Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1642/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)-5042/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(010)- 3542/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə X4 arasında bağlanmış 04 may 2024cü il tarixli, MŞB/18/2024-00417 nömrəli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi qət edilmişdir:
1. Tərəflər onlar arasında 03 yanvar 2023-cü il tarixdə 07 nömrəli reyestr qeydi ilə 5 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar.
2. İİ Tərəf onların birgə nikahından doğulmuş 19 mart 2024-cü il təvəllüdlü X1 (bundan sonra uşağın) İ Tərəfin yanında qalmasına razılıq verir.
3. İİ Tərəf uşağın saxlanılması üçün may 2024-cü il tarixdən başlayaraq, hər ayın 19-dan 30-a qədər 200 manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.
4. İ Tərəf ananın iştirakı ilə uşağın baba – Cavabdeh1, nənə - Cavabdeh2 və ata – X4 ilə hər həftənin bazar günləri, saat 15:00-dan 17:00-a qədər uşağın sağlamlığına və təhsilinə zərər vurmamaq şərtilə ünsiyyətinə razıdır.
5. İlkin mediasiya xərci (60 manat) İ Tərəf və tam mediasiya xərcini (110 manat) İİ tərəf ödəyir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(010)- 3095/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə X4 arasında bağlınmış nikahın pozulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 100 manat və Cavabdeh2 100 manat olmaqla, müştərək qaydada ümumilikdə 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
4. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh X4 alimenti ödəmir və səbəb olaraq hərbi xidmətdə olduğu göstərilir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)- 5042/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
6. Qətnamə onunla əsaslandırılmışdır ki, qanunverici yetkinlik yaşına çatmayan nəvələr üçün baba və nənədən alimentin tutulmasını hər üç şərtin eyni zamanda mövcud olması zamanı yolverilən hesab etmişdir: 1) yetkinlik yaşına çatmayanın maddi yardıma ehtiyacı olması 2) onların öz valideynlərindən maddi yardım ala bilməməsi 3) baba və nənənin zəruri vəsaitə malik olması. Hazırda iddiaçı Mahmudzadə Əkrəmin alimenti ödəməməsini, bunun səbəbinin Əkrəmin hərbi xidmətdə olması ilə əsaslandırsa da bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunla istənilən nənə-babadan yox, nəvələrinin saxlanması üçün zəruri vəsaitə malik olan nənə-babadan aliment tutulması müəyyən edilmişdir. İddiaçının keçmiş əri ilə birgə nikah münasibətlərindən doğulmuş uşağın saxlanılması ilə bağlı aliment öhdəliklərinin cavabdehlərin üzərinə qoyulması üçün digər hallarla yanaşı, həmçinin sonuncuların zəruri vəsaitə malik olmalarını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı nə iddia ərizəsinə əlavə etdiyi sübutlar siyahısına bu halları təsdiq edən sənəndləri əlavə etmiş, nə də iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməyərək tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə heç bir araşdırma aparmayaraq qanunlara məhəl qoymaraq qərəzli qətnamə qəbul olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X7 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
13. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq, 19 mart 2024-cü il təvəllüdlü nəvələri X1 hər həftənin şənbə və bazar günləri saat 15-dən sonra bir-iki saatlıq onların hərtərəfli şəraiti olan evində onlarla olması və məhkəmənin müəyyən etdiyi qaydada onların nəvələri ilə öz evlərində ünsiyyətdə olmasına mane olmamağın cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Baba məhkəmədə izahatında qeyd etmişdir ki, Mahmudzadə (Zöhrabova) Fəxriyyə Rəşid qızı ilə onların oğlu X4 5 yanvar 2023-cü il tarixdə nikaha daxil olmuş və 6 yanvar 2024-cü il tarixdə ailə idarəçiliyində fikir ayrılığına görə faktiki ayrılmışlar. Onların birgə nikahından 19 mart 2024-cü il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. Hazırda cavabdeh tərəf onların (ata, baba və nənə) uşaqla görüşməsinə əngəl yaradır. Nəvənin maddi cəhətdən təmin olunması və ümumiyyətlə bütün qayğılarına öz köməklərini etmək istəyirlər. Nəvələri ilə ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək və vətənə layiq vətəndaş kimi formalaşmasında cənab Prezidentin uğurlu və səmərəli Dövlət İdarəçiliyində fəal gənc kimi töhfə verə bilməsi üçün nəzarətlərində saxlamaq istəyirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3827/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Baba) Cavabdeh1 və Cavabdeh2 nəvələri 19 mart 2024-cü il təvəllüdlü X5 ilə iddiaçılara məxsus evdə hər həftənin şənbə və bazar günləri saat 15.00-dan saat 17.00-a dək cavabdeh İddiaçı iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilmişdir. Cavabdeh1 ünsiyyət tələbinə dair məhkəmə iclasında nəvənin maddi cəhətdən təmin olunması və ümumiyyətlə bütün qayğılarına öz köməklərini etmək istədiklərini qeyd etmiş lakin (Baba) Cavabdeh1 aliment tələbinə dair məhkəmə iclasında bildirmişdir ki, əgər uşaqların atası varsa, o və həyat yoldaşı uşaqların saxlanılması üçün hər hansı cavabdehlik daşımır. Oğlu hazırda müddətli həqiqi hərbi xidmətdədir.Hesab edirəm ki ünsiyyət hüququ tələb edən nənə və baba nəvələrinin saxlanması üçün aliment ödəməlidir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
18. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, apellyasiya şikayətndə dəlil olaraq “Məhkəmə heç bir araşdırma aparmayaraq qanunlara məhəl qoymaraq qərəzli qətnamə qəbul olmuşdur.” cümləsinə istinad olunmuş, ümumi normalar sadalanaraq heç bir əsaslanırma aparılmamışdır.
19. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İşin hallarına birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
20. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən nə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim olunmamış və apellyasiya şikayətinə də əlavə olunmamışdır. Əksinə Cavabdeh1 tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, 28 fevral 2025-ci il, 02 aprel 2025-ci il və 19 aprel 2025-ci il tarixlərində hər dəfə 200 manat olmaqla, 600 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu xüsusat onu təsdiq edir ki, nənə və babadan alimentin tutulması üçün “öz valideynlərindən maddi yardım ala bilməmə” halı da mövcud deyildir.
21. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin 1 il müddətinə həqiqi hərbi xidmətdə olması “uşağın öz valideynindən maddi yardım ala bilməməsi” kimi qiymətləndirilə bilməz. Belə ki, hər ay ödənilməli olan məbləği ödəmək vəzifəsi sazişə və qüvvədə olan məhkəmə aktına əsasən istənilən halda uşağın atasının üzərindədir. Hazırkı iddia təmin olunduğu təqdirdə belə ödənilən məbləğin əvvəlki icra sənədi üzrə uşağın atası tərəfindən ödəniləcək məbləğdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamış və belə bir mexanizim müəyyən olunmamışdır.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)- 5042/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)- 5042/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.