Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1620/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh Firmasına qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh Firmasına qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2019cu il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş 4900 manat əmək haqqı məbləğinin, əmək haqqının gecikdirilməsinə görə 06.11.2020-ci il tarixdən hesablanmaqla hər gecikdirilmiş günə görə (101 gün) 49 manat olmaqla, cəmi 4949 manat faiz məbləğinin, ümumilikdə 9849 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2111 manat məbləğində pulun Cavabdeh Firmasından alınaraq iddiaçı X2 ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 6 manatının Cavabdeh Firmasından tutularaq dövlət gəlirinə alınması və iddianın digər hissəsində rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2460/2021 saylı, 06 dekabr 2021-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçı X1 Cavabdeh Firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası “əmək haqqının gecikdirilməsinə görə 06.11.2020-ci il tarixdən hesablanmaqla hər gecikdirilmiş günə görə (101 gün) 49 manat olmaqla, cəmi 4949 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin iş materiallarından görünür ki, Cavabdeh Firması tərəfindən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini və ya onun qanunvericiliyə müvafiq olaraq dövlət rüsumunu ödəməkdən azad edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinə lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Göründüyü kimi Cavabdeh Firması tərəfindən qətnamədən apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilməli olduğu halda, ödənilməmişdir. Bununla yanaşı Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, “bu ödəniş rüsumdan azaddır - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi həmin maddədə məhz iddiaçıların - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödənilməsindən azad edilməsi qeyd edilmişdir, hazırki iş üzrə apellyasiya şikayəti isə iddiaçı deyil, Cavabdeh Firması tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh Firmasına qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2460/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1620/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1620/2022
17.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver