Məhkəmə qərarları › İş №2(103)-1656/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1656/2022

14.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1656/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçın nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4585/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət dərək İddiaçı MMC ilə bağlanmış 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyətə düşdüyü 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulunun ümumilikdə 9709,08 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır kı, "Azərmaş” MMC ilə X6 arasında bağlanmış 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq" müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180255 ban nömrəli ağ rəngli avtomobil 13700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18975 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18975 manatın 13700 manatı əsas məbləği təşkil edir. 09 yanvar 2020-ci il tarixdə X6, X9 və İddiaçı MMC arasında MAS-1001 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 06 iyul 2019-cu il tarixli MAS-1001 saylı “Daxili lizinq" müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 21 yanvar 2020-ci il tarixdə X9, Cavabdeh və İddiaçı MMC arasında MAS- 1001 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 06 iyul 2019- cu il tarixli MAS- 1001 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, 90-PF799 dövlət qeydiyyat nişanlı avtomobil 31 yanvar 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 yanvar 2021-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulu ümumilikdə, 9709,08 manat borcu yaranmışdır. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4585/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə dair vəsatət verilməsinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməmiş, nəticə etibarilə iddia tələbində qeyd edilən məbləğ müzakirə olunmadan tələb edilən həcmdə tam olaraq təmin edilmişdir. Halbuki, mübahisə predmeti olan avtomaşın üzrə Cavabdeh 2 ildə maşın üzrə öhdəlik götürən 3-cü şəxs olmuş və sayca 3-cü cədvəl həmin maşınla bağlı iddiaçı tərəfindən tərtib edilmişdir. Cavabdeh avtomaşın təhvil verilərkən hüquqların ötürulməsi barədə müqavilədə, eləcə də müqaviləyə əlavə edilən cədvəldə hansı məbləğdə öhdəlik götürməsi, özündən əvvəlki maşın sahibləri tərəfindən hansı məbləğdə pul ödənilməsi, qalıq pul məbləğinin 21.01.2020-ci il tarixə hansı məbləği təşkil etməsi, eləcə də 06.07.2019-cu ildən maşın üzrə kreditin daxili lizinq müqaviləsi üzrə 10010 manat olmasına baxmayaraq, əvvəlki ödəyici X6 və ondan sonra X4 tərəfindən 06.07.2019-cu ildən 21.01.2020-ci il tarixə kimi aylar üzrə çoxsaylı ödəmələr etməsinə baxmayaraq 21.01.2020-ci il tarixə yenə də kredit borcu 10010 manat olması iş üzrə ciddi ziddiyyətli hal olmaqla yanaşı, xüsusi bilik tələb edən mütəxəssis tərəfindən avtomobilə görə olan borc məbləğinin müəyyən edilməsi zərurəti yaratsa da məhkəmə əsaslı olan vəsatəti təmin etməməklə, məhkəmə müdafiə hüququnu pozmuşdur. İş üzrə Cavabdeh olmamasına, avtomaşın onun idarəetməsi nəticəsində deyil, oğlunun idarəetməsi nəticəsində qəzaya düşməsinə, Cavabdehla daxili lizinq müqaviləsi bağlanmamasına və həmin müqavilənin subyekti olmamasına baxmayaraq, məhkəmə onu əsl cavabdehlə əvəz etmə barədə vəsatəti təmin etmədən onu cavabdeh hesab etmiş, onunla bağlanmamış bir lizinq müqaviləsinə xitam verilməsi barədə iddia tələbini təmin etmişdir. Halbuki daxili lizinq müqaviləsi X6 ilə bağlanmışdır, Cavabdehla isə öhdəliyin ötürülməsi barədə müqavilə notarial qaydada deyil sadə yazılı qaydada bağlanmış və ona hansı məbəğdə öhdəlik ötürülməsi iş materialları ilə müəyyən edilməmişdir. Ümumiyyətlə məhkəmədə iddiaçı cavabdehin borcunun müqavilə üzrə öhdəlik ötürülən zaman nə qədər olması, nə qədər hissəsinin ödənilməsi barədə suallara cavab verə bilməmiş, məhkəmə isə öz mülahizəsinə əsasən özü hesablama apararaq tələb edilən məbləği tam olaraq təmin etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etsə də bildirdi ki, borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur, hər ay 100-200 manat ödəyəcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC lizinq obyekti qismində “Khazar Peugeot” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 müəyyən haqq müqabilində sahiblik və istifadəyə vermişdir. X6 lizinq obyekti olan “Khazar Peugeot” markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmiş, istifadəsi müqabilində lizinq verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra öhdəliklərin ötürülməsi müqavilələri ilə lizinq müqaviləsi üzrə öhdəliklər tam olaraq X7, sonradan isə Cavabdeh ötürülmüşdür. 31.01.2021-ci il tarixdə X5 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “Khazar Peugeot” markalı, 90- PF799 dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Həmin tarixdən sonra lizinq alan tərəfindən lizinq ödənişləri ödənilməmişdir. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə 31.01.2021-ci il tarixinə qalan borcu və lizinq müqaviləsinin ləğvini tələb edir. Daxili lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq alan lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Lizinq alan Cavabdeh istifadəsində olan lizinq obyekti olan “Khazar Peugeot” markalı avtomobil 31.01.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı tam yararsız hala düşmüşdür. Tərəflərin razılaşmasına görə avtomobil tam yararsız vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləğini isə məhv olma anına ödəməlidir və ya analoji əmlakı lizinq verənin mülkiyyətinə rəsmiləşdirməlidir. Cavabdeh isə qeyd olunan öhdəliyini icra etməmişdir. Bu səbəbdən iddiaçı 31 yanvar 2021-ci il tarixə 9600,28 manat əsas, 108,80 manat gecikdirilmiş mükafat pulu olmaqla, ümumilikdə 9709,08 manat borcu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin bildirir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.1-ci bəndinə əsasən, lizinq obyektini öz vəsaiti hesabına lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talan edilmə və oğurlanma risklərindən müqavilə müddəti başa çatanadək sığortalamaq lizinq alanın, yəni cavabdehin vəzifəsidir. Məhkəmə iddia tələbinin lizinq müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə dair vəsatətin təmin edilməməsinə dair məhkəmənin qənaəti düzgün olmuşdur. Həmin vəsatət əsassız olmuşdur. Çünki, cavabdeh bu barədə, yəni lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməsinə dair heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh 2 ildə avtomobil üzrə öhdəlik götürən 3-cü şəxs olsa da və sayca 3-cü ödəniş cədvəli həmin avtomobillə bağlı iddiaçı tərəfindən tərtib edilsə də bu hallar şikayətin əsaslılığı baxımından heç nəyi dəyişmir. Çünki, istər lizinq müqaviləsi, istərsə də öhdəliklərin ötürülməsi barədə müqavilələr qanunvericiliyə uyğun və tərəflərin könüllü iradə ifadəsi əsasında bağlanmışdır. Cavabdeh də öhdəliklərin ötürülməsi barədə müqaviləni bağlayarkən daxili lizinq müqailəsi və ödəniş cədvəli ilə tanış olduqdan sonra bu müqaviləni imzalamışdır. Öhdəliklərin ötürülməsi müqaviləsində lizinq müqaviləsi üzrə hansı müddətdə, şərtlərlə və qaydada iddiaçının qarşısında öhdəlik götürməsini dəqiq bilirdi. Əvvəlki lizinq alan şəxslərin də lizinq müqaviləsi üzrə etdiyi ödənişlərin hazırki iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, cavabdeh öhdəliklərin ötürülməsi müqaviləsini imzalayan zaman həmin vaxta qədər lizinq müqaviləsi üzrə öhdəliyi ötürən şəxslər tərəfindən hansı məbləğdə ödəniş edildiyini və nə qədər məbləğin qaldığını, müqavilə bağladığı və avtomobil ona təhvil verildiyi andan isə hər ay və yekun olaraq özünün hansı məbləğdə ödəniş etməli olduğunu dəqiq bilirdi. Çünki, lizinq müqaviləsində və ödəniş cədvəlində bunlar konkret göstərilmişdir. Əks halda, cavabdeh ümumiyyətlə müqaviləni bağlamazdı. Cavabdeh 21.01.2020-ci il tarixə ödənişin hansı məbləği təşkil etməsini ödəniş cədvəlindən görməyə bilməzdi. 06.07.2019-cu ildə lizinq müqaviləsi üzrə ödənilməli məbləğ 10010 manat deyil, 13498,78 manat olmuş, ona görə də 21.01.2020-ci il tarixdə isə qalan məbləğ 10010 manat təşkil edə bilməzdi. Cavabdehin bu cür ziddiyyətli dəlillərdən istifadə etməsi isə mühasibatlıq ekspertizasının keçirilməsinə əsas vermir. Yəni, bu dəlilləri yalnız şikayət xatirinə səsləndirmək əsaslı ola və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə əsas vermir. Başqa sözlə buna zərurət və əsas olması da işdən görünmür. Çünki, iddia tələbində göstərilən lizinq ödənişinin məbləği işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Apellyasiya şikayətinin digər dəlili olan lizinq müqaviləsi bağlamadığı üçün əsl cavabdeh ola bilməməsi də cavabdehin məsuliyyətdən yayınmaq üçün növbəti əsassız arqumenti olmuşdur. Çünki, öhdəliklərin ötürülməsi müqaviləsini bağlamaqla əslində lizinq müqaviləsini bağlamış olur və lizinq müqaviləsində nəzərdə tutulmuş şərtlər üzrə üzərinə öhdəlik götürmüşdür. Apellyasiya baxışı zamanı verdiyi izahatından bəlli olur ki, əslində cavabdehin şikayət verməkdə məqsədi qət olunan məbləğin hissə-hissə ödənilməsinə nail olmaq olmuşdur. Lakin bu məsələ qətnamə ilə deyil, qətnamənin icrası qaydasında həll edilməli məsələ olduğundan apellyasiya şikayətinin əsaslılığına da heç bir təsir etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4585/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar