Məhkəmə qərarları › İş №2(103)-1667/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1667/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1667/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21.05.2021-ci il tarixdə mülkiyyətində olan “Hyundai Accent” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkətdə olduğu zaman yol-nəqliyyat hadisəsi baş verdiyini, avtomobilinin rəsmi servisi tərəfindən avtomobilə 965 manat ziyan dəydiyinin təsbit olunduğunu, ziyanın qiymətləndirilməsi üçün 50 manat ödədiyini, lakin ona ziyan vuran sürücünün mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC-nin ziyan məbləğini əsassız olaraq 400 manat hesabladığını irəli sürmüş, buna görə də cavabdehdən 965 manat sığorta ödənişinin əvəzinin, eləcə də 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, "xxxx" ASC-dən 965 (doqquz yüz altmış beş) manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarını pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, mötəbər olmayan olmayan ekspert rəyinə istinad etdiyi, iddiaçının subyektiv hüquq sahibi olmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, X1 olan və sahibinin mülki məsuliyəti "xxxx" ASC-də icbari sığorta edilmiş “Mercedes Benz 320 minik” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının idarə etdiyi “Hyundai Accent” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.05.2021-ci il tarixdə, saat 18:20 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində toqquşmuş, X4 hadisənin baş verməsində təqsirli bilinmiş, “Hyundai Accent” markalı avtomobilin rəsmi servisi olan "xxxx" MMC tərəfindən həmin avtomobilə dəymiş ziyan 965 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC, “Mercedes Benz 320 minik” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən sığortalanmış olduğunu və 21.05.2021-ci il tarixdə sığorta hadisəsinin baş verərək həmin sürücünün təqsirindən iddiaçının avtomobilinə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar "xxxx" ASC-nin irəli sürdüyü arqumentə görə "xxxx" MMC-nin hesabatı və onun əsasında verilmiş ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmamalıdır. Başqa sözlə "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq və birinci instansiya məhkəməsinin "xxxx" ASC-dən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Adı çəkilən Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci üçün təxminən 965 manat tələb olunduğunun müəyyən edildiyini və bu xüsusatı şübhə altına alan heç bir sübutun təqdim olunmadığını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğvi üçün əsas təşkil etmir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, “Hyundai Accent” markalı avtomobilin rəsmi servisi olan "xxxx" MMC də həmin məbləği 965 manat müəyyənləşdirmişdir və bu baxımdan ekspert rəyi işin hallarına uyğun hesab olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5139/2021 saylı iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği "xxxx" ASC-nə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar