Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1628/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinanın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3555/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı “valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın üzərində valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, o cümlədən, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Böyük Britaniya və Şirmali İrlandiya Krallığının vətəndaşıdır, həmçinin Moldova Respublikasında daimi yaşamaq hüququ və daimi yaşayış ünvanı vardır. İddiaçının Moldova Respublikasının vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterina (təvəllüd: 06.10.1987, pasport ABO127401, keçmiş soyadı Lungu) ilə vətəndaş nikahından qızı Almaree Malika (doğum tarixi 18.08.2014-cu il) anadan olmuşdur. Almaree Malika həm Moldova Respublikasının, həm də Böyük Britaniya və Şimali İrlandiya Krallığının vətəndaşıdır və ona Moldova Respublikasının AB0952250 nömrəli, həmçinin Böyük Britaniya və Şirmali İrlandiya Krallığının GBR ********* nömrəli pasportu verilmişdir. İddiaçının Kişinyov Apellyasiya Palatasının 02 aprel 2019-cu il tarixli 2a-4381/18 02-2a-25***-*******8 saylı Qətnaməsi ilə qızı Almaree Malikanın yaşayış yerinin müəyyən edilməsinə dair iddiası təmin edilərək, uşağın yaşayış yeri kimi iddiaçının Moldova Respublikası, Kişinyov Bələdiyyəsi Akademik Natalia Georgiu küçəsi 32/2 ünvanı müəyyən edilmişdir. Moldova Ali Məhkəmə Palatasının Mülki, Kommersiya və İnzibati işlər üzrə Kollegiyasının 14 avqust 2020-ci il tarixli iş No. 2ra- 825/20 saylı Qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar Kişinyov Apellyasiya Palatası tərəfindən verilmiş İcra vərəqəsi ilə Almaree Malikanın iddiaçının birbaşa razılığı olmadan cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinanın müşayiəti ilə Moldova Respublikası ərazisini tərk etməsi qadağan olunmuşdur. Ukrayna Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının vəkilinə təqdim edilmiş 18.02.2020-ci il tarixli cavabdan görünür ki, Almaree Malika anası Hasan Ecaterina tərəfindən bunu qadağan edən məhkəmə qərarının tələbini pozaraq, Moldova Respublikasının ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikası tərəfindən tanınmayan separatçı Dnestryanı Moldova Respublikası Kuçurqan və Mayaki-Udobne sərhəd buraxılış məntəqəsindən istifadə etməklə sərhəddən Ukrayna ərazisinə, oradan isə Azərbaycan Respublikası ərazisinə keçirilmişdir. Həmin cavabdan həmçinin görünür ki, Almaree Malika Moldova Respublikasının AB0406628 nömrəli pasportundan istifadə edilməklə, Moldova Respublikasının AAO127401 nömrəli pasportundan istifadə edən anasının müşayiəti ilə sərhədi keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq 15.10.2020-ci il tarixli, №33/26 l/A2332 saylı məktubla bildirilmişdir ki: “Moldova vətəndaşı Cavabdeh Almaree Malika ilə birgə 21.02.2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə daxil olmuşlar və hazıradək ölkəni tərk etməyiblər.” Hal-hazırda cavabdeh yetkinlik yaşına çatmamış uşaqları Almaree Malikanı İddiaçıdan gizlədir, iddiaçı qızı ilə nə telefon vasitəsilə ünsiyyətdə ola bilir, nə də ki, əyani şəkildə görüşə bilir. Tərəflərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 23.02.2021-ci il tarixli, 624 nömrəli vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, “18.08.2014 təvəllüdlü Almaree Malika Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən 25.03.2020-ci il tarixindən 01.03.2021-ci il tarixinə qədər XXİ Əsr Beynəlxalq Təhsil Kompleksində təhsil almış, 02.03.2021-ci il tarixindən etibarən isə Bakı şəhəri 6 saylı tam orta məktəb-liseyində təhsilini davam etdirir.” Tərəflərindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 30.03.2021-ci il tarixli, 645 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Moldova Respublikasının vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterina ünvan 1 ünvanda qeydiyyatdadır, müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı müraciət etmiş və onun Azərbaycan Respublikasında etibarlılıq tarixi 23.07.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq icazəsi vardır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin uşağı iddiaçıdan gizlətməsi nəticəsində iddiaçı uşağın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə iştirak edə bilmir, bu da öz növbəsində onların yetkinlik yaşma çatmamış uşaqları Almaree Malikanın hüquqlarına təsir edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq Konvensiyalarda, müqavilələrdə, eləcə də daxili qanunvericiliyin tələblərinə görə, cavabdehin uşağı gizlətməsi nəticəsində iddiaçının valideynlik hüquqlarının həyata keçirilməsində yaranmış maneələr aradan qaldırılmalı və iddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququ təmin edilməlidir. Uşağın normal psixoloji inkişafı üçün davamlı sosial mühitin olması, hər iki valideynin qayğısı, onların uşağın tərbiyəsində birgə iştirakı vacibdir. Atanın uşağı ilə ünsiyyətinə qadağa qoyulması onun bir valideyn kimi qanunda nəzərdə tutulan hüquqlarının pozulmasına, eləcə də uşağın sabit psixoloji durumunun formalaşmasına, onun stabil inkişafına, psixikasına, təhsil və tərbiyəsinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, iddiaçının övladı ilə ünsiyyət, onun təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququ yalnız onun deyil, həm də uşağın hüquqlarının təmin olunmasına yönəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3555/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı qızının 18 avqust 2014-cü il təvəllüdlü Almare Malikanın təhsili, sağlamlığı və tərbiyəsi ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun təmin edilməsi, iddianin digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırda şikayət verilən qətnaməsinin əsaslandırıcı hissəsində iddia tələbinin qeyri-müəyyən olduğu üçün, bir hissədə rədd edilməsi qənaətinə gəlmişdir.” Məhkəmə qətnaməni qəbul edərkən, bir tərəfdən Ailə Məcəlləsinin 61-cimaddəsinə istinad etmiş, digər tərəfdən isə iddianın bir hissəsinin qeyri-müəyyən olması səbəbindən iddia tələbini qismən təmin etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının iddia tələbi “İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın üzərində valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, o cümlədən, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun təmin edilməsi” olmuşdur. İddia tələbindən göründüyü kimi, iddiaçının bir neçə deyil, ümumilikdə bir tələbi olmuşdur. Belə ki, valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ifadəsindən sonra o cümlədən bağlayıcısı qeyd edilərək, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və.s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun təmin edilməsi ifadəsinin işlənməsi valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ifadəsinin aydınlaşdırılması məqsədi daşımışdır. Məhkəmə qətnaməni qəbul edərkən, iddiaçının övladı ilə ünsiyyət, onun təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun yalnız iddiaçının deyil, həmdə uşağın hüquqlarının təmin olunmasına yönəlmiş olmasını nəzərə almamışdır. Halbuki, həmin hüquqlar da iddia tələbini təşkil edən valideynlik hüququnun həyata keçirilməsinin tərkib hissəsidir və məhkəmənin qeyd etdiyi kimi heç də “qeyri-müəyyən” tələb deyildir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinanın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə iddiaçı mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinələyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3555/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının GBR seriyalı ********* nömrəli pasportunun surətindən görünür ki, Almaree Malika 18.08.2014-cü il tarixində anadan olmuşdur və Birləşmiş Krallığın vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq 15.10.2020-ci il tarixli, №33/26 l/A-2332 saylı məktubdan görünür ki, Moldova vətəndaşı Cavabdeh Almaree Malika ilə birgə 21.02.2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə daxil olmuşlar və hazıradək ölkəni tərk etməyiblər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 23.02.2021-ci il tarixli, 624 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, 18.08.2014 təvəllüdlü Almaree Malika Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən 25.03.2020-ci il tarixindən 01.03.2021-ci il tarixinə qədər XXİ Əsr Beynəlxalq Təhsil Kompleksində təhsil almış, 02.03.2021-ci il tarixindən etibarən isə Bakı şəhəri 6 saylı tam orta məktəb-liseyində təhsilini davam etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 30.03.2021-ci il tarixli, 645 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Moldova Respublikasının vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterina ünvan 1 ünvanda qeydiyyatdadır, müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı müraciət etmiş və onun Azərbaycan Respublikasında etibarlılıq tarixi 23.07.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq icazəsi vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 30.07.2021-ci il tarixli, 2/683 nömrəli rəydən görünür ki, İddiaçı azyaşlı övladı – 18 avqust 2014-cü il təvəllüdlü Almaree Malika üzərində valideyinlik hüquqlarının həyata keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3 və 50.2-50.5-ci maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 58-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 61-ci maddəsinə müvafiq olaraq uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Həmin Konvensiyanın 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynləri daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı Qərarda qeyd edilir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir. Bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Belə ki, hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın üzərində valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, o cümlədən, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçının qızı 18 avqust 2014-cü il təvəllüdlü Almare Malikanın təhsili, sağlamlığı və tərbiyəsi ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnu təmin etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində uşağın təhsili, sağlamlığı və tərbiyəsi ilə bağlı məsələrdə iştirakının maneəsiz həyata keçirilməsini konkret olaraq göstərmiş olsa da, valideyn kimi digər hüquqlarının nədə ifadə olunmasını ümumiyyətlə qeyd etməmiş, qanunvericilikdə ümumi anlayış olaraq valideynlik hüquqlarının o cümlədən və.s kimi ifadələrdən istifadə etməklə qeyri-müəyyən formada tələb qoymuşdur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilərlinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbində hər hansı qeyri-müəyyənliyin olmadığını qeyd etsə də, yuxarıda qeyd olunanlar bunun əksini göstərir. Ona görə də, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3555/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3555/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1628/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1628/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver