard” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə ləğv olunaraq iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac təşkilatçısı olan "xxxx" MMC qanunun tələblərinə riayət etməmiş, ipoteka saxlayana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görməmişdir. Belə ki, iş materiallarında olan hərrac təşkilatçısı tərəfindən məhkəməyə göndərilmiş sənədlərin surətlərindən görünür ki, hərracla bağlı bildirişlər ipoteka saxlayana göndərilməmişdir və iş materiallarında bunu təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin, təkrar hərrac baş tutmamış elan edildiyi halda, ipoteka predmeti ipoteka saxlayana təklif olunmamışdır, bunu təsdiq edəcək heç bir sübut mövcud deyildir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir və Bank hərracın keçirilməsindən məlumatlı olmalıdır.
14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 416-cı, “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırki işdə ipoteka predmetinin satılması ilə bağlı hərracların keçirilməsi və təkrar hərracdan əmlakın satılmaması işin mübahisəsiz hallarıdır. İddiaçı hərracın baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsinə istinad etməklə, ipotekaya xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iddianı rədd edərkən 2 hala istinad etmişdir: İpoteka saxlayan keçirilmiş hərraclar barədə məlumatlandırılmamış; Təkrar hərrac baş tutmamış elan edildikdən sonra, ipoteka predmeti ipoteka saxlayana təklif olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi məsələlərlə bağlı Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir. Bu qərardadın qəbul edilməsi ilə bağlı hazırki işə baxılması təxirə salınmışdır. Həmin Qərardada əsasən: İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur; İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Qərardadda Ali Məhkəmənin tərkibi ipotekaya xitam verilməsi tələbinə baxılan zaman “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində istinad edilən şərtlərin qanuniliyinin yoxlanılmasının mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddənin məzmunu onu deməyə əsas verir ki, qanunverici hərracın və onun nəticələrinə dair müqavilənin etibarsız sayılmasını yalnız məhkəmə qaydasında maraqlı şəxsin iddiası üzrə mümkün hesab edir. Lakin istinad edilən maddədə nəzərdə tutulan iddianın müstəqil tələblə yanaşı iddiaya etirazı da ehtiva edib-etməməsi aydınlaşdırılmalıdır. Qeyd edilən məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 14 iyun tarixli 02/2022 nömrəli Qərardadında qiymət verilmişdir. Belə ki, həmin Qərardadda ifadə edilmiş hüquqi mövqeyə görə hərrac protokolunun etibarsızlığı daxil olmaqla, etibarsız sayılması üçün məhkəmə qərarı tələb olunan əqdlərlə bağlı mübahisələrə baxılarkən də qarşı tərəfin əqdin etibarsızlığı barədə dəlilləri məhkəmə tərəfindən əsaslı hesab edildiyi və əqdin etibarsızlığı müəyyən olunduğu halda son nəticədə əqd məhkəmə qərarı əsasında etibarsız hesab edilmiş olur. Mülki qanunvericilikdə belə əqdlərin maraqlı şəxsin iddiası üzrə etibarsız sayıla bilməsi barədə norma (məsələn: Mülki Məcəllə, maddə 416.1) prosessual mənada iddianın irəli sürülməsini deyil, maddi hüquqi mənada əqdin etibarsızlığına dair istənilən formada iradənin bildirilməsini ehtiva edir. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi çərçivəsində mübahisəyə baxılarkən hərracların və onların nəticələrinin qanuniliyinin yoxlanılması ipoteka saxlayanın tələbləri və ya buna bərabər tutulan etirazları əsasında mümkündür. Belə bir tələbin və ya etirazın olmadığı halda məhkəmənin öz təşəbbüsü ilə həmin məsələni yoxlaması isə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində açıqlanan dispozitivlik prinsipinə və hərracların etibarsızlığına dair Mülki Məcəllənin 416.1-ci maddəsinə ziddir. Məhkəmə tərkibi qeyd etmişdir ki, ipoteka saxlayan öz etirazlarını bildirdikdə məhkəmə bu Qərardadın 24-cü bəndində göstərilən qiymətləndirmə ilə kifayətlənməyərək, hərracın qanuniliyini etirazın dəlilləri baxımından yoxlamalı və hərracın qanunvericiliyə zidd şəkildə keçirildiyi öz təsdiqini tapdığı halda, ipotekaya xitamın verilməsi tələbinə dair iddianı təmin etməməlidir. Qeyd olunan əsaslarla ipotekaya xitam verilməsi barədə iddia tələbi təmin olunmadığı təqdirdə, icra edilməyən və ya qismən icra edilmə əsası ilə məhkəməyə qaytarılmış icra sənədi ipoteka saxlayanın müraciəti əsasında yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar (icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması əsasları) aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmçinin, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçirilməmiş hesab edildiyi üçün onların yenidən təşkili “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır. Bundan əlavə Qərardadda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qeyd edilmişdir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Göründüyü kimi, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir. "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Apellyasiya məhkəməsinin istinad etdiyi birinci halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan Qərardada görə ipotekaya xitam verilməsi tələbinə baxılarkən hərracın qanunauyğun keçirilməsi müəyyən olunmalıdır. Lakin hərracın etibarsızlığı yalnız maraqlı şəxsin tələbi (qarşılıqlı iddiası və ya iddiaya etirazı) əsasında müəyyən oluna bilər. Hazırki işdə isə cavabdeh tərəf nə birinci instansiya məhkəməsində, nə apellyasiya şikayətində keçirilmiş hərracın etibarlığını, o cümlədən hərraclar barədə məlumatlandırılmasını mübahisələndirməmiş və apellyasiya məhkəməsi bu əsasla iddianı rədd etməklə Mülki Prosessual Məcəllənin 5.1 və 218.3cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin istinad etdiyi digər əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin kollegiyalarının vahid məhkəmə təcrübəsi yaradan qərarında irəli sürülmüş hüquqi mövqeyə görə hərrac təşkilatçısının vəzifəsi təkrar hərracın baş tutmamış elan olunması ilə məhdudlaşır. Hərrac təşkilatçısı ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayana əlavə təklif göndərmək öhdəliyini daşımır. Bu nöqtəyi nəzərdən, məhkəmə kollegiyası ipoteka predmetinin almağı ipoteka saxlayana təklif olunmadığı üçün iddianın əsassız olmasından ibarət apellyasiya məhkəməsinin mövqeyi ilə də razılaşmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ipoteka predmeti ilə bağlı təkrar hərracın baş tutmamış elan olunması barədə məlumat “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində - “Birja yenilikləri” qəzetinin 15-21 sentyabr 2017-ci il tarixli nəşrində dərc edilmişdir. Xüsusən qeyd olunmalıdır ki, cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB "xxxx" MMC-yə ünvanladığı 02 oktyabr 2017-ci il tarixli məktubla (i.v. 119) ipoteka predmetini qəbul etdiyini və fərdi yaşayış evi ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən ipoteka saxlayanın keçirilmiş hərracdan və hərracın baş tutmamış elan olunmasından məlumatlı olmasına, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən onu almağa dair razılığını bildirsə də, sonradan qanunla müəyyən olunmuş müddətdə alqı-satqı müqaviləsinin bağlanmamasına hüquqi qiymət verilməmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
Təkrar apelyasiya baxışı, verilən izahatlar
17. QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla şikayətin əsassız olduğunu bildirmişdir.
18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi İdarəsi və "xxxx" MMC nümayəndələrini məhkəməyə göndərməmişlər.
19. Təkrar apellyasiya baxışı zamanı işin icraatı QSC “Bank Standard” KB-nin "xxxx" MMCnə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı “protokolun qanunla müəyyən edilmiş müddətdə imzalanmış hesab edilməsi” tələbi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmış, dayandırma səbəbi aradan qalxdıqdan sonra icraat davam etdirilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
21. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
22. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
23. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.
24. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
25. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
27. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
28. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarı
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı
30. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
42. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
43. Yuxarıda qeyd olunduğu kimi, təkrar hərracın baş tutmaması barədə müvafiq elan verildikdən sonra hərracın təşkilatçısı olan "xxxx" MMC xx.xx.2017-ci il tarixdə banka ipoteka predmeti ilə bağlı hansı qərarı qəbul etdiyini bildirməsi barədə məktub göndərmiş, bank xx.xx.2017-ci il tarixdə həmin məktuba cavab olaraq "xxxx" MMC-nə məktub ünvanlamış, əmlakın əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanmasını istəmişdir.
44. Bununla belə müəyyən olunmuşdur ki, bank alqı-satqı müqaviləsinin bağlanması üçün həyata keçirməli olduğu hərəkətləri yerinə yetirməmişdir.
45. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMC-nə qarşı “hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi” barədə iddia tələbi məhkəmələr tərəfindən təmin olunmamışdır.
46. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3522/2021 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov