Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1614/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)-2607/2020 saylı qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qayınatası X8 oğlu 28 aprel 2016-cı il tarixində “xxxx” ASC ilə bağladığı 655 nömrəli kredit müqaviləsinə əsasən bankdan 2300 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə “Cavabdeh Şığorta Şirkəti” ASC ilə müqavilə bağlanmış və həyat sığortası şəhadətnaməsi verilmişdir. Lakin 04 oktyabr 2017-ci il tarixində X8 oğlu mədə xərçəngindən vəfat etmişdir. 13.12.2017-ci il tarixində bununla bağlı “xxxx Sığorta Şirkəti” ASC-yə müraciət edilərək sığorta ödənişi tələb edilmiş, lakin sığorta şirkətinin 28.02.2018-ci il tarixli cavab məktubu ilə ödənişin ödənilməsindən imtina edilmiş və səbəb kimi sığorta müqaviləsi bağlanan zaman sığorta olunan X8 oğlunun artıq onkoloji xəstə olduğu göstərilmiş, buna görə də Sığorta Şəhadətnaməsinin 11.2.3-cü bəndinə əsasən X8 oğlunun ölümü sığorta hadisəsi hesab edilməmişdir. X8 oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə 22.08.2017-ci il tarixində, yəni müqavilə bağlandıqdan sonra müraciət etmiş, aparılmış müayinə əsasında 05.09.2017-ci il tarixində mədə xərçəngi diaqnozu qoyulmuşdur. Nəticə etibarilə, X8 oğluna sığorta müqaviləsi bağlandıqdan və Sığorta Şəhadətnaməsi verildikdən sonra qeyd edilən xəstəliyə tutulduğu barədə diaqnoz qoyulduğundan onun ölümü sığorta hadisəsi hesab olunmalıdır. 28.04.2016-cı il tarixində X8 oğlu ilə “Cavabdeh Şığorta Şirkəti” ASC ilə müqavilə bağlanmış, bununla da tərəflərin öhdəlikləri əmələ gəlmişdir. “Cavabdeh Sığorta Şirkəti” ASC-nin İdarə heyətinin sədrinin 12 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 16 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış “Həyat sığortası Qaydaları”nın 3.2-ci bəndinə əsasən müqaviləyə görə sığortaçı sığorta hadisəsinin baş verdiyi halda sığorta təminatının sığortalıya ödənilməsi öhdəliyini götürür. Sığortalı müqavilədə sığorta olunanın öldüyü halda faydalanan şəxsi göstərə bilər. Göstərilənlərə əsasən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat məbləğində sığorta ödənişinin tutularaq, faydalanan şəxs qismində İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı ərizə təqdim edərək, iddiasının təmin ediləcəyi halda hüquqi xidmətlərə görə ödədiyi 401 manat məbləğində vəsaitin cavabdehdən tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat məbləğində sığorta ödənişinin, 2300 (iki min üç yüz) manat dəbbə pulunun, Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq 465,75 (dörd yüz altmış beş manat, 75 qəpik) manat faizin, mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, eləcə də hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, cəmi 15495,75 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)-2607/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat sığorta ödənişi, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi xidmətə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3030 (üç min otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, N.X.Şafaqatovun 04 oktyabr 2017-ci il tarixində mədə xərçəngindən vəfat etməsi işin mübahisəsiz halı olsa da, baxılan halda məhkəmənin cavabdehin üzərinə 3030 (üç min otuz) manat sığorta ödənişi ödəmək vəzifəsini qoyması işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və tətbiq edilməli normalar tətbiq edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi mübahisə sığorta ödənişinin verilməsi ilə bağlı olmuşdur. N.X.Şafaqatovun 04 oktyabr 2017-ci il tarixində mədə xərçəngindən vəfat etməsi işin mübahisəsiz halı olsa da, baxılan halda məhkəmənin cavabdehin üzərinə sığorta ödənişi ödəmək vəzifəsinin qoyması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”na, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 3 iyul 2015-ci il tarixli 52 saylı Əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi qaydasına dair Təlimat”a, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li, 24 noyabr 2005-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7№-li 03 noyabr 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Sığorta şəhadətnaməsi” nə zidd olmuş, məhkəmə cavabdehin üzərinə ödəniş etmək vəzifəsi qoyarkən qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şamaxı rayon Mərkəzi Xəstəxanası tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə iki müxtəlif vaxtlarda göndərilmiş eyni tarixli, imzalı və nömrəli ölüm haqqında tibbi şəhadətnamələrdə aşkar uyğunsuzluqlar mövcuddur. Belə ki, 23 fevral 2018-ci il tarixli məktuba əlavə olunmuş “Ölüm haqqında tibbi şəhadətnamə”də sığortalıda 2015ci ildən mədə xərçəngi xəstəliyi olduğu qeyd olunmuşdur. Daha sonra isə Şamaxı rayon Mərkəzi Xəstəxanası tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə 16 iyul 2018-ci il tarixli məktub ünvanlanaraq ölüm haqqında tibbi şəhadətnamədə texniki səhv olduğu üçün qeyd edilən sənədin kserosurətinin təkrar olaraq göndərildiyi bildirilmişdir. Göründüyü kimi, eyni tarixli, imzalı və nömrəli ölüm haqqında tibbi şəhadətnamələrdə olan aşkar uyğunsuzluqlar məhkəmə araşdırılması zamanı müəyyən edilməsinə baxmayaraq, məhkəmə aşkar uyğunsuzluqları aradan qaldırmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 3 iyul 2015-ci il tarixli 52 saylı Əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi qaydasına dair Təlimat”ın 12-ci bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Lakin Şamaxı rayon Mərkəzi Xəstəxanası öz təşəbbüsü əsasında eyni tarixli, imzalı və nömrəli bir hüquqi sənəddə düzəliş edərək sənədlər arasında uyğunsuzluq yaratmışdır və məhkəmə baxışı zamanı bu hallar nəzərə alınmamışdır. Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№- li 24 noyabr 2005-ci il tarixli qərarına əsasən, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bunlardan əlavə məhkəmənin 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə qərara almışdır ki, eyni tarixli, imzalı və nömrəli ölüm haqqında tibbi şəhadətnamələrdə olan uyğunsuzluqların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilsin. Lakin məhkəmə 08 sentyabr 2020-ci il tarixli qərardad əsasında görülmüş tədbirləri aydınlaşdırmadan yekun məhkəmə aktı-qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bundan əlavə, MPM-in 218.2-ci maddəsinə əsasən, hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. Həmçinin məhkəmə baxışı zamanı iddiaçı “Sığorta şəhadətnaməsinin tələbləri üzrə İ faydalanan şəxs kimi sığorta müqaviləsində müəyyən olunmuş sığorta ödənişinin verilməsini tələb etmək, sığorta ödənişini almaq hüququna malik olmamışdır. Belə ki, “Sığorta şəhadətnaməsinin 7.1-ci bəndinə əsasən, İ faydalanan şəxs qismində “xxxx” ASC qeyd edilmişdir. Bundan əlavə, həmin şəhadətnamənin 7.2-ci bəndinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız İ faydalanan şəxsə sığorta ödənişi ödənildikdən sonra sığorta məbləği ilə İ faydalanan şəxsə ödənilmiş məbləğ arasındakı fərq məbləğində sığorta ödənişinin ikinci faydalanan şəxs kimi iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. “Sığorta şəhadətnaməsinin qeyd olunan maddəsinin tələbinə əsasən, sığorta hadisəsi baş verdiyi təqdirdə ilk olaraq sığorta ödənişi İ faydalanan şəxs kimi “xxxx" ASC-yə, daha sonra isə müvafiq olaraq İİ faydalanan şəxsə ödənilməlidir. İş materialları arasında və məhkəmə baxışı zamanı iddiaçını İ faydalanan şəxs qismində göstərən heç bir mötəbər sübut aşkar edilməməsinə baxmayaraq məhkəmə iddiaçını İ faydalanan şəxs qismində tanımış və xeyrinə qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 884.6-cı maddəsinə görə, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Eyni zamanda Mülki Məcəllənin 909.1-ci maddəsinə əsasən, sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Mülki Məcəllənin 909.3-cü maddəsinə əsasən, öz həyatını sığorta etdirən fiziki şəxs müvafiq sığorta müqaviləsində istənilən şəxsi (şəxsləri) faydalanan şəxs qismində təyin edə bilər. Sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 2.0.4-cü yarımbəndinə görə, faydalanan şəxssığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Qeyd edilənlərdən əlavə, məhkəmə baxışı zamanı iddiaçının xeyrinə mənəvi zərərin əvəzinin tutulması maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iş materialları arasında və məhkəmə icraatı zamanı iddiaçını İ faydalanan şəxs kimi müəyyən edən heç bir mötəbər sübut aşkar edilməməmişdir, baxılan halda iddiaçının belə bir tələb irəli sürmək hüququ olmamışdır. Bu zaman iddiaçının sığorta ödənişinə münasibətdə tələb irəli sürmək hüququ olmaması şəxsi qeyri-əmlak hüquqlarının pozulmamasını birbaşa sübut edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Göründüyü kimi, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra yaranır, baxılan halda isə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır, çünki onun İ faydalanan şəxs kimi sığorta ödənişinə münasibətdə tələb irəli sürmək hüququ olmamışdır. Həmçinin iddiaçı məhkəmə baxışı zamanı mənəvi zərəri təsdiqləyəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Bildirirəm ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7№-li 03 noyabr 2008-ci il tarixli qərarına, MM-nin 1097-ci maddəsinə müvafiq olaraq zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən iddia edilən mənəvi və fiziki iztirabları, onların xarakteri və dərəcəsini, eləcə də buna münasibətdə cavabdehin təqsiri, əmlak vəziyyətini və s. sübut edən mötəbər sübutlar olmamasına baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndələri X2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, ekspertizanın rəyi ilə razı deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə də müəyyən olunur ki, mərhumun patolojiyasının əvvəli sığorta müqaviləsindən əvvəl deyil, müqavilə bağlanandan sonra baş vermişdir. Cavabdeh tərəfindən Banka sığorta ödənişi ödənilmədiyindən, mərhumun borclarını iddiaçı bağlamış, bunun nəticəsində iddiaçı tərəf mənəvi sarsıntı və iztirab keçirmişdir. Əgər sığorta ödənişi cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bu proseslər baş verməzdi. Həmçinin iddiaçının hüquqlarını müdafiə üçün müqavilə bağlanmış, iddiaçı 149 manat pul ödəmişdir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilmədikdə, hüquqi yardım üçün 149 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələr məhkəməyə gəlməmiş, iştirakları olmadan işə baxılmasını xahiş etməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsini və iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 avqust 2020-ci il tarixli, 2(006)-2607/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 28.04.2016-cı il tarixli “həyat sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, X8 oğlu sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının ölüm, fərdi qəza nəticəsində müddətsiz 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi halında sığorta riskinə təminat verilmişdir. Ölüm riski üzrə faydalanan şəxs qismində İddiaçı göstərilmişdir. Sığorta müddəti 28.04.2016-cı il tarixdən 28.04.2019-cu il tarixədək, sığorta məbləği isə 2300 manat müəyyən olunmuşdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 03.10.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 22.08.2017-ci il tarixdə MOM poliklinika şöbəsinə müraciət etmiş, ona 05.09.2017-ci il tarixdə mədə xərçəngi diaqnozu qoyulmuşdur. İş materiallarındakı Şamaxı rayon İHB-nin Quşçu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 06.10.2017-ci il tarixdə verilmiş AZ-İ № 905169 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 oğlu 04.10.2017-ci il tarixdə “mədə xərçəngi” xəstəliyindən Şamaxı rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* saylı, 06.10.2017-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 oğlu 04.10.2017-ci il tarixdə “mədə xərçəngi” xəstəliyindən Şamaxı rayonunda vəfat etmişdir. Eyni zamanda, həmin şəhadətnamədə X8 oğlunda patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt barədə məlumat yoxdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin “xxxx” ASC-yə ünvanladığı 28.02.2018-ci il tarixli məktubundan görünür ki, N.X.Şafaqatovda sığorta müqaviləsi bağladığı ana artıq onkoloji xəstəlik mövcud idi. Sığorta Şəhadətnaməsinin 11.2.3-cübəndinə əsasən, sığortalının ölməsi və ya onun əlillik alması müqavilə bağlanan ana onkoloji xəstə olması nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanasının Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 16.07.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh Sığorta Şirkətində sığorta olunmuş, 01.04.1950-ci il təvəllüdlü, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmuş Şafaqatov X5 RMX-na hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmişdir. Ölüm haqqında şəhadətnamədə texniki səhv olduğu üçün xəstənin ölüm haqqında tibbi şəhadətnamənin kserosurəti təkrar göndərilir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası X13 tərəfindən verilmiş 27.03.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, 04.04.1950-ci il təvəllüdlü Şafaqatov X5 RMX-nın onkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 14.04.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, 01.04.1950-ci il təvəllüdlü, Şamaxı rayonu, Quşçukəndində qeydiyyatda olan xəstə X8 oğlu ilk dəfə Milli Onkologiya Mərkəzinə 22.08.2017-ci il tarixində müraciət etmişdir. Milli Onkologiya Mərkəzində aparılan klinik, laborator, instrumental, müayinələrə əsasən xəstəyə “Mədəxərçəngi, Qayaciyərə metastaz” diaqnozu qoyulmuş (Histoloji nəticə: Adenokarsinoma), kimyaterapevt tərəfindən baxışı məsləhət görülmüş, lakin xəstə kimyaterapevt baxışına gəlməmişdir. Xəstə təkrar 07.09.2017-ci il tarixində müraciət etmiş, həkim mütəxəssislər tərəfindən “Parenximatoz sarılıq” aşkar olunmuş, simptomatik müalicə təyin olunmuşdur. 18.09.2017-ci il, 03.10.2018-ci il tarixlərində xəstə təkrar Milli Onkologiya Mərkəzinə müraciət etmiş, vəziyyətin ağırlığını nəzərə alaraq, simptomatik müalicənin davamı məsləhət görülmüşdür. Daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müayinə və müalicə üçün müraciət etməmişdir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası X13 tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, 715 saylı arayışda qeyd edilmişdir ki, 04.04.1950-ci il təvəllüdlü X8 oğlu 28.04.2016-cı il tarixinədək Şamaxı RMX-nın onkoloji kabinetində qeydiyyatda olmamışdır və heç bir müalicə almamışdır. Onlarda mövcud olan ölüm haqqında şəhadətnamədə ölüm tarixi 2017-ci il qeyd olunmuşdur. Xəstəliyin başlanması barədə heç bir qeydiyyat yoxdur. İş materiallarında olan 14098 nörməli qəbzin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 399 manat, xidmət haqqı kimi 2 manat pul köçürmüşdür. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X8 oğlunun həyatı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 28.04.2016-cı il tarixli şəhadətnaməyə əsasən sığortalının ölüm, fərdi qəza nəticəsində müddətsiz 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi halında sığorta riskinə görə 2300 manat məbləğində sığortalanmışdır. Həmin şəhadətnamədə ölüm riski üzrə faydalanan şəxslər qismində 1-ci “xxxx” ASC, 2-ci İddiaçı göstərilmişdir. X8 oğlu 04.10.2017-ci il tarixdə “mədə xərçəngi” xəstəliyindən vəfat etmişdir. Bu vəziyyətlə əlaqədar İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə sığorta şəhadətnaməsi üzrə ödənişin aparılması ilə bağlı müraciət etmiş, iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, N.X.Şafaqatovda sığorta müqaviləsi bağladığı ana artıq onkoloji xəstəlik mövcud idi. Sığorta Şəhadətnaməsinin 11.2.3-cü bəndinə əsasən, sığortalının ölməsi və ya onun əlillik alması müqavilə bağlanan ana onkoloji xəstə olması nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir. Lakin təqdim olunmuş tibbi sənədlərə əsasən sığortalıya 05.09.2017-ci il tarixdə, yəni müqavilə bağlandıqdan sonra mədə xərçəngi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. MM-nin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). MM-nin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Həyat sığortası Qaydaları”nın 3.2-ci bəndinə əsasən müqaviləyə görə sığortaçı sığorta hadisənin baş verdiyi halda sığorta təminatının sığortalıya ödənilməsi öhdəliyini götürür. Sığortalı müqavilədə sığorta olunanın öldüyü halda faydalanan şəxsi göstərə bilər. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Qaydaların 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsasdır. Eyni Qaydaların 4.3.4-cü bəndinə əsasən sığortalı onkoloji xəstəliklərdən əziyyət çəkdikdə, onunla sığorta müqaviləsi bağlanmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tibbi sənədlərə əsasən X8 oğlunun vəfat etməsinə səbəb olmuş xəstəlik (mədə xərçəngi) onunla Cavabdeh Sığorta Şirkəti ASC ilə bağlanmış 28.04.2016-cı il tarixli həyat sığortası müqaviləsi bağlanan anadək mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən göründüyü kimi sığortalı X8 oğluna 05.09.2017ci il tarixdə, yəni müqavilə bağlandıqdan sonra mədə xərçəngi diaqnozu qoyulmuşdur. Göründüyü kimi Cavabdeh Sığorta Şirkəti ASC sığortalı X8 oğlu ilə aralarında bağlanmış həyat sığortası müqaviləsinin şərtlərinə əməl etməyərək, yalnız ölüm haqqında tibbi şəhadətnamədə “patoloji prosesin başlanması” qrafasında “2015” rəqəminin qeyd olunmasına istinad edərək müqavilədə nəzərdə tutulmuş sığorta pulunu faydalanan şəxsə (iddiaçıya) ödəməmişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işin əsasının təşkil edən hal barədə X8 oğluna məxsus eyni tarixli, imza və nömrəli ölüm haqqında tibbi şəhadətnamələr arasında uyğunsuzluq vardır. Belə ki, ölüm haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətində X8 oğlunda patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt barədə məlumat yoxdur, digər təsdiq olunmamış surətində isə X8 oğlunda patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt 2015-ci il kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, apellyatorun dəlilini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərardadı ilə iş üzrə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspert qarşısında 01.04.1950-ci il təvəllüdlü, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmuş, 04.10.2017-ci il tarixdə “mədə xərçəngi” xəstəliyindən Şamaxı rayonunda vəfat etmiş X8 oğlunda xəstəliyin patologiyasının əvvəlinin hansı tarixdən müəyyən olunması ilə bağlı sual qoyulmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13n 12 aprel 2021-ci il tarixli, 392/KEŞ saylı rəyinə əsasən 1950-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qararda qarşıya qoyulmuş suala uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 22.08.2017-ci il tarixdə Milli Onkologiya Mərkəzinə müraciət etmiş, aparılmış müvafiq müayinələr və histologi tədqiqatından sonra onda “Mədə xərçəngi, Qaraciyərə metastaz, Parenximatoz sarılıq” diaqnozu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyi ilə də müəyyən olunur ki, sığortalı X8 oğlunun vəfat etməsinə səbəb olmuş xəstəlik (mədə xərçəngi) onunla Cavabdeh Sığorta Şirkəti ASC ilə bağlanmış 28.04.2016cı il tarixli həyat sığortası müqaviləsi bağlanan anadək mövcud olmamışdır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1-ci faydalanan şəxs “xxxx” ASC-yə sığorta ödənişinin ödənilməsindən imtina olunduqdan sonra, mərhum X1 Banka olan borcu iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya mərhələsində təqdim olunmuş “xxxx” ASC-nin məktublarında mərhum X1 Banka olan borcunun tam bağlandığı, lakin müxtəlif vasitələrlə ödəniş olduğu üçün, ödənişlərin məhz İddiaçı tərəfindən aparıldığı barədə məlumat olmadığı qeyd olunmuşdur. Kollegiya hesab edir ki, “xxxx” ASC-nin qeyd olunan cavabı mərhum X1 Banka olan borcunun başqa bir şəxs tərəfindən deyil, məhz İddiaçı tərəfindən həyata keçirilməsini inkar etmir. Məhkəmə iddia tələbinin “2300 (iki min üç yüz) manat dəbbə pulunun, Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq 465,75 (dörd yüz altmış beş manat, 75 qəpik) manat faizin tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd olunan məbləğlərin hesablanma qaydası göstərilməmişdir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 400 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 2300 (iki min üç yüz) manat sığorta ödənişi, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi xidmətə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3030 (üç min otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd olunanlara əsasən formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmamaqla maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya mərhələsində iddiaçının vəkili 26.01.2021-ci il tarixli, 88 saylı “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə və 26.01.2021-ci il tarixli ödəniş qəbzi təqdim edərək, 149 manat hüquqi yardım haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, hüquqi yardım ilə bağlı 149 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 avqust 2020-ci il tarixli, 2(006)- 2607/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən apellyasiya mərhələsi üçün hüquqi yardıma görə 149 (yüz qırx doqquz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1614/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1614/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver