Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1611/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmaılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1098/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat icbari şəxsi sığorta məbləği tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 6600 (altı min altı yüz) manat məbləğində sığorta haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Şəki RHK tərəfindən 1988-ci ildə hərbi toplanışa çağırılmışdır. Hərbi xidmət vəzifəsinin icrası zamanı Çernobıl facisənin nəticələrini aradan qaldırmaq üçün Çernobıl AES-ə göndərilmişdir. xx.xx.1991-ci il tarixdə 157 nömrəli ekspert rəyi ilə kəskin dərəcədə ifadə olunmuş asteno-nevrotik sindrom, vegetativ damar krizi xəstəliyi ilə iddiaçıya Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən "Xəstəlikdir, Çernobıl AES də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin icrası zamanı alınmışdır” qərarı verilmişdir. Həmin qəzada aldığı xəsarətə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Hərbi xidmət dövründə alınan xəstəlik olduğu üçün hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta ödənişi iddiaçıya ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, sığorta pulunun iddiaçıya ödənilməsini xahiş etdi. Lakin sonuncu xx xxxxxxx 2019-cu il tarixli məktubla ona bildirildi ki, hərbi qulluqçuların dövlət icbari sığortasını tənzimləyən bu qanun iddiaçıya şamil edilmir. Halbuki, iddiaçıya məxsus Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının arayışında qeyd edilir ki, Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin icrası zamanı alınmışdır. Mübahisədən görünür ki, iddiaçı sözügedən xəstəliyi hərbi xidmət vəziflərini yerinə yetirərkən almışdır. Qeyd olunanları nəzərə alıb iddia ərizənin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməklə səhv nəticəyə gəlmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən idiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətnin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iddia ərizənin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mabahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır(217.3). Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, maddi hüquq normalarını və ya prosessual hüquq normalarını düzgün tətbiq edilmədiyindən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iddianı təmin edərkən iddiaçının hərbi xidmət dövründə xəsarət aldığını və nəticədə ikinci qrup əlil olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 3.2,-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən istinad edilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş və ya ehtiyatda olan şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur. İşin hallarından görünü ki, iddiaçı İbrahimxəlilov Azərbaycan Respublikasının Silahlı Qüvvələrində toplanışda və ya hərbi xidmətdə olmamışdır. Onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx.xx.1997-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ilə icbari sığorta olunmasını təsdiq edən hər hansı bir sənəd və ya sübut yoxdur. Məhkəmə Kollegiyası qeyd edir ki, Çernobıl AES-də baş vermiş qəza SSRİ dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə hazırkı cavabdeh şirkət arasında heç bir müqavilə olmamışdır. Həmçinin SSRİ dövründə hərbi xidmətdə olmuş və hal- hazırda ehtiyatda olan keçmiş hərbi qulluqçulara görə Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta haqqı ödənilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, DSKŞ-nə 1987-ci ildə SSRİ dönəmində toplanışa cəlb edilmiş hərbi qulluqçuların və mülki vətəndaşların icbari sığortasının aparılması üçün müqavilə bağlanmamış və həmin şəxslərə görə sığorta haqqı DSKŞ-nə ödənilməmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanı ilə yaradılmış və Əsasnaməsi 22.1 1.1991-ci il tarixdə təsdiq edilmişdir. xx xxxxxxx 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı’na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nın hüquqi varisi deyil. Həmçinin, xx xxxxxx 1994-cü il tarixli 23 saylı Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti (Azərsığorta) müstəqil dövlət təşkilatıdır. Göründüyü kimi, «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8.-ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi və həmin məcəllənin 935.1.10.-cu maddəsinə görə icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən yuxarıda qeyd olunanları nəzərə almamaqla səhv nəticəyə gəlmişdir. Belə olan halda Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1098/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1611/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1611/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver