Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1640/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin və onların nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2020-ci il tarixli qətnamədən (23.10.2020-ci il tarixli yanlışlıq barədə qərardad nəzərə alınmaqla) iddiaçı və cavabdeh QSC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Banka qarşı dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Bank arasında bağlanmış müqavilələr üzrə öhdəliklərinin və onların nəticələrinin ləğv edilməsini, Bank tərəfindən əsassız tələb olunan borc məbləğləri üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.10.2020-ci il tarixli qətnamə (23.10.2020-ci il tarixli yanlışlıq barədə qərardad nəzərə alınmaqla) ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış “Kredit xəttinin açılması barədə müqavilənin”, bu müqavilə əsasında bağlanmış “Razılaşma” və “Sazişlər” əsasında 09.06.2016-cı il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 37.822 ABŞ dolları məbləği, 20.04.2015-ci il tarixdə **********43 nömrəli hesab üzrə verilmiş 94.900 ABŞ dolları məbləği, 22.01.2015-ci il tarixdə **********53 nömrəli hesab üzrə verilmiş 60.000 manat məbləği, 28.08.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 359.500 manat məbləği, 07.07.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 10.000 manat məbləği, 05.07.2014-cü il tarixdə ******* nömrəli hesab üzrə verilmiş 500 manat məbləği, 27.06.2014-cü il tarixdə **********52 nömrəli hesab üzrə verilmiş 40.000 manat məbləği, 14.05.2014-cü il tarixdə **********02 nömrəli hesab üzrə verilmiş 360.000 manat məbləği, 03.06.2013-cü il tarixdə **********51 nömrəli hesab üzrə verilmiş 19.000 manat məbləğlər üzrə, habelə **********53 nömrəli hesab üzrə 21.01.2015-ci il tarixdə verilmiş 60.000 manat, **********59 nömrəli hesab üzrə 25.06.2015-ci il tarixdə verilmiş 40.000 manat, **********63 nömrəli hesab üzrə 08.07.2015-ci il tarixdə verilmiş 10.000 manat, **********61 nömrəli hesab üzrə 27.04.2015-ci il tarixdə verilmiş 40.000 ABŞ dolları, **********28 nömrəli hesab üzrə 28.04.2015-ci il tarixdə verilmiş 54.900 ABŞ dolları, **********98 nömrəli hesab üzrə 07.05.2015-ci il tarixdə verilmiş 62.000 ABŞ dolları, **********28 nömrəli hesab üzrə 28.04.2015-ci il tarixdə verilmiş 54 900 ABŞ dolları, **********52 nömrəli hesab üzrə 08.05.2015-ci il tarixdə verilmiş 81.000 ABŞ dolları məbləğlər üzrə iddiaçının öhdəliklərinə xitam verilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 724 manatın iddiaçıdan və cavabdeh Bankdan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İddiaçı və cavabdeh QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə tərəflər arasında yaranmış mübahisə iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış “Kredit xəttinin açılması barədə müqavilədən” və onun əsasında bağlanmış “Razılaşma” və “Sazişlərdən” qaynaqlanır. Qeyd olunan müqavilədən, razılaşma və sazişlərdən görünür ki, iddiaçıya verilmiş kredit məbləğləri iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, maliyyə imkanlarını genişləndirmək məqsədi ilə verilmişdir. İddiaçı həmin müqaviləni, razılaşma və sazişləri fərdi sahibkar kimi bağlamışdır. “İnternet vergi İdarəsindən” götürülmüş məlumatdan da görünür ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs olan iddiaçi həmin müqaviləni hüquqi şəxs olan cavabdeh Bank ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlamışdır. Məhkəmə bildirir ki, iddiaçının cavabdeh Banka qarşı irəli sürdüyü iddiası 08.04.2019-cu il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 01.01.2020-ci il tarixədək qüvvədə olmuş “Mübahisələrin inzibati-iqtisadi məhkəmələrinə aidiyyəti” adlı 26cı maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir (maddə 26.1.). MPM-nin “Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti” adlı 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edilən bu prosessual hüquq normalarının tələblərindən yuxarıda qeyd edilənlərə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman hazırki işə mülki mühakimə icraatı qaydasında baxıla bilməzdi; bu iddia ərizəsinə predmet aidiyyəti üzrə müvafiq inzibati-iqtisadi məhkəməsində iqtisadi mühakimə icraatı çərçivəsində baxılmalı idi. Lakin qeyd edilən bu hal Rayon Məhkəməsinin diqqətindən yayınmış, Rayon Məhkəməsi ona aid olmayan iddianı icraata götürərək ona mahiyyəti üzrə baxmışdır. MPM-nin 387.2.1-ci maddəsinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa iş üzrə iş üzrə qəbul edilmiş qətnamə, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və işə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki MPM-nin hazırda qüvvədə olan 26-cı maddəsinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göstərilənlərə əsasən və MPM-nin 261 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktayabr 2020-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilə öhdəlikləri və onun nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasına məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1640/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1640/2021
24.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver