Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1600/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X5 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh Mehdı̇ yev İsa Fərman oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(010)-6117/2019 saylı qətnaməsindən cavabdeh Mehdı̇ yev İsa Fərman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, Cavabdeh uşaqlarının hər birinə yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə 06.11.2009-cu il tarixdə nikahları rəsmi qeydə alınmaqla ailə qurublar. Birgə nikahlarından 15.09.2009-cu il təvəllüdlü X3, 22.09.2011-ci il təvəllüdlü X11 və 09.04.2014-cü il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Evliliyinin ilk vaxtalarında mehriban yaşasalar da, bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamışdır. Cavabdeh işləmək istəmir, ailəsinin və uşaqlarının taleyi ilə maraqlanmır, tez-tez yerli-yersiz dava salaraq evə gec gəlir. O, bütün bunların səbəbini cavabdehdən soruşanda cavabdeh onu ağır söyüşlərlə təhqir etmişdir. O, bütün bunların bir müddət sonra keçəcəyinə ümid etsə də, müəyyən müddətdən sonra başa düşmüşdür ki, bu xasiyyətlər cavabdehdə xarakter olaraq formalaşıb. Onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ərarvad kimi bir yerdə yaşamırlar və bu ailənin mövcüdluğunu saxlamaq qeyri-mümkündür. Onlar ayrı yaşadıqları müddətdə uşaqları onun himayəsində qalıb və uşaqların maddi tələbatlarını özü tək başına ödəmişdir. Cavabdeh bir ata kimi körpə uşaqlarının necə yaşaması və hansı çətinliklərlə böyüməsi barədə maraqlanmamışdır. Uşaqları azyaşlı olduğu üçün o işləyə bilmir. Belə vəziyyətdə o, uşaqlarının bütün xərclərini tək başına ödəyə bilmir. Hal-hazırda o, uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır, onun və uşaqlarının bütün xərclərini valideynləri ödəyir. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı kifayət qədər yaxşıdır. Bu səbəbdən də uşaqlarının yetkinlik yaşına çatanadək cavabdehdən aliment tutulmasını xahiş edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(010)-6117/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 24.09.2019-cu il tarixdən hesablanmaqla 15.09.2009-cu il təvəllüdlü X1, 22.09.2011-ci il təvəllüdlü X7 və 09.04.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddiann qalan hissədə təmin olunmaması, məhkəmə xərcləri 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət olunmuşdur. Cavabdeh Mehdı̇ yev İsa Fərman oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(010)-6117/2019 saylı qətnaməsi ilə tutulmalı olan alimentin azaldılaraq, aldığı pensiyaya uyğun müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, o, anadan gəlmə İİ qrup əlildir. 2005-ci ildən ailə həyatı qurmuş, birgə nigahdan 3 övladı var. İndiyə qədər ailəsi ilə aldığı təqaüd və ünvanlı sosial yardım hesabına dolanmışlar. Son illər ünvanlı sosial yardım ala bilməmişlər. Səbəb isə həyat yoldaşının adına ayrılmış pay torpağı oldu. Belə ki, kompyuterdən qeydiyyatdan keçirəndə SUN (sığorta uçot nömrəsi) lazım oldu. SUN nömrəsi də yoldaşının atasının adına olduğundan və onun da qaynanası arasında olan soyuqluqdan ötəri onlara vermədi ki, onlar sosial yardım düzəltsinlər. Ona baxmayaraq anası aldığı təqaüdü ahıl yaşında onlara verdi ki, uşaqları acından ölməsin. Ananın onlara verdiyi 200 manat və onun aldığı 200 manat pensiyalar ümumilikdə 400 manatla çətinliklə də olsa 3 övladını, ailəni saxlayardı. Sonda ailəsi onun əmək qabiliyyətsiz olduğunu bildirərək, övladlarını da alıb anasıgilə Bərdə rayon, Kətəlparaq kəndinə getdi. Daha sonra alimentə görə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Beləliklə, o, bir ata olaraq lazım gəlsə canından, 2 gözündən övladları üçün keçməyə hazırdır. Lakin 2-ci qrup əmək qabiliyyətsiz, əmək qabiliyyəti olmayan ata 200 manat pensiya almaqla, 300 manat alimenti nece verə bilər. Ona görə də xahiş eirə aliment azaldılsın. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mehdı̇ yev İsa Fərman oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(010)-6117/2019 saylı qətnaməsinin dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı Mehdı̇ yeva Aynurə Ələsgər qızı məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin alimentin miqdarının sabit pul məbləği ilə müəyyən edilən alimentin məbləği hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh 06.11.2009-cu il tarixdə nikah bağlamışlar. Onların birgə nikahlarından 15.09.2009-cu il tarixdə X3, 22.09.2011-ci il tarixdə X11 və 09.04.2014-cü il tarixdə X6 adlı üç uşaqları dünyaya gəlmişdir. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da, müvəqqəti olaraq Kətəlparaq kəndində anası X2 məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh M.S.S üzvi xəstəliyi nəticəsində əmələ gələn ağıl zəifliyi diaqnozu qoyulmuş, müddətsiz İİ qrup əlil hesab edilmiş, əmək qabiliyyətsiz olmaqla, 200 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını sabit pul məbləği ilə müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləği hissəsində uşaqların əvvəlki təminat səviyyəsini nəzərə alsa da, tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları tam olaraq nəzərə almamışdır. Belə ki, cavabdeh ömürlük İİ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir, hər ay cəmi 200 manat pensiya alır. Hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması əmək qabiliyyətsiz cavabdehin yeganə qazancı olan aylıq 200 manat məbləğində aldığı pensiyadan artıq olur. Buna görə də, kollegiya hesab edir ki, qətnamə alimentin miqdarının hər uşağa görə 100 manat sabit pul məbləğində və cəmi məbləğin 300 manat müəyyən edilməsi hissələrində dəyişdirilməli, hər uşağa görə alimentin məbləği 80 manat, cəmi məbləğ 240 manat müəyyən müəyyən edilməlidir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, alimentin məbləğində qeyd olunan qaydada dəyişikliyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Mehdı̇ yev İsa Fərman oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(010)-6117/2019 saylı qətnaməsi mübahisələndirilən- alimentin miqdarının hər uşağa görə 100 (yüz) manat sabit pul məbləğində və cəmi məbləğin 300 (üç yüz) manat müəyyən edilməsi hissələrində dəyişdirilsin, hər uşağa görə alimentin məbləği 80 (səksən) manat, cəmi məbləğ 240 (iki yüz qırx) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-1600/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1600/2020
22.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver