Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1632/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Mövlud oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya verilməli olan 4.400 manat sığorta ödənişinin qalan hissəsi, yəni 1.650 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 1.650 manat sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya verilsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı hərbi qulluqçu olmuş, 08.10.2013-cü il tarixdə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərxis oldunuqdan sonra iddiaçıya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən 2.750 manat sığorta ödənişi verilmişdir.12.06.2018-ci il tarixdə iddiaçıya 3-cü qrup əlillik təyin olunmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndində isə müəyyən edilib ki, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda 3-ci qrup əlillər üçün sığorta məbləğinin 40 faizi miqdarında sığorta ödənişi verilir. Hal-hazırda iddiaçı 3-cü qrup əlil kimi ona verilməli olan sığorta ödənişinin 40 faizinin (yəni 4.400 manatın) qalan hissəsinin (yəni 1.650 manatın) ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh sığorta ödənişini verməkdən imtina edir. İmtinanı onunla əsaslandırır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə görə xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona müvafiq faiz məbləğində sığorta ödənişi verilir. İddiaçı 22.05.2013-cü ildə xidmətdən buraxılmış, əlillik isə bundan 4 il sonra – 12.06.2018-ci ildə müəyyən edilmişdir, ona görə də sığorta ödənişi verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı 3-cü qrup əlil kimi 4.400 manat sığorta ödənişi almaq hüququna malikdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində “3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” deyiləndə əlilliyə əsas olan vəziyyətin 3 il ərzində yaranması nəzərdə tutulub. Belə ki, əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra müəyyən olunubsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən (əlil olan şəxsin “əlil statusu almaq hüququndan məlumatsız olması, əlilliyi təyin etməli olan vəzifəli şəxsin hərəkətsizliyi və s.) 3 ildən sonra müəyyən oluna bilər. İddiaçının əlilliyinə əsas olan vəziyyət hərbi xidmət dövründə yaranmışdır. TSEK-nın arayışında əlilliyin səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi göstərilib. Ona görə də 3-cü qrup əlilliyin nə zaman müəyyən edilməsindən asılı olmayaraq iddiaçı 4.400 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Həmin məbləğin qalan hissəsi – 1.650 manat iddiaçıya ödənilməlidir. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1632/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1632/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver