Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-166/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə və işdən çıxma müavinətlərinə görə ödənilməli olan pulun tutulması tələbi barədə iddiasına” dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-də işlədiyi müddətdə, yəni 2008-2020-ci illər ərzində istifadə etmədiyi əsas məzuniyyətlərinə görə və işdən azad olunan zaman MMC tərəfindən ona ödənilməmiş pul məbləğinin hesablanaraq cavabdeh MMC-dən və ya MMC-nin hüquqi varisindən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 il əmək stajına malikdir. İddiaçı, cavabdeh MMC-də 04.05.2016-cı il tarixdən 14.01.2020-ci il tarixədək işləmişdir. Cavabdeh MMC-də işlədiyi müddətdə, yəni 2008-2020-ci illər ərzində iddiaçı əmək məzuniyyətindən istifadə etməmişdir. 14.01.2020-ci il tarixdə iddiaçını işdən azad etmiş MMC iddiaçıya işdənçıxma ilə bağlı və istifadə edilməmiş əmək məzuniyyətinə görə müavinətləri ödəməmişdir. İşdən azad edilən zaman iddiaçı heç bir haqq-hesab almamışdır. Bu barədə iddiaçı 03.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər (karantin) ilə əlaqədar olaraq müraciətə baxmaq mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, son-haqq hesab olaraq 1.313,09 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı cavabdeh MMC-də 18 il işləyib. Həmin illər ərzində iddiaçıya əmək məzuniyyətinə görə müavinət ödənilməyib. İddiaçının orta aylıq əmək haqqı təxminən 600 manat təşkil edib. Həmin məbləği əsas götürülərsə onda müəyyən edilir ki, 18 ilə görə iddiaçıya daha yüksək məbləğdə müavinət ödənilməli idi. Daha sonra apellyasiya şikayətində qeyd edilir ki, cavabdeh MMC, onunla iddiaçı arasında bağlanmış "xxxx" xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 77-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, MMC tərəfindən iddiaçıya 1.763.09 manat məbləğində son haqq-hesab hesablanmış və həmin məbləğdən 450 manat edilmişdir. İddiaçı qalan məbləği qəbul etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, ona 5.000 manat məbləğində son haqq-hesab ödənilməlidir. İddiaçının apellyasiya şikayəti əsassızıdır. Buna görə də, o, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh MMC ilə iddiaçı arasında 04.05.2016-cı il tarixdə bağlanmış “Əmək müqaviləsindən” görünür ki, iddiaçı, aylıq əmək haqqı 150 manat məbləğində olmaq şərti ilə MMC-yə kəsici vəzifəsinə, peşəsinə təyin edilmişdir. İddiaçının adına olan “Əmək kitabçasından” görünür ki, iddiaçı, 25.08.2008-ci il tarixdə "xxxx" LTD MMC-yə işə 5-ci dərəcə qaynaqçı, kəsici vəzifəsinə qəbul olunmuş, 01.05.2010-cu il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 03.06.2013-cü il tarixdə, iddiaçı, "xxxx" LTD MMC-yə kəsici vəzifəsinə qəbul edilmiş, 10.12.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. 04.05.2016-cı il tarixdə iddiaçı Cavabdeh MMC-yə qazla kəsici vəzifəsinə qəbul olunmuş və 14.01.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçının işdən azad olunması ilə bağlı MMC tərəfindən tərtib edilmiş “son haqq hesab cədvəlindən” görünür ki, iddiaçıya 1.763.09 manat məbləğində son haqq-hesab hesablanmışdır. İş üzrə tərəflərin verdikləri məlumatlardan müəyyən edilir ki, MMC tərəfindən iddiaçıya cəmi 450 manat məbləğində ödəniş edilmişdir. X3 Xidmətinin Bakı Şəhər İdarəsinin verdiyi “İnzibati tənbeh vermə haqqında” 07.09.2020-ci il tarixli qərarından görünür ki, iddiaçının müraciəti əsasında aparılmış yoxlamanın nəticəsi ilə cavabdeh MMC-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən 1.000 manat məbləğində cərimə olunmuşdur. Həmin İdarənin nümayəndəsi X4 Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçının şikayəti əsasında aparılmış yoxlamanın nəticəsi ilə müəyyən edilmişdir ki, cavabdeh MMC-nin direktorunun hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğunsuzluq olmuş, iddiaçıya hesablanmış 1.763.09 manat məbləğində son haqq-hesab tam deyil, qismən, yəni 450 manat məbləğində ödənilmişdir. Buna görə də, MMC-nin direktoru İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən 1.000 manat məbləğində cərimə olunmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı hesab edir ki, cavabdeh MMC-dən tutulmalı əmək məzuniyyətinə görə müavinət 18 il üçün hesablanmalıdır. Müavinətin məbləği müəyyən edilərkən onun orta aylıq əmək haqqının təxminən 600 manat olması nəzərə alınmalıdır. Bundan başqa, işdənçıxma müavinəti də ödənilməmişdir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında mübahisə doğuran məsələlərdən biri iddiaçının işdənçıxma müavinətinin almaq hüququnun yaranıb-yaranmamasıdır. İddiaçı, apellyasiya şikayətində cavabdeh MMC-nin onun "xxxx" xitam verməkdən ibarət hərəkətini əsassız hesab etsə də, MMC-nin "xxxx" xitam verilməsi barədə müvafiq əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbi irəli sürməmişdir. Belə olan halda, hesab edilməlidir ki, tərəflər arasında əmək müqaviləsinə iddiaçının (işçinin) öz xahişi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçının istinad etdiyi maddi hüquq normaları ilə bağlı Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin mənasına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda qeyd olunan Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, iddiaçının istinad etdiyi maddi hüquq normalarında və ümumiyyətlə Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə işçinin öz xahişi ilə xitam verildiyi halda hər hansı təminat alması nəzərdə tutulmamışdır. Bununla da, Məhkəmə müəyyən edir ki, iddiaçının hazırki halda məhz əmək müqaviləsinin ləğv edilməsinə görə kompensasiya və ya müavinət almaq hüququ istisna edilir. Məhkəmə həmçinin bildirir ki, iddia tələbinə həm də istifadə etmədiyi 18 il üzrə məzuniyyət günlərinə görə pul kompensasiyasının iddiaçıya ödənilməsi daxildir. Məhkəmə bu tələblə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 128-ci maddəsinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var. Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsinə görə, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə görə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məhkəmə qeyd edir ki, müəyyən edilməli məsələ iddiaçının cavabdeh MMC-də neçə il işləməsi və aldığı aylıq əmək haqqının məbləğidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154.). Göründüyü kimi işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, iddiaçı ilə əmək müqaviləsi 04.05.2016-cı il tarixdə bağlanmış və 14.01.2020-ci il tarixdə ləğv olunmuşdur. İddiaçı 18 il müddətində cavabdeh MMC-də işlədiyini bildirsə də, bu hal 18 il üzrə məzuniyyət haqqının ödənilməsi üçün əsas ola bilməz. Çünki iddiaçı ilə cavabdeh MMC arasında həmin illəri əhatə edən əmək müqaviləsi mövcud deyil. Odur ki, iddiaçının “Əmək müqaviləsi” ilə əhatə edilməyən müddət üçün istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmır. Həmçinin işçinin əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilir. Lakin hazırda iddiaçının orta aylıq əmək haqqının təxminən 600 manat təşkil etməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarına əlavə edilmiş 04.05.2016-cı il tarixli "xxxx" əsasən iddiaçının aylıq əmək haqqısı 150 manat məbləğində olmuşdur. Eyni zamanda, Məhkəmə bildirir ki, əmək müqaviləsinə xitam verilərkən iddiaçıya son haqq-hesab kimi hesablanan 1.763,09 manat əmək məzuniyyətinə görə ödənilməli olan pul əvəzini ehtiva edir. Həmin məbləğdən 450 manatın cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsini nəzərə alan Rayon Məhkəməsi həmin hissədə iddia tələbini (1.763,09 - 450=) 1.313,09 manat hissədə təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-166/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-166/2022
21.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver